MİA

  • 5 478

Arnold Stepanyan: "Revanşizmlə çox uzağa getmək olmayacaq” - MÜSAHİBƏ

image

“Ermənilər və azərbaycanlılar ortaq bir dil tapsalar, nəinki uşaqlarımız daha yaxşı yaşayacaq, elə bizim də yaxşı yaşamaq üçün vaxtımız olacaq"

Gürcüstanlı politoloq Arnold Stepanyan “Caliber” analitik mərkəzinə müsahibəsində müharibədən sonrakı vəziyyətlə, həmçinin iki ölkənin və iki xalqın münasibətləri və gələcək taleyi ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sizcə, 44 günlük müharibə Ermənistan-Azərbaycan münaqişəsinə son qoydumu?

- Düşünürəm ki, ermənilərlə azərbaycanlılar arasında müharibənin başlanğıcı və sonu bizdən çox asılı deyil. Təəssüf ki, hər iki ölkə daha çox böyük dövlətlərin təsirindədir. Amma əməkdaşlıq üçün stimullar yaradılacağı təqdirdə xalqlarımız arasında sülh üçün daha çox perspektivlər olacaq. Onları nə qədər tez yaratsaq, bizim üçün bir o qədər yaxşıdır. Bu halda gələcəkdə hərbi əməliyyatların yenidən başlamaması ehtimalı daha çox olacaq. Bu təşəbbüslər ticarət, iqtisadi, humanitar, sosial ola bilər. Mühüm olan odur ki, müharibədən sonrakı dövrdə hər iki ölkənin rəhbərliyindən gələn bu siqnallar sözdə deyil, praktikada düzgün istifadə olunsun.

- Ermənilər və azərbaycanlılar sülh şəraitində yaşaya biləcəklərmi? Tarix göstərir ki, onlar yaxşı işlər görə bilirlər və hətta bu, heç də pis alınmır. Bunun üçün nə etmək lazımdır?

- Dünyada bütün xalqlar mehriban yaşaya bilər. Sülh içində yaşaya bilməyən millət yoxdur. Fransa və Almaniya nümunəsi bunu açıq şəkildə sübut edir. Bir çox başqa misal çəkmək olar, xüsusilə də etnik ermənilərin və azərbaycanlıların sülh içində yaşadığı Gürcüstan. Bir-birimizlə dostuq, bir-birimizdən narahatıq və bir-birimizin uğurlarına sevinirik. Buradakı böyük şəkil budur. Əlbəttə ki, istisnalar var, amma ümumi mənzərə aşağıdakı kimidir. Və çox şadam ki, iki Qarabağ müharibəsi aramızda ciddi bir sıxıntı yarada bilmədi. Burada əlimizdə olanı qoruyub saxlamışıq. Hələ də ümumi evliliklərimiz var və aktiv dostuq, azərbaycanlılar arasında çoxlu dostlarım var. Münasibətlərimizdə heç bir problemimiz yoxdur və olmayacaq.

- Ermənistan üçün regional kommunikasiyaların blokdan çıxarılması sərfəlidirmi?

- Deyərdim ki, kommunikasiyaların blokdan çıxarılması hər kəs üçün faydalıdır. Ermənistan, Azərbaycan və ətrafdakı bütün ölkələr üçün faydalıdır, çünki bu halda bölgənin mirvari olmaq şansı çox yüksəkdir. Ən azından bölgə tranzit funksiyaları əldə edə bilər. Təbii ki, bu, dərhal iqtisadi vəziyyətə və heç kimin savaşmaq istəməməsinə müsbət təsir göstərəcək. Sabitlik indeksi artacaq, bölgəyə pul qoyulacaq, çoxlu xarici sərmayələr olacaq, iqtisadi cənnət yaradıla bilər. Bu vəziyyət hər kəs üçün faydalı olmalıdır. Bölgəmizdə bütün ölkələr bir-birinə bağlıdır. Bizim nəsil stress içində yaşayır, bunun səbəbi daimi müharibə gözləməsidir. Və əgər ermənilər və azərbaycanlılar ortaq bir dil tapsalar, nəinki uşaqlarımız daha yaxşı yaşayacaq, həm də bizim də yaxşı yaşamaq üçün vaxtımız olacaq.

- 30 ilə yaxındır ki, Azərbaycanın Qarabağ və ona bitişik digər rayonları Ermənistan Silahlı Qüvvələrinin nəzarətində idi. Bu, erməni xalqına nə verdi?

- Baxır hansı erməni xalqına və harada. Qarabağda bu, erməni xalqına evlərində yaşamaq üçün qaldıqlarını və heç kimin onları qovmadığını göstərdi. Azərbaycanlıların Qarabağdan qovulması çox pisdir. Bu, faciədir, mən həmişə bu barədə danışmışam. Bir insanın evdə yaşaya bilməməsi pisdir. Evinizin xaricində yaşamaq çox pisdir, çünki yalnız bir həyatınız var.

Əgər Ermənistan Respublikasını nəzərdə tutursunuzsa, əlbəttə ki, bu, blokadaya gətirib çıxardı, iqtisadi imkanlar məhdud idi, inkişaf imkanları məhdud idi və indi də məhduddur. Ancaq əlavə edim ki, Zəngəzurdakı kiçik hissədə baryerlər var, hansı ki, İranı Ermənistanla birləşdirən yolları, Meqri-Qafan yolunu Ermənistanın mərkəzi hissəsi ilə birləşdirir. Düşünürəm ki, indi xoş niyyət göstərməyin vaxtıdır, bu jestlərə indi ehtiyac var. İnsanların bunun da mümkün olduğunu anlamağa başlaması üçün hərəkətlərə ehtiyac var. Düşünürəm ki, Gorus-Qafan yolunun bağlanması münaqişənin həllinə kömək etmir. Azərbaycan 44 günlük müharibədə qalib gəldiyindən, Bakının nəcib jestlər etməsi düzgün olardı.

Ermənistan hakimiyyətinin heç bir jest etməməsi başa düşüləndir. Bu arada Ermənistan Türkiyə ilə bağlı çox önəmli açıqlamalar verir. İndi Türkiyənin necə davranacağı çox vacibdir. Türkiyənin son iki həftə ərzində hansı müsbət addımlar atdığını artıq bilirəm. Belə davam edərsə, düşünürəm ki, münasibətlərin normallaşma şansı yalnız yaxın gələcəkdə artacaq.

Təbii ki, Ermənistan-Azərbaycan münasibətləri müəyyən qədər Rusiya ilə Türkiyə arasındakı münasibətlərin necə olacağı ilə də bağlıdır. Bölgədəki iqtisadi inkişaf tapmacasını həll edə biləcəyimiz və ya etməməyimiz bundan asılıdır.

- Ermənistandakı revanşist hissləri necə qiymətləndirirsiniz? Bundan kimlər faydalanır?

- Ermənistanda revanşist hisslərin olması tamamilə aydın və məntiqlidir. Ancaq burada iki məqsəd var. Birincisi, intiqam almağa səmimiyyətlə inananlar müharibənin uduzulduğunu söyləyirlər, amma hesab 1:1-dir. İtirilmiş əraziləri geri qaytara biləcəklərini düşünürlər. Buna ürəkdən inanan insanlar var. Amma indiki hakimiyyəti aradan götürmək üçün bundan istifadə edən siyasətçilər kateqoriyası var. Lakin Ermənistanda keçirilən parlament seçkiləri buna nail ola bilmədiklərini göstərdi. Seçkilər az-çox ədalətli idi və müharibəni uduzan hazırkı baş nazirin seçkilərdə qalib gəldiyini göstərdi. Bu, əhalinin əksəriyyətinin münasibətini nümayiş etdirir. Daxili siyasi məqsədlərə çatmaq üçün revanşizmdən istifadə Ermənistanda qismən aktualdır, lakin siyasətçilərin özləri başa düşürlər ki, bununla çox da uzağa getmək olmayacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər