Müsavat başqanı “VAMBP” sədrinə möhtac olub
Son vaxtlar siyasi arenada nəzəri cəlb edən maraqlı olaylar sırasında diqqətçəkən əsas mövzu müxalifət partiya sədrləri arasında qarşıdurmaların gərginləşməsidir. Bu qarşıdurmaların daha çox AMİP, Müsavat, AXCP (i), ADP və ALP liderləri arasında getməsi vəziyyətin son dərəcə kritik olduğunu göstərir. Demək olar ki, hər gün mətbuatda bir partiya sədrinin digərini tənqid və təhqir edən ifadələrinə rast gəlinir. İsa Qəmbərov Etibar Məmmədovu qorxaqlıqda, zəiflikdə günahlandırırsa, Sərdar Cəlaloğlu Əli Kərimovu xarici qüvvələrin Bakıdakı təmsilçisi adlandırır, Lalə Hacıyeva "Yurd" şefini ermənipərəstlikdə ittiham edir. Əvəz Temirxan da Rəsul Quliyevi satqın, xəyanətkar adlandırmaqla gününü boş keçirənlərdən olmadığını göstərməyə çalışır. Qısası, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin bir-birinin şərəf və ləyaqətinini alçaldan ifadələr səsləndirmələri adi hala çevrilib.
Maraqlı məqam ondan ibarətdir ki, didişən partiya sədrləri rəqiblərini bir qəpiklik etmək üçün "cırtdan" partiya sədrlərindən istifadə etməyə çalışırlar. Bu mənada İ.Qəmbərov "Əhrar" və "VAMBP" sədrlərindən istifadə etməklə rəqiblərinə qalib gəlməkdə fərqlənir. "Əhrar" partiyasını sədri Vaqif Hacıbəyli AMİP liderini hədəfə alaraq, onu konkret əqidəyə və ideyaya malik olmayan siyasətçi adlandırıb:"E.Məmmədov özünə hörmət etməyi bacaran siyasətçi olsaydı, siyasətdən getdiyini bəyan edərdi. Əgər siyasi mədəniyyət nümayiş etdirmirsə, deməli, E.Məmmədvun qüsurları mövcuddur".
"VAMBP" sədri H.Əzimov isə bir ağacda oturub, min budağı silkələmək yolu tutur. O, gah Ə.Kərimovu, gah E.Məmmədovu, gah da R.Quliyevi, gah S.Cəlaloğlunu, gah da Eldar Namazovu söyüb-təhqir edir: "Müxalifətin inteqrasiyasına mane olan əsas ünsürlər Ə.Kərimov, S.Cəlaloğlu, E.Məmmədov və Lalə Hacıyevadır. Bu satqınlara aramızda yer olmamalıdır. Onları siyasətdən getməyə məcbur etməliyik. Bununla müxalifət sağlamlaşar və İ.Qəmbərovun isə, görünür, sağalması çox müşküldür. Ona görə də, Müsavat başqanının bu özbaşınalığına son qoyulmağın vaxtı çatıb".
H.Əzimov, həmçinin, onu da bildirir ki, Müsavat başqanı bir vaxtlar çox vədlər verirdi. Lakin bu günə kimi, onun vədləri də özü kimi, mənasızdır. Bu gün Müsavat başqanının partiyada bir qəpiklik belə qiyməti yoxdur. Belə olan halda, onu müdafiə etməyə də ehtiyac duyulmur. "VAMBP" sədri İ.Qəmbərovun zaman-zaman öz çirkin iddialarını reallaşdırmaq üçün "cırtdan" partiya sədrlərindən istifadə etdiyini də deyib: "Ancaq planlarını tam başa çatdırdıqdan sonra həmin partiya sədrlərindən imtina edib. Necə ki, İ.Qəmbərov "Bizim Azərbaycan" adlı qondarma qurumdan uzun müddət rəqiblərini söymək üçün istifə etsə, də sonradan onlar haqqında təsisçisi olduğu "Yeni Müsavat" qəzetində tükürpədici yazılar yazdırdı. Düzdür, təhqirə dözümsüz yanaşan "Bizim Azərbaycan" blokunda təmsil olunan partiya sədrləri İ.Qəmbərovla əlaqələrini kəsdiklərini bildirdilər. Hətta Müsavatı qurumdan çıxarıb, ayrıca fəaliyyətə başladıqlarını bəyan etdilər".
Məsələyə münasibət bildirən Müsavat partiyasının funksioneri Şirzad Hümmbətov və Seymur Dayamirov bildirdilər ki, İ.Qəmbərov maraqları naminə yenidən H.Əzimovdan, V.Hacıbəylidən istifadə etməsi başqanın dəyişməz ampluada olduğunu bir daha göstərir. Görünür, sadəlövh H.Əzimov İ.Qəmbərovla əməkdaşlıqdan məmnun qaldığını söyləyib: "Biz İ.Qəmbərovla ağa-qul prinsipini aradan götürməyə qərar verdik. Bundan sonra o, bizə şəxsi təsərrüfat işçisi kimi baxmayacaq. Biz də çalışacağıq ki, onun istənilən tapşırığını canla-başla yerinə yetirək".
Müsavat funksionerləri onu da bildirdilər ki, hər halda istər H.Əzimov, istərsə də digər partiya liderləri qarşıdan gələn bələdiyyə seçkiləri ərəfəsi İ.Qəmbərovun hiyləsinin qurbanına çevrilməyəcəklər.