MİA

  • 7 879

Daniel Pomye: 44 günlük müharibədə Azərbaycanın əsas üstünlüyü PUA-lar deyildi… - MÜSAHİBƏ

image

İtalyan professor: “Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün hərəkətə keçdiyi üçün dünyanın dəstəyinə arxalana bilər”

Roma "Sapienza" Universitetinin professoru, universitetin Azərbaycanşünaslıq kafedrasının müdiri Daniel Pomye “Caliber” analitik mərkəzinə müsahibəsində 2-ci Qarabağ müharibəsi ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- 18 dekabr 2020-ci ildə İtaliya ilə Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun yaradılması çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Beləliklə, İtaliya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək arzusunu ifadə edən ölkələrdən birinə çevrildi. Bəs İtaliya cəmiyyəti Qarabağ münaqişəsi haqqında nə bilir? Ermənistanın işğalçılıq siyasətindən nə dərəcədə xəbərdardır?

- Əlbəttə ki, hər bir cəmiyyətdə olduğu kimi, İtaliyada da beynəlxalq hadisələrdən daha çox daxili işlər ilə məşğul olurlar. Belə ki, əksər italyanlar Qafqaz məsələlərindən, eləcə də Qarabağ münaqişəsindən xəbərsizdirlər. Halbuki, İtaliya cəmiyyətinin Qarabağ və Azərbaycanla Ermənistan arasındakı münaqişə haqqında məlumatlılığı bu gün 5-10 il əvvəl olduğundan daha böyükdür. Bu maraq, müasir, tolerant və qanuna tabe olan bir ölkə imicinin yaradılmasına töhfə verən Azərbaycan diplomatiyasının və Azərbaycanın Romadakı səfirliyinin yorulmaz işlərindən qaynaqlandı. Buna görə də, erməni təbliğatına və müharibə zamanı Ermənistanın maraqları üçün lobbiçilik edən erməni diasporasının olmasına baxmayaraq, bir çox italyan azərbaycanlıların tərəfini tutdu.

Əsas xəbər agentlikləri- ən çox satılan qəzet “Repubblica” və dövlət televiziyası "Rai 1" Prezident İlham Əliyevdən müsahibə aldı.

Mən də öz növbəmdə Sapienza Universitetində Azərbaycan ərazilərinin işğalının tarixi, səbəbləri və nəticələri və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün haqqında izahlı kurs keçirdim.

- Bildiyimizə görə, 44 günlük müharibə zamanı İtaliya Parlamentinin Deputatlar Palatası qarşısında Ermənistanın Azərbaycana təcavüzünü dayandırmaq çağırışı ilə keçirilən aksiyada iştirak etdiniz. İtalyan deputatların bu aksiyaya reaksiyası necə oldu?

- Düşünürəm ki, bizim aksiyamız çox təsirli oldu. Mən erməniləri ittiham etmədən və lağ etmədən, qəti və elmi baxımdan ictimaiyyətə müraciət etməyə çalışdım. Qarabağ multikultural kimliyi olan Azərbaycan türk xanlığı idi. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycandır. Beləliklə, müharibə zamanı Azərbaycanın böyük üstünlüyü pilotsuz uçan aparatlardan, tanklardan və ya raketlərdən istifadə etmək yox, Burdye-nin sözləri ilə desək, hüququn və qanunun aliliyindədir. Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün hərəkətə keçdiyi üçün dünyanın dəstəyinə arxalana bilər.

Bizim hərəkətimiz, mesajımız İtaliya parlamentndə işə yaradı, çünki Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edən ilk parlament nümayəndə heyəti İtaliyanın idi və müxtəlif, hətta rəqib siyasi qüvvələrin nümayəndələrindən ibarət idi.

- İtaliyanın Cənubi Qafqazda hansı maraqları var?

- TAP tikintisinin başa çatması və Xəzər dənizindən İtaliyaya qaz nəqlinin başlanması İtaliyanın bölgədəki maraqlarının miqyasını vurğulayır. Enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi, Qafqaz ölkələri ilə əməkdaşlıq, İpək Yoluna çıxış və Asiya ilə ticarət yolları. İtaliya bu bölgədə təhlükəsizliyin, sabitliyin və inkişafın təmin edilməsində maraqlıdır, buna görə də 44 günlük müharibə zamanı doğru və haqlı tərəfi dəstəklədi.

- Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan təkcə hərbi texnologiyalar sahəsində deyil, həm də informasiya və kommunikasiya texnologiyaları kimi ikiqat istifadə olunan məhsullar sahəsində də önəmli sayılan “Leonardo” konserni ilə əməkdaşlıq edir. Bu konsernin Azərbaycanla əməkdaşlığı İtaliyanın ölkənizə olan açıq marağını əks etdirir. Baxın, İtaliya xammal baxımından kasıb bir ölkədir. Ancaq texnologiya ilə zəngindir.

- Yaxın gələcəkdə Cənubi Qafqazı nə gözləyir- sülh, yoxsa yeni müharibə?

- Bir çox məsələlər hələ də həll olunmamış qalır. Bir tərəfdən Azərbaycan ərazilərin bərpası ilə dərindən məşğul olur, digər tərəfdən də Ermənistan hələ də öz daxili ziddiyyətləri ilə mübarizə aparır. İndi müharibə çətin və arzuolunmazdır, lakin son siyasi həll üçün hələ uzun bir yol var.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər