Müxalifətin birlik ideyası yenidən fiaskoya uğradı
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiyalar, bir-birinə qarşı ən kəskin ittihamlar irəli sürüb. Səbəb isə düşəgənin aparıcı partiyasına çevrilmək və lider kimi tanınmaq niyyəti olub. Mövqe savaşı, nəticə etibarilə müxalifət düşərgəsində qalmaqallara, başıpozuqluğa və dağınıqlığa gətirib çıxarıb. Dünən müttəfiq olan partiyalar sonradan rəqiblərə çevrilib. Misal kimi 2003-cü il prezident seçkilərinə və ölkədə keçirilən 18 mart referendumunu boykot etmək təklifinə birgə qatılan AMİP və AXCP (i)-nin seçkilərdən dərhal sonra qatı düşmənlərə çevrilmələrini göstərmək olar. Eyni misalı Müsavat-ALP, Müsavat-"KAXCP", ADP-"ACP", ADP-AXCP (i) və digər partiyalara da aid etmək olar.
Maraqlı məqam ondan ibarətdir ki, düşmən olan və daha sonra müttəfiq olduqlarını bəyan edən partiyalar, bir qədər sonra münasibətlərini dəyişir. Bu dəyişiklik bələdiyyə seçkiləri ərəfəsi yenidən özünü göstərməkdədir. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev söhbət zamanı mövqelərin dəyişməsini siyasi situasyalara uyğun atılan siyasi addım kimi qiymətləndirdi. Bildirdi ki, əksər ölkələrdə də müxalifət partiyalar bir il dost, növbəti il isə rəqiblərə çevrilir. Hakimiyyət uğrunda aparılan mübarizədə çəkişmələrin olmasına təbii yanaşmaq lazımdır.
Bir sözlə, müxalifətdə bir-birinin şəxsiyyətini alçaldan, şərəf və ləyaqətini təhqir edən ittihamlar səsləndirmələrənə adi baxırlar. Hətta bəzən bunu qanunauyğun hal kimi qəbul edirlər.
Bir qədər əvvəl bir-birini söyüb, təhqir edən müxalifət partiya sədrləri yenidən birləşmək, bir olmaq niyyətini ortaya qoyub. Görünür, "KAXCP" sədri Mirmahmud Fəttayev də bu baxımdan siyasi təşkilat rəhbərlərinə müraciət edərək, müxalifətin ümumi toplantısının keçrilməsini təklif edib. Müsavat başqanı İsa Qəmbərov isə payızda keçiriləcək bələdiyyə seçkilərinə birgə qatılmaq ideyası ilə çıxış edib. Mətbuatda yazılanlara və partiyaların toplantıların da səsləndərilən fikirlərə əsaslanaraq, demək olar ki, hər iki ideya düşərgə daxilində böyük etirazla qarşılanıb. AXCP (i) sədri Əli Kərimov bildirib ki, referendumqabağı birgə fəaliyyət göstərməyə qarşı çıxan M.Fəttayevin "müxaliətin ümumi toplantısını keçirmək" ideyası gülüş doğurur: "Özünə hörmət edən partiya sədri M.Fəttayevin mövqeyini müdafiə etməz. Yaxşı olardı ki, bu reallığı M.Fəttayev də başa düşsün və təklifindən imtina etdiyini bəyan etsin".
"Milli Birlik Hərakatı"nın sədri Lalə Hacıyeva isə İ.Qəmbərovun bələdiyyə seçkilərinə birgə qatılmaq təklifinə dirsək göstərib. L.Hacıyeva bildirib ki, siyasi imicini tamamilə itirmiş İ.Qəbərovla bir yerdə olmaq yaradılacaq kaolisiyaya yalnız uğursuzluq gətirə bilər.
Beləliklə, müxalifət düşərgəsində dava-dalaşa, bir-birini söyüb, təhqir etməyə yeni yollar açılıb. Bu isə müxalif partyaların əksəriyyəti üçün son ola bilər. Çünki dağılmaq ərəfəsində olan partiyalar, yeni bir qovğalarla sıradan çıxacağı şübhəsizdir.