Başqanın növbəti çirkin oyunları
Son zamanlar müxalifət daxilində gedən iyrənc proseslər, qarşıdurmalar artıq pik nöqtəsinə çatıb. Belə ki, radikal düşərgədə təmsil olunan tərəflərin biri-birilərini nəinki təhqir və açıq ittiham edir, eyni zamanda, hətta "xoruz səsi" eşidilməyən söyüşlər deməkdən belə çəkinmirlər. AXCP (i)-də adının çəkilməsini istəməyən funksionerin "Səs" qəzetinə verdiyi açıqlamasında da deyilənlərin həqiqət olduğunu təsdiqlənir. Funksionerin dediyinə görə, bu proseslərin başında, parçalanma və dağıdıcı "siyasəti" həyata keçirən AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov dayanır. Belə ki, tərəflər özlərinə yaxın olan mətbu orqanlar vasitəsilə biri-birilərini təhqir etmək və söyüş söyməklə məşğuldurlar. Təbii ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetləri bu kampaniyada "qabaqda" gedirlər. Ancaq istər "Yurd" şefi Ə.Kərimov, istərsə də Müsavat başqanı İ.Qəmbərov bu hərəkətlərini "siyasi fəaliyyət" hesab edir. Sözsüz ki, radikal düşərgədə təmsil olunan Müsavat başqanı, AXCP (i) sədri, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan kimilər siyasət nə olduğunu anlamadıqları üçün çirkin oyunlarını "siyasi fəaliyyət" adlandırırlar.
"Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu bildirdi ki, Ə.Kərimov, İ.Qəmbərov, L.Hacıyeva, Əvəz Temirxan və bu kimilərin belə düşünmələri heç də təəccüb doğurmur: "Görəsən, heç bir siyasi təcrübəyə, savada malik olmayan bu "bəy"lər nədən öz "fəaliyyətlərinə" xitam vermirlər? Əgər belə hesab edirlərsə ki, onlar bundan sonra nəsə əldə edəcəklər, yanılırlar. Çünki radikal "bəy"lərin erası çoxdan bitib. Onların bu gündən belə hər hansı bir uğura imza atacaqları inandırıcı deyil, ona görə ki, xalq radikallardan üz çevirib".
Elə belə səviyyəsiz düşüncənin nəticəsidir ki, radikal düşərgədə partiyadaxili gərginlik səngimir. R.Arifoğlu ilə Müsavat başqanı İ.Qəmbərov arasında yaranan gərginlik isə daha kəskin haldadır. R.Arifoğlu İ.Qəmbərov kimi savadsız, siyasətdən uzaq bir adamın başçılıq etdiyi Müsavatın son günlərini yaşadığını deyərək, bildirir ki, başqan abırsızlıq etməsin. Doğrudur, onda abır-həya adlı insana xas olan xüsusiyyət yoxdur. Ancaq yenə də, ətrafında olanlar abırlı adamlardır, düşüb İsanın toruna. Bu günlərdə Müsavat başqanının ətrafında olan insanlar, o cümlədən, Pənah Hüseynovla Vurğun Eyyub İsa "bəy"dən kənarlaşıblar.
Göründüyü kimi, Müsavatdaxili gərginlikdən istifadə edən R.Arifoğlu İ.Qəmbərovu partiya başqanlığından uzaqlaşdıraraq, onun postuna yiyələnmək istəyir. Görünür, İsa "bəy"lə yanaşı, Müsavatın da tarixin arxivinə atılması labüddür.