MİA

  • 19 792

İnsan azadlığının mexanizminin keçdiyi mərhələlər

image

Azadlığın strukturunun digər bir mühüm səpkisi, onun mexanizminin keçdiyi mərhələlər hesab edilir. Belə prosessual davam edən halda götürdükdə, azadlığın aşağıdakı struktur mərhələlərindən keçdiyi göstərilməlidir: seçim azadlığı, müəyyən qərar qəbul etmə və konkret hərəkət (fəaliyyət).

Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan fazalar daxili məzmun etibarilə yekcins deyildir. Onların hər birinə dərindən yanaşdıqda, müxtəlif tərkib hissələri ilə əhatə olunduqlarını görmək olar. Məsələn, ilk nəzərdə sadə və adi görünən seçim azadlığı bir çox ünsürləri birləşdirir. O, insanın dünyagörüşü, bilikləri, təhsil və şüurluluq səviyyəsi və sair göstəricilər ilə ayrılmaz əlaqədə həyata keçirilir. Sonra azadlığı ifadə edən sərbəst seçim, həm də məqsəd və vasitələr ilə ayrılmaz surətdə bağlıdır. Belə ki, seçim aktını həyata keçirərkən, fərd istər-istəməz öz məqsədini nəzərdə tutmalı olur. Bununla yanaşı, məqsədi reallaşdırmağa yönələn vasitələr də azadlıqla sıx əlaqədardır. Bunu ondan görmək olar ki, insanın öz məqsədinə çatmaq üçün istifadə etdiyi real vasitələr, onun azadlığının çox mühüm ifadəsi və göstəricisidir. Həm məqsəd, həm də ona uyğun vasitələr seçərkən, insan özünün gələcəyigörmə qabiliyyətindən istifadə etməklə, əvvəldə mövcud olmayan nə isə bir yenilik yaratmağa səy göstərir ki, bu, onun azad yaradıcılığı kimi təzahür edir.
Azadlığın qərar qəbuletmə və qərarın yerinə yetirilməsi fazaları da daxilən şaxələnmiş xarakter daşıyır. Həmin anlayışın kompleks tədqiqində bu metodoloji məqam da mütləq nəzərə alınmalıdır.
Deyilənlərlə yanaşı, fəlsəfi ədəbiyyatda azadlığın strukturuna daha ətraflı və çoxsahəli yanaşma praktikası da tətbiq olunur. Bu mövqe azadlığı aşağıdakı dörd mərhələyə ayırır: a) idrak (dərk etmə); b) real əldə olunmuş azadlıq; c) azadlığın reallaşması şərti rolunu oynayan ünsiyyət; ç) azadlığın mənlik şüurunda ifədə olunan mərhələsi.
Fəlsəfə elmləri doktoru Qərib Allahverdiyevin fikrincə, bu bölgü, bütövlükdə, uğurlu hesab edilə bilər. Əvvəla ona görə ki, azadlığın formalaşması və inkişafı prosesinin keçdiyi bütün əsas, mərhələləri dəqiq ifadə edir. Digər tərəfdən, burada, mənlik şüurunun xüsusi pillə kimi seçilib götürülməsi, elmi baxımdan maraq doğurur. Bütün bunlarla yanaşı, sözügedən təsnifatda ünsiyyətin azadlığın xüsusi mərhələsi kimi qeyd olunması fikri ilə razılaşmaq çətindir. Doğrudur, ünsiyyət, azadlığın reallaşması üçün çox mühüm şərtdir, lakin o, azadlığın özünə daxil olmayıb, ondan kənarda çıxış edir. Bu mənada, onu azadlığın daxili struktur mərhəbsinə aid etmək, fikrimizcə, dəqiq deyildir. Digər tərəfdən, ünsiyyət, faktiki olaraq, proses kimi götürülən azadlığın keçdiyi bütün mərhələlərdə özünü göstərir, onların en kəsiyini əhatə edir. Buna görə də, onu yalnız bir pillə kimi təsəvvür etmək həqiqətə uyğun olmazdı.
Yuxarıda qeyd olunan hər bir mərhələ azadlığın ümumi strukturunda çox mühüm funksiyalar yerinə yetirir. Bu baxımdan, onların qısa səciyyəsini vermək məqsədəuyğundur.
Birinci, şərti olaraq, idrakı azadlıq adlandırıla bilər. Onun əsas rolu azadlıq üçün zəruri olan ilkin nəzəri bilik ehtiyatı yaratmaqdır. Bunsuz azadlıq qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, azadlığın mərkəzində duran iradə azadlığı, əslində, işi bilmək əsasında qərar qəbul etmək qabiliyyəti deməkdir. Buradan da aydın olur ki, insan ətraf dünya, sosial həyat, onun konkret tərəfləri haqqında nə dərəcədə geniş və dərin biliklərə malik olursa, onun azadlıq səviyyəsi üçün də bir o qədər geniş imkanlar yaranır. Doğrudur, əsl azadlıq dedikdə, cəmiyyətdə real münasibətlərdə onun praktiki əldə olunmuş səviyyəsi başa düşülür. Bununla yanaşı, azadlıq, həm də ideya və bilikdir, şüur göstəricisidir. Təsadüfi deyildir ki, azadlığın fəaliyyət mexanizmi biliklərdən başlayır. Bu, o deməkdir ki, azadlıqda onun yönəldiyi sahəyə dair obyektiv biliklərin əldə olunması, idrakı tərəf müstəsna dərəcədə böyük yer tutur. O, azadlığın subyekti tərəfindən varlığın müxtəlif tərəfləri və cəmiyyət haqqında elmi biliklər sisteminin necə mənimsədildiyinin göstəricisidir. Buna görə də, insanın hərəkətlərində və fəaliyyətində azadlığın ifadə olunması dərəcəsi, bir çox cəhətdən, onun biliklərə malik olma səviyyəsi, ictimai inkişafın obyektiv qanunlarını necə anlaması və onlara yiyələnmə məharəti ilə müəyyən olunur. Bu, tamamilə qanunauyğundur, çünki insan hər şeydən əvvəl öz fəaliyyətini yönəltmək istədiyi sahə haqqında biliklər əldə etməyə səy göstərir. Bunun əsasında, onda həmin obyekt haqqında müəyyən elmi təsəvvür formalaşır. Həmin təsəvvür müvafiq təfəkkürə arxalanır və özünün azad xarakteri ilə səciyyələnir. Belə təfəkkür azadlığı ümumi azadlığın ilk mühüm pilləsi rolunu oynayır, çünki əsl azadlığın yolu düşüncə və təfəkkür azadlığından başlayır. Azad təfəkkür bu və ya digər subyekt tərəfindən, ümumilikdə, bəşəriyyətin və konkret dövrün idrakı xəzinəsinin, müxtəlif elmi biliklər sisteminin necə mənimsədildiyinin, onun əhatə dairəsi və erudisiyasının çox mühüm göstəricisidir. Qeyd olunan keyfiyyətin formalaşmasında cəmiyyətdə təhsil sisteminin səmərəli təşkili müstəsna əhəmiyyət kəsb edir. Yüksək təhsil səviyyəsinə və geniş dünyagörüşə malik olan insan, öz tələbatları və maraqlarını mütabiq anlayır, qarşısına düzgün məqsəd qoyur və onu reallaşdırmağın səmərəli (yəni düzgün) yollarını və vasitələrini axtarıb tapır. Bütün bunlar isə, azadlıq prosesinin sonrakı struktur pillələri (seçim, qərar qəbulu və onu yerinə yetirmə) üçün əlverişli şəraiti və real imkanları təmin edir və onların işini asanlaşdırır. Vaxtilə Hegel azadlığın əldə edilməsində təfəkkürün və biliklərin müstəsna dərəcədə böyük yer tutduğunu vurğulayaraq yazırdı: "Cahil adam azad deyildir, zira, o özündən yüksəkdə və özünün fövqündəki yabançı bir aləmə qarşı durur və bu aləmdən asılıdır... Hər şeyi bilmək arzusu, fəlsəfi nüfuzetmənin ən ibtidai pilləsindən başlanmış ən yüksək pilləsinədək idraka meyil, yalnız bu, qeyri-azadlıq vəziyyətini aradan qaldırmaq, dünyanı təsəvvürdə və təfəkkürdə qavramaq səylərindən doğur".
Hegelin yüksək dəqiqlik və sərrastlıqla ifadə etdiyi bu fikirdən, belə bir nəticəyə gəlmək olar: həqiqi iradə azadlığı, düşüncə və fikir azadlığı yalnız dünyanı dərk etmək, burada baş verən hadisə və proseslərin səbəblərini əqlin gücü ilə açıb göstərmək, onların gələcəyinin əsas meyilini irəlicədən görmək və idarə etmək qabiliyyəti sayəsində mümkündür. Bununla əlaqədar, qeyd olunmalıdır ki, insan daim öz biliklərini zənginləşdirir. Bu, onu idraki azadlığının yüksəlişinə aparır. İdraki azadlığın artması, öz növbəsində, subyektin intellektual azadlığını və düşüncə azadlığını inkişaf etdirir. Bu prosesdə təhsil və təlimin təkmilləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. Onlarla yanaşı, insanın öz hafizəsini möhkəmləndirməsi və informasiya alma qabiliyyətini inkişaf etdirməsi də çox vacibdir. Bu mənada, göstərilməlidir ki, indi ölkəmizdə aparılan təhsil islahatları gedişində gənclərin bu keyiyyətlərə yiyələnmələr sürətlənir və intellektual azad insanın formalaşması prosesi intensivləşir. Deyilənlərlə yanaşı, bu da nəzərdə tutulmalıdır ki, bütün pillələrdən olan təhsil sisteminin əsas vəzifəsi gənclərə, sadəcə, biliklər və informasiya verməklə kifayətlənə bilməz. Onun bütün pillələrinin başlıca funksiyası insanlara çoxtərəfli biliklər və məlumatlar verməklə yanaşı, onlarda sərbəst düşünmə qabiliyyəti aşılamaqdır. Yalnız bu iki tərəfin həqiqi vəhdəti əsl intellektual azadlığı təmin edir.
İnsanın idrakı azadlığı inkişaf etdikcə, onun təbiət və sosial həyat, özünün burada yeri və rolu haqqında elmi təsəvvürləri dərinləşir, bu isə, onun azadlığının miqyasının genişlənməsinin vacib şərtidir.
İnsanın azadlığı ikinci fazada, yəni azad seçimdə daha aydın üzə çıxır. Sözün əsl mənasında, götürülən azad seçim bununla səciyyələnir ki, o, əvvəlcədən hər hansı çərçivəyə salınmır. Bu halda, insan öz anladığı daxili zərurətə uyğun hərəkət edir. Doğrudur, azad seçimdə bəzən nəticələrin irəlicədən görünməməsi, subyektiv duyğu və istək, fərdin hər şeyi öz motivləri baxımından qiymətləndirməsi özünü göstərir. Lakin bu fakt onun, ümumilikdə, müsbət funksiyalarının əhəmiyyətinin kiçiltmir. Azad seçim, həm də fərdin malik olduğu və əldə rəhbər tutduğu dəyərlər oriyentasiyası ilə, bilavasitə bağlıdır.
Azadlığın ümumi strukturunda seçim azadlığının mühüm rolu bundadır ki, o da həmin prosesin başlanğıc pillələrindəndir. İnsan, azadlığı, ilk öncə, özünün şəxsi hissi kimi, seçim azadlığı kimi qəbul edir. Lakin daxili azadlığın mühüm tərəfi olan seçim elə belə baş vermir. O, insanın şüurunun və iradəsinin, daxili mənəvi göstəricilərinin birgə təsiri ilə həyata keçirilən spesifik proses kimi çıxış edir. Bu, onunla izah edilir ki, fərd, mövcud olan alternativlərdən, məhz birini seçim etməklə, bir növ, özünün gələcək nəzəri və ya praktiki fəaliyyətinin istiqamətini və əsas üfüqlərini cızır.
Azadlığın strukturunda müstəsna yer tutan seçim mərhələsindən danışarkən, göstərilməlidir ki, onun özü bir sıra daxili fazalardan (seçimin irəli sürülməsi, seçim haqqında qərar verilməsi və seçim qərarının yerinə yetirilməsi) keçir. Onların hamısı, ümumilikdə, azadlığın vacib və zəruri tərəfləridir.
Seçim mərhələsinin daxili bölgüsünün müəyyənləşdirilməsi baxımından, yeni kantçılıq cərəyanının görkəmli nümayəndəsi V.Vindelbandın mövqeyi maraq doğurur. Onun fikrincə, sözügedən proses aşağıdakı üç mərhələyə ayrılır: birinci mərhələ subyektin istəyini, onun malik olduğu həvəslər çoxluğunu əhatə edir (onlardan hər biri birbaşa hərəkətə keçə bilər). İkinci mərhələdə həvəslərin qarşılıqlı surətdə bir-birini ləngitməsi, tormozlaması (əngəl yaratması) özünü göstərir ki, bu nəticədə, tarazlığın qərarlaşması ilə başa çatır, yəni seçim məsələsi həll edilir. Üçüncü mərhələdə seçim edilmiş istəyin iradi-impuls əsasında müvafiq real hərəkətə keçməsi özünü göstərir.
Qeyd etmək lazımdır ki, azadlığın çox mühüm səciyyəsini təşkil edən seçim prosesinin daxili təsnifatını verərkən, əsas diqqəti bir-birindən nisbi müstəqil mənada fərqlənən, lakin ümumilikdə, vəhdəti təmin edən tərəflərin müəyyənləşdirilməsinə yönəldilməlidir. Bu baxımdan, psixoloji ədəbiyyatda irəli sürülmüş rəylər diqqəti cəlb edir. Məşhur psixoloq V.M.Teplovun fikrincə, azad seçim prosesi iki mərhələdən (fikri hərəkətlər və faktiki hərəkətlər) keçir. Onların hər birinin daxili strukturuna aşağıdakılar daxildir: hərəkət etməyin zəruriliyinin müzakirəsi, qərar, niyyət, motivlər mübarizəsi, hərəkətin planı və üsulunun seçilməsi, nəhayət, qəbul edilmiş qərarın yerinə yetirilməsi.
Psixoloqların digər qrupu, ümumi mənada, hərəkətin (fəaliyyətin) azad xarakterini şərtləndirən amillər sırasına hərəkətin məqsədi və onun yerinə yetirilməsi şəraitini də əlavə edirlər. Görkəmli psixoloq S.L.Rübinşteyn isə, buraya, həm də subyektin hərəkətə olan tələbatlarını, nəticələrin irəlicədən müəyyən olunmasını və hərəkətin özünün, bilavasitə gedişini də daxil edir.
İnsanın sərbəst seçimi bir çox cəhətdən onun iradəsi və zəkası ilə müəyyən olunur. Bu cəhətə xüsusi önəm verən Aristotel, qeyd edirdi ki, şüurlu seçim ağıldan, təfəkkürdən və mənəvi keyfiyyətlərdən kənarda qeyri-mümkündür.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər