MİA

  • 11 517

Ətimizin yiyəsi - ESSE

image

Dünyada peşələr çoxdur. Deyilənə görə, 20 mindən artıq peşə və sənət növü var. Lakin bütün bu peşələrin sahiblərini bir peşə sahibi yetişdirir. Bu, MÜƏLLİMdir! Əslində, yazı qaydalarını pozmaq bahasına olsa belə, bu sözü böyük hərflə yazmaq lazımdır.

Harada, nə üzrə və hansı qaydada tədris verməsindən asılı olmayaraq MÜƏLLİM özündən daha yüksək biliyə mailk olan, cəmiyyətə töhfələr bəxş edəcək ağıllı, mədəni və ziyalı insanlar yetişdirmək istəyi ilə çalışır. Məhz buna görə MÜƏLLİM adı şərəfli sayılır və uca tutulur.

Bəşəriyyət tarixi elmi-texniki tərəqqiyə, mədəni-ictimai inkişafa görə ustadlara, müəllimlərə borcludur. Qədim mənbələrdə ilk biliyin insanlara İlahidən verildiyini və bunu hamıya çatdırmaq üçün ən təmiz qəlbli insanların seçildiyi qeyd olunur. İnsanın ilk müəllimləri də Tanrının seçdiyi uca insanlar- İlahi bilik sahibləri olub.

Tarixin sonrakı dövrlərində biliklər ustad-şagird ardıcıllığı ilə nəsildən-nəsilə ötürülüb və bu günümüzədək gəlib çıxıb. Hansı xalqın müəllimləri aydın fikirli, elmli, dünyagörüşlü olubsa, o xalq daha çox inkişaf edib.

Ta qədimdən Azərbaycan xalqı ustada- müəllimə böyük hörmət bəsləyib, onları valideyn qədər əziz tutub. El arasında müəllimin ən böyük hörmət və izzət sahibi olduğunu göstərən yüzlərlə atalar sözü, deyimlər, aforizmlər, rəvayətlər və s. şifahi və yazılı folklor nümunələri var.

Azərbaycanda həmişə ən hörmətli şəxs sayılan müəllimin sözü ağsaqqal sözü kimi qəbul olunub. Hətta, ən qüdrətli hökmdarlar belə müəllimlərinin qarşısında baş əyiblər, onları özlərindən yuxarı başda əyləşdiriblər. Qədimlərdə valideyn uşağını müəllimə verəndə “əti sənin, sümüyü mənim” deyə tapşırardı.

Böyük tarixi şəxsiyyətlərimizin və sənətkarlarımızın öz ustadlarına nə qədər böyük sevgiylə yanaşdığını və onların yolunu necə böyük əzmlə davam etdirdiyini xatırlamaq burada yerinə düşərdi.

Özləri ən böyük MÜƏLLİM olan böyük övliyalar, peyğəmbərlər, alimlər həmişə bütün uğurlarını müəllimlərinə borclu olduqlarını qeyd ediblər. Zərdüşt peyğəmbər, Məhəmməd peyğəmbər, Dədə Qorqud, Nizami, Xətai, Nəsimi kimi böyük dini-elmi-fəlsəfi bilik sahiblərinin tarixdə yaşayan kəlamları MÜƏLLİM şəxsiyyətinin peyğəmbərlik səviyyəsinə qədər ucaldığını göstərir.

Teymurləngin məzarı önündə bunu daha aydın anlamaq olur. Qüdrətli sərkərdə öz qəbrinin müəlliminin məzarının ayaq ucunda qoyulmasını vəsiyyət etmişdi və onun bu müdrükliyi hələ də dünyanı heyran qoymaqdadır.

Müasir Azərbaycan tarixində müəllimə yanaşmanın səviyyəsini ümummilli lider Heydər Əliyev qısa və konkret olaraq belə ifadə edib: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Müəllim ikinci valideyndir- o təkcə təhsil, elm vermir, təlim, tərbiyə də verir. Bu hesabla bizlər həm valideynlərimizin, həm də müəllimlərimizin əsəriyik.

Hər xalqın tarixinin müəyyən dövrlərində müəllimə daha böyük ehtiyac duyulub. Azərbaycan xalqı da 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində müəllimlərə çox böyük ehtiyac duyurdu. Böyük mütəfəkkirlər Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Əbdürrəhim Haqverdiyev və digərləri xalqın cəhalətdən qurtulması, mövhumata yox, elmə doğru getməsi üçün mübarizə aparırdılar.

Tarixi həqiqətdir ki, xalqımız məhz belə aparıcı ziyalıların, mütəfəkkirlərin çağırdığı yolla gedəndən sonra inkişaf etdi və qısa zamanda dünya xalqları arasında öz layiqli yerini tutdu.

Hələ Çar Rusiyası dövründə aparılan sosioloji tədqiqatlar nəticəsində belə qənaətə gəlinmişdi ki, bu templə təhsillənmə gedərsə, Qafqaz xalqlarına savadsızlığın daşını atması ücün 940 il vaxt lazım gələcəkdir. Amma 20-40-cı illərdə- cəmi 20 ildə təhsil sahəsində elə bir inqilab oldu ki, əhalinin 90 faizi təhsilə yiyələndi. Artıq ötən əsrin ortalarında Azərbaycan əhalinin təhsilə cəlb olunma səviyyəsinə, əhalinin hər on min nəfərinə düşən elmi işçi, tələbə və müəllim sayına görə ən inkişaf etmiş ölkələri belə qabaqlayaraq dünyada ilk yerlərdən birini tuturdu.

Keçən əsrin ortalarında respublikada elm-təhsil ocaqlarının, kitabxanaların tikintisi işi böyük vüsət aldı, azərbaycanlı tələbələrin SSRİ-nin və dünyanın inkişaf etmiş digər ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında təhsil alması işi genişləndi.

20-ci illərədək bir nəfər də olsun akademiki, professoru, elmlər doktoru olmayan, əhalisinin 99%-nin oxuyub-yazma bilmədiyi, cəmi 100 nəfər azərbaycanlı müəllimi olan, 800 min uşağının məktəbin nə olduğunu bilmədiyi respublika 30 il sonra əhalisi 100% savadlanmış, minlərlə məktəbi, onlarla universiteti, elmlər akademiyası, elmi-tədqiqat institutları, hətta kosmik tədqiqatlar mərkəzi olan intellektuallar ölkəsinə çevrildi.

Hələ də Azərbaycan xalqı savadlı insanların, ali təhsillilərin say nisbətinə görə, dünya xalqları arasında ön sıralarda dayanır. Son dövrlərdə yeni təhsil sistemlərinin tətbiqi təhsildə müəyyən problemlər yaratsa da, yenə də xalqımız savadlılıq dərəcəsinə görə dünya xalqlarının ön sıralarında dayanır. Azərbaycanlı tələbələr onlarla xarici ölkədə təhsil alıb müasir elmlərə və texnoloji biliklərə yiyələnirlər. Ölkəmizdə ali məktəblərin və onlarda təhsil alan tələbələrin sayı xeyli artıb. Orta təhsil tam pulsuzdur və dərslikləri də dövlət pulsuz təmin edir.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixin bütün dövrlərində maarifpərvər və ziyalı bir xalq olduğunu sübut edib. Burada ən böyük rolu müəllimlər oynayıblar. O müəllimlər ki, onlar elm və təhsil yolunda, xalqın gələcəyi uğrunda sözün həqiqi mənasında şam kimi yanıblar. Xalqımız da onların hörmətini saxlayıb, adını həmişə uca tutub. Bütün bunlar xalqımızın elmə, təhsilə nə qədər böyük önəm verdiyinin göstəricisidir.

MÜƏLLİM ucalığı haqda saysız poeziya və nəsr nümunələri, bədii və elmi əsərlər yazılıb. “Bizim Cəbiş müəllim” filmindəki MÜƏLLİM obrazı isə Azərbaycan müəllimi üçün etalondur. Bu obraz həm də bütün cəmiyyət üçün bir insanlıq nümunəsidir- əsl İNSAN və əsl MÜƏLLİM nümunəsi...

Müəllim haqda çəkilən şedevr filmlərimizdən biri də “Bizi bağışlayın” filmidir. Məktəbi bitirəndən sonra müstəqil həyata ağır və qaranlıq 90-ların lap əvvəlində atıldıq, həyatın burulğanları başımızı elə qarışdırdı ki, bu filmdəki kimi, müəllimlərimizi unutduq, bir çoxu dünyasını dəyişəndə belə xəbərimiz olmazdı... İndi buradan müəllimlərimizə bütün şagirdləri adından demək istəyirəm- bizi bağışlayın...

Mən də MÜƏLLIM oğluyam və bir fədakar müəllimin təkcə məktəbdəki fəaliyyətini deyil, həm də bütün həyatını evdə görmüşəm. Tovuz şəhəri 1 nömrəli orta məktəbində bizə dərs demiş bütün müəllimlərimizi hörmətlə anıram- ilk müəllimimiz Əzət müəllimə, Yevdakiya müəllimə, atam Bayram müəllim, Kamal müəllim, Raya müəllimə, Mütəllim müəllim, Adilə müəllimə, Abdulla müəllim, Ceyran müəllimə, Hüseyn müəllim, Ofeliya müəllimə, Müzəffər müəllim, Qədim müəllim, Qənirə müəllimə, İsmayıl müəllim, Sədaqət müəllimə, Dilqəm müəllim, Qızxanım müəllimə, Qoca müəllim, Tənzilə müəllimə, Mərhəmət müəllimə, Sürəyya müəllimə, Qəməd müəllim, Solmaz müəllimə, Arzu müəllimə və digərləri... Onların çoxu haqq dünyasına qovuşub, amma bizim xatirimizdə əbədi yaşayacaqlar.

Sağ qalanların bəziləri hərdən görüşürük. Bizi heç vaxt unutmayıblarmış... həmin illərdə məktəbdə olanları, bizim necə oxuduğumuzu ən xırda detallaradək xatırlayırlar.

Tarix müəllimimiz, rəhmətlik Müzəffər müəllim bizə dərsdə olmuş bir əhvalat danışmışdı, onu buraya yazmaq istəyirəm. Demək, bu hadisəni müəllimimizə onun institut müəllimi danışıb. Həmin müəllim Sovet İttifaqı Marşalı Baqramyana orta məktəbdə dərs deyibmiş. Baqramyanın tərbiyəsi yerində olmadığından müəllim ona deyirmiş ki, bu hərəkətlərini tərgitməsən səndən adam olası deyil. Baqramyan marşal olandan sonra Gəncəyə gəlibmiş. Təntənəli qarşılanma mərasimində deyir ki, mənim bir müəllimim vardı, filankəs, onu tapın gətirin. Gedib müəllimi gətirirlər, Barqamyan adamların içində ona deyir ki, bəs sən deyirdin, səndən adam olası deyil, bax indi mən marşalam. Müəllimi deyir ki, mən deməmişdim ki, sən vəzifədə, rütbədə ola bilməzsən, demişdim adam ola bilməyəcəksən. Adam olsaydın, yaşlı müəllimini ayağına gətirtməzdin, özün onun yanına gedərdin...

Bu yay Tovuza gedəndə məktəbimizə baş çəkmək istədim və gördüm ki.. məktəbimizi söküb yerində... yeni məktəb tikiblər- daha müasir, daha böyük. Xəbərimiz belə olmayıb, köhnə məktəbimizlə gedib vidalaşa da bilmədik. İndi yenilənmiş məktəbimizə Tovuzun tanınmış ziyalılarından biri, uzun müddət rayon Təhsil Şöbəsinin müdiri işləmiş Şamil Alıyev direktorluq edir. Köhnə müəllimlərimizdən demək olar ki, heç kim qalmayıb. Çoxu dünyasını dəyişib, qalanları da pensiyaya çıxıb.

Belə bir gündə sinif yoldaşlarını da unutmaq olmaz- 11 il ailə üzvlərindən daha çox bir yerdə olduğumuz Fəridə Abdullayeva, Amaliya İsmayılova, Sevil Zeynalova, Sevinc Sadıqova, Elxan İsmayılov, Sevinc Hüseynova, Ülviyyə Hüseynova, Mehriban Abbasova, Hicran Yusifova, Səadət Yusifova, Kəmalə Məhərrəmova, Heydər Əliyev, Şahnaz Mustafayeva, Arzu İsmayılov, Məhbubə Ələsova, İlham Rüstəmov, Zaur Qocayev, Kəmalə Həsənova, Natiq Verdiyev, Natavan Ələsgərova, Ədalət Namazov, Vüsal Qasımov, İlahə Qasımova, Etibar Hüseynov... onları o illərdə gördüyüm formalarında, gənc surətdə xatırlayıram, hərçənd bəziləri artıq nənə, babadır.

30 il keçib, çoxu ilə əlaqəmiz yoxdur, hərə bir ölkədə, bir şəhərdə məskən salıb. Həyat sinfimizin uşaqlarını öz şəhərimizdən, bəzilərini öz ölkəmizdən pərən-pərən saldı. Bu 30 ildə bir dəfə belə yığışıb görüşə bilməmişik. Gələn 25 mayda sinfimizi məktəbə toplamağa daha bir cəhd göstərəcəm. Ümidvaram bu dəfə alınacaq. Müəllimlərimizin məzarını ziyarət edib onları yad edəcəyik.

5 oktyabr Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edirəm. Nə yaxşı ki varsınız. Bayramınız mübarək!

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər