MİA

  • 30 262

Qida təhlükəsizliyi: Qlobal ərzaq böhranında Azərbaycanın qorunma potensialı - ANALİZ

image

Məlum olduğu kimi, uzun onillərdir ki, qlobal transkorporasiyalar dünyada təbii məhsulların sıradan çıxarılmasına, GMO məhsulların tətbiqinə çalışır, var gücləri ilə bu işi bütün ölkələrdə həyata keçirməyə cəhd edirlər. Lakin bir çox ölkələr öz ərzaq təhlükəsizliyini, qida təhlükəsizliyini qorumaqda israrlıdır və bununla bağlı işlər həyata çeirirlər. Azərbaycanın da belə bir potensialı var.

Azərbaycanda bu toxumların və məhsuların kütləvi gətirilməsi ötən əsrin 90-cı illərindən başlayıb. Ölkəmizdə geni dəyişdirilmiş məhsulların istehsalı, idxalı və satışı bir neçə qanunla qadağandır. Lakin buna baxmayaraq satışda belə məhsullara çox rast gəlinir.

Çox sayda nüfuzlu alimlərin fikrincə, geni dəyişdirilmiş məhsullar insanlar və bütün canlı aləm üçün təhlükəlidir. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. Xərçəng xəstəliyinin ən böyük səbəblərindən biri də geni dəyişdirilmiş ərzaq məhsullarıdır.

GMO özünü 2-ci nəsildə daha faciəvi şəkildə büruzə verir. Genetik strukturu pozulmuş yeni nəsillərin immuniteti zəif olur, xəstəliklərə, viruslara davamlılığa aşağı düşür. Heyvanlar üzərində aparılan təcrübələr də bunu göstərir.

Transgen məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, bütün təbiət üçün qorxunc təhlükədir. Belə ki, genetik tərkibi qarışdırılmış orqanizmlər torpaq fondunu məhv edir, onların əkildiyi torpaqlar təbii münbitliyini, faydalı mikroorqanizmləri itirir və sonra orada digər təbii məhsulların əkilməsi mümkün olmur. Heyvanlar da GMO yemlərdən qidalanaraq öz təbiiliyindən çıxır, xəstə bir yarımcan kütləyə çevrilir. Ən sadə misal kimi broyler toyuqlarını göstərmək kifayətdir. Təbii toyuqlarla onların fərqi göz qabağındadır. Biz onların ətini, yumurtasını yeyərkən də bu orqanizmləri qəbul etmiş oluruq. Üstəlik, güclü hormonal yemlərlə ildırım sürətilə böyüdülən bu toyuqlar insanın horman balansını dəyişir və bunun nəticəsi özünü çoxsaylı xəstəliklərdə aydın göstərir.

GMO texnologiyasının yarandığı və ilk tətbiq olunduğu ABŞ-da əhalinin sağlamlığının necə ağır vəziyyətə düşdüyü həmin ölkənin və BMT-nin statistikalarından aydın görünür. Ən pis xəstəliklər üzrə Amerika əhaliyə nisbətdə dünyada liderdir. Yalnız güclü və çox bahalı tibbi xidmətin sayəsində ağır faciənin qarşısını bir qədər ala bilirlər. Əksər amerikalılar həddən artıq şişmandır, əhalinin çoxu müxtəlif dərmanlar və antidepresantlarla yaşayır. GMO məhsulların genişç istifadə olunduğu digər ölkələrdə də eyni vəziyyətdir.

Bu məsələ həm də birbaşa milli təhlükəsizliyimizlə bağlıdır. Xalqımızın genefondunu məhv edə biləcək bu məhsullar təkcə fiziki yox həm də psixi xəstəliklərə yol açdığı məlumdur. İnsanın beynindəki hüceyrələr də qəbul etdiyi qidalarla formalaşır. Zaman keçdikcə çox sayda psixi xəstəliklər, psixoloji problemlər yaranır.

İndi isə problemə dövlət təhlükəsizliyi tərəfindən baxaq. Dövlətimiz üçün strateji təhlükə belədir- GMO toxumlar reproduksiya vermədiyindən öz təbii toxumlarını məhv edərək GMO toxumların əkininə keçən ölkələr hər il Monsanto kimi qlobal korporasiyalardan toxum almaq məcburiyyətində qalır. Nəticədə həmin dövlət bir qlobal şirkətdən tam asılı vəziyyətə düşür, faktiki müstəmləkəyə çevrilir. Çünki bu toxumların sahibi bir növ o ölkənin aqrar sektorunun, ərzaq məhsullarının sahibidir, bu səbəbdən o şirkət həmin dövlətə qarşı istənilən tələbi irəli sürə bilər, buna razı olmayanda isə sadəcə toxum ixracını dayandırar və ölkənin kənd təsərfüfatını çökdürə bilər.

Bundan başqa, qida təhlükəsizliyi təmin edilməyəndə əhali arasında xəstəliklər kəskin artır, viruslara müqavimət azalır. Nəticədə dövlət ağlagəlməz məbləğlərdə zərərə düşür, səhiyyə xərcləri kəskin artır, əlillərin və ağır xəstələrin sayının artması sosial yükünü artırır, cəmiyyətdə işləmədən müavinət alanların sayı artır.

Xaricdən idarə olunan bəzi GMO təbliğatçıları GMO-nun daha çox məhsul veridyini və tamamilə bu əkinlərə keçilməsinə çağırırlar. Bu konkret olaraq yalandır. Rusiyada aparılmış elmi təcrübə sübit etdi ki, GMO qarğıdalı və günəbaxan toxumları ənənəvi təbii toxumlardan daha az məhsul verir və daha baha başa gəlir. Türkiyədə Qida Təhlükəsizliyi Hərəkatı tərəfindən aparılmış praktik elmi təcrübə göstərdi ki, təbii buğda toxumu GMO toxumdan 10 dəfə artıq məhsul verir. Üstəlik, təbii toxumdan fərlqi olaraq GMO toxumlara xüsusi qulluq göstərilməli və çox bahalı xüsusi dərmanlarla baxılmalıdır. Bəzi məhsullarda GMO toxumlar daha çox məhsul versə də, bu məhsulun bioloji dəyəri çox aşağıdır. Yəni 100 qram təbii məhsulda olan faydalı elementlər 1 kilo GMO məhsulda yoxdur. Nəticədə insanlar 1 kq təbii ərzaqdan ala biləcəyi faydalı maddələri qəbul etmək üçün 10 kq GMO məhsulu istifadə etməlidirlər. Məhz buna görə son dövrlərdə tibbdə yeni xəstəlik- gizli qida aclığı sindromu yaranıb. İnsanlar dəfələrlə daha çox həcmdə qida qəbul etməyə başlayıb ki, bu da çoxsaylı xəstəliklərə səbəb olub.

GMO yaradıcıları və təbliğatçıları keçən əsrin ortalarında bu texnologiyanın bəşəriyyəti aclıqdan qurtarmaq üçün yaradıldığını və tətbiq olunduğunu deyirdilər. Lakin həmin vaxtlar dünyada maksimum 300 miyon ac var idi, hazırda isə bu say 850 milyon təşkil edir. Göründüyü kimi vəziyyət 3 dəfə daha ağırlaşıb.

Hazırda bəzi böyük dövlətlər və qlobal mərkəzlər yerli təbii toxum növlərini xüsusi yeraltı anbarlarda toplayır, qoruyur. Dünyaya isə durmadan GMO toxumlar ixrac edilir. Bu təhlükəni vaxtında görən ölkə prezidenti cənab İlham Əliyev hələ uzun illər qabaq toxumçuluq təsərrüfatlarının yaradılması, yerli toxum fondunun qorunması, artırılıb tətbiq olunması ilə bağlı sərəncam verdi. Bir neçə belə təsərrüfat da yaradıldı. Hazırda Elmlər Akademiyasının Genetika İnstitutunda yerli təbii toxumlarımız qorunur. Sadəcə onları çoxaltmaq və əkinçilərimizi təmin etmək lazımdır.

GMO-nun dünyada geniş yayılması kampaniyasını Ümumdünya Ticarət Təşkilatı və Monsanto başda olmaqla genetik modifikisasiya edilmiş məhsulların istehsalı, ixracı sahəsində ixtisaslaşmış qlobal transkorparasiyalar aparır, GMO-nun lobbiçiliyini edirlər. Onlar ölkələrdə hökumət və qeyri-hökumət təşkilatlarına, parlament üzvlərinə yol tapır, nəzarətlərindəki media ilə bunu təbliğ edir və sonra özlərinə lazım olan qərarın qəbuluna nail olurlar. Sonra isə həmin ölkələri özlərindən asılı vəziyyətə salırlar. GMO toxumu yayır əhalini zəhərləyir, sonra dərmanlarını satırlar. Fakt da budur ki, qlobal GMO korporasyalarının sahibləri, həm də dərman şirkətlərinin sahibləridir.

Dünyanın əksər ölkələrində buna qarşı dövlət və ictimai təşkilatlar səviyyəsində mübarizə aparılır, bir çox ölkələrdə GMO məhsulların istehsalı, idxalı, satışı qadağan edilib. Əksər ölkələrdə buna qarşı ciddi ictimai müqavimət var.

Bizdə də dövlətimiz GMO məhsulları qadağan edən, yalnız ekoloji təmiz təbii məhsulların istehsalı, idxalı və satışına icazə verən bir neçə qanun qəbul edib. Ümumilikdə, GMO məhsullarla, təbii ərzaq məhsulları ilə bağlı ölkə rəhbərinin sərəncamları, qəbul olunmuş qanunlar çox müsbətdir. Lakin bəzi qlobal mərkəzlər bundan narahat olublar və ölkəmizdə bu qanunların dəyişdirilməsinə çalışırlar.

Biz isə cəmiyyət olaraq qida təhlükəsizliyi kimi ən vacib məsələyə etinasız yanaşırıq. Yalnız bir neçə ictimai təşkilat və jurnalist bununla bağlı maarifləndirmə işləri aparır.

Mən də əsas ixtisasım olan qida təhlükəsizliyi və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı olaraq 25 ilə yaxındır bu mövzularda davamlı araşdırma yazılar, verilişlər, mediada rəylərlə çıxış etmişəm, həyəcan təbili çalmışam. Bir neçə başqaları da var ki, (Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, həmin təşkilatın texnoloq, qida mühəndisi Ağa Salamov, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin nümayəndəsi Asim Vəliyev və s.) illərdir ki, bu mövzularda həyəcan təbili çalırlar. Lakin, necə deyərlər, bir neçə güllə bahar olmaz, çünki bu kampaniyalara ictimai dəstək çox zəifdir. Bunu yaxşı bilən qlobal dairələr və onların maraqlarını ölkəmizdə müdafiə edən şəxslər GMO haqda mövcud qanunların dəyişməsinə, GMO-ya yaşıl işıq yandıran yeni qanunların qəbuluna çalışırlar.

Məsələ təkcə geni dəyişdirilmiş məhsullarla bağlı deyil, qidalara qatılan minlərlə ultrakimyəvi inqridiyentlər, saxta qida məmulatları insanları sağlamlığına zərbə vurur. Unutmayaq, insan orqanizmi yalnız qidadan, sudan formalaşır, əgər onlar təbii deyilsə, heç bir sağlamlıqdan, heç bir inkişafdan söhbət belə gedə bilməz.

Dövlətimiz də strateji planda ağır vəziyyətə düşə bilər. Məlum olduğu kimi, dövlətin qüdrəti, onun iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. GMO yönümlü kənd təsərrüfatı və yeyinti sənayesi isə həmin dövlətin iqtisadiyyatının əhəmiyyətli və ən vacib hissəsini hansısa xarici mərkəzə bağlayır.

Azərbaycan təbiəti, vətənimizin yeraltı və yerüstü resursları bizim özümüzü təbii məhsullarla təmin etməyimiz üçün yetərli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etməklə, sağlam cəmiyyət, güclü dövlət yarada bilərik. Bunun üçün aqrar sektora diqqəti artırmalı, yerli toxumlarımızı artırıb əkinçilərimizi təmin etməliyik. Bu halda ərzaq və qida təhlükəsizliyimiz qorunmuş olar, heç vaxt xarici ölkələrdən asılılığımız olmaz.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər