“SOROS” fondu müxalifəti dirçəltməyə çalışır
Son vaxtlar dağınıq və pərakəndə halda olan müxalifətin dirçəldilməsi istiqamətində cəhdlər göstərilir. Xüsusilə də, "Azadlıq" blokunda təmsil olunan partiyalara və Müsavata daha çox xarici yardımların edildiyi müşahidə olunur. Kimlərdir onlar? Və ya hansı qruplardır ki, batmaqda olan gəmini xilas etməyə çalışırlar? Araşdırmalara və əldə etdiyimiz sənədlərə istinadən, demək olar ki, bu maraqlı qruplar Qərbdə və Avropada destruktiv qüvvələr kimi tanınan fondlardır. Hansı ki, bu şişman fondlar Ukraynada, Gürcüstanda, Anqolada, Qırğızıstanda, Venesuelada və digər zəif hakimiyyətlərin mövcud olduğu ölkələrdə öz pozuculuq planlarını həyata keçiriblər. Hətta güclü maliyyə yardımı ilə hakimiyyətlərin dəyişdirilməsinə də nail olublar. Amma zaman göstərib ki, nəhayət xalq ayağa qalxıb öz haqlarını tələb ediblər. Bu isə nəticədə, həmin ölkələrdə insan qırğınlarının baş verməsinə gətirib çıxarıb. Uzağa getməyib, hazırda Gürcüstanda baş verən acınacaqlı olayları misal göstərmək olar. Bir neçə il əvvəl Qərbin, xüsusilə də, "SOROS" fondunun maddi və mənəvi dəstəyi ilə Şevardnadze iqtidarını devirib, hakimiyyətə gələn Mixail Saakaşvili hazırda hakimiyyət sükanını əlindən aldığı xələfinin aqibəti ilə üzləşib. Demək olar ki, Gürcüstan idarəedilməz durumla üzləşib. Ölkədə xaos, anarxiya höküm sürür, qarətlər, oğurluq halları, insan qətlləri adi hala çevrilib. Bu dəfə isə, Qərb təmsilçisinə kömək edə bilmir. Çünki gürcü xalqı qəti mövqeyini ortaya qoyub: M.Saakaşvili hakimiyyətdən getməlidir.
Qısası, sözümüzün əsas məğzi ondan ibarətdir ki, Gürcüstana "firavanlıq" gətirən "SOROS" kimi fondlar xalqından qisas almaq fürsəti axtan bəzi ölkələrin müxalifət partiya liderlərini fəaliyyət dairələrinə salmağa cəhdlər göstərir. Araşdırmalara əsaslanaraq, demək olar ki, pozucu niyyətli fondların qarmağına düşənlər sırasında Azərbaycan müxalifəti də var. Daha doğrusu, artıq Müsavat və "Azadlıq" blokunda təmsil olunan partiyalar "SOROS"-la əməkdaşlığa razılıq verib. Hətta AXCP (i) sədri Əli Kərimovun və Müsavat başqanı İsa Qəmbərovun "SOROS"-un nümayəndəsi Conatan Merkerin vasitəsilə 65 min dollar aldığı bildirilir. Qarşılıqlı öhdəliklər isə İ.Qəmbərovun Türkiyə səfəri zamanı götürüldü qeyd olunur. Təəssüf ki, müqavilənin detalları barə də konkret məlumat əldə edə bilmədik. Sadəcə, İ.Qəmbərov görüləcək əməli işə görə əlavə vəsait alacaqlarına söz verib.
Düzdür, "MBH" sədri Lalə Hacıyevanın təmsilçisi, ALP-nin sədr əvəzi Əvəz Temixan adlarının "SOROS"-la əməkdaşlıq edən partiyalarla eyni sırada çəkilməsinin əleyhinə olduqlarını söyləyib. Bizimlə söhbətində Ə.Temirxan bildirib ki, L.Hacıyeva hər zaman əxlaqlı siyasət aparmağın tərəfdarıdır: "Biz hər cür separatçı meyilli əməllərə qarşıyıq. Əgər hansısa partiya Konstitusiyaya zidd addımlar atarsa, ALP sərt şəkildə onlara qarşı çıxacaq".
"VİP" sədri Əli Əliyev də sizin kimi düşünürmü" sualına Ə.Temixan "bu barə də, konkret fikir bildirməyə çətinlik çəkirəm, amma bildiyimə görə, Ə.Əliyev məsələdə adlarının çəkilməsi üçün Ə.Kərimova xəbərdarlıq edib. Ümumiyyətlə, cəmiyyətdə milli birliyin tərəfdarı olan, Azərbaycanın uğurlu inkişaf yolu ilə irəliləməsində maraqlı olan hər bir azərbaycanlı, o cümlədən, partiya sədri maddi maraqlara görə, xarici qüvvələrlə əməkdaşlıq etməməlidir" deyə cavab verib.