"Xalq arzusu" hərəkatının sədri Asəf Quliyevi də dəstəkləyənlər kifayət qədərdir
Son zamanlar AXCP sədri Əli Kərimlidən imtina edənlərin Razi Nurullayevin yaratdığı alternativ AXCP-yə tranfer olunmaları partiya sıralarının kəskin şəkildə azaldığını sübut etməkdədir. Lakin bu günlərdə edilən daha bir etiraf da belə qənaətə gəlməyə zəmin yaradır ki, belə getsə, Əli Kərimlinin rəhbəri olduğu AXCP uzağı bir neçə müavinindən və qovluqdan başqa heç nəyə sahib olmayacaq. Belə ki, ona uzun illər müavinlik etmiş daha bir sabiq cəbhəçi - "Xalq arzusu" hərəkatının sədri Asəf Quliyev onlarla cəbhəçinin onun qurumuna tranfer olunduqlarını bildirib. Xatırladaq ki, Asəf Quliyev 2013-cü ilin prezident seçkiləri öncəsi Əli Kərimlinin uğursuz siyasətinə etiraz əlaməti olaraq AXCP sıralarını tərk emişdi.
Hərəkat sədri: "Biz siyasi fəaliyyət göstəririk, mübarizə aparırıq" deməklə həm xalqı, həm də özlərini aldadırlar"
Bu arada Asəf Quliyev ənənəvi düşərgədə yalnız AXCP-nin deyil, digər siyasi partiyaların da zəiflədiyini iddia edir. O, qeyd edib ki, müxalifətin indiyə qədər ayaqda qalmasına səbəb medianın onların fəaliyyətini işıqlandırması sayəsində olub. Ancaq indi media zəif, gücsüz və heç bir siyasi hadisəyə təsir edə bilməyən müxalifəti real qəbul etmir. Bu isə ənənəvi düşərgənin getdikcə daha da zəifləməsinə səbəb olur. Çünki cəmiyyət də bunun şahididir: "Azərbaycan cəmiyyəti görür ki, partiyaların fəallığı sıfır həddindədir, siyasi mübarizə getmir. "Biz siyasi fəaliyyət göstəririk, mübarizə aparırıq" deməklə həm xalqı, həm də özlərini aldadırlar. Özünü aparıcı müxalifət sayan partiyalar 20 ildən artıqdır ki, heç bir müsbət nəticə əldə edə bilməyiblər. Bir partiyanın üzvlərinin sayını artırmaqla heç nəyə nail olmaq olmaz. Cəmiyyət aktivləşəndə, bu aktivliklə birgə hərəkət etmək olar. Hərəkatı yaradanda ilk vaxtlar yığıncaqlarımızın fotolarını paylaşdıq, sonra işlərimizi analiz edəndə gördük ki, bir təşkilatı genişləndirməklə, onun üzvlərinin sayını süni şəkildə artırmaqla müsbət nəticə əldə etmək olmaz. Azərbaycanda siyasi fəaliyyətin taktiki gedişi dəyişilməlidir. Biz məhz bu yolu tutmuşuq".
"AXCP-dən gedənlər arasında yanımıza gələnlər var"
Yuxarıda da qeyd etdiyimiz kimi, AXCP-nin sabiq sədr müavini, hətta istəməsə belə, adıçəkilən partiyadan "Xalq arzusu"na qoşulanların olduğunu dilə gətirib:"AXCP-dən gedəndə kimlərinsə yanıma gəlməsini istəmədim...Mənə AXCP-dən müraciət edənlər çox idi, amma əvvəlcədən dediyim kimi, heç kəsi özümlə hərəkata gətirmədim, onların partiyada qalmasını məsləhət gördüm. Fikrimcə, AXCP və ya Müsavatda qalanlar başqa yerə getməklə heç nəyi dəyişə bilməzlər. Partiyaların ətrafında bəlli bir elektorat var, elektoratın partiya dəyişməsi cəmiyyətə müsbət nə isə vəd etmir. Danmaq olmaz ki, son vaxtlar AXCP-dən gedənlər arasında yanımıza gələnlər var. Daha çox partiyalardan kənarda qalan müxalif düşüncəli, neytral insanları bir araya gətirib hərəkatımızda aktivliklərini artırmağa çalışırıq".
"Partiya sədrləri müxalifətin bu günədək gəldiyi yolun uğursuz nəticələrinə görə məsuliyyət daşıyırlar"
Asəf Quliyev daha bir maraqlı məqama toxunaraq deyib ki, AXCP-nin əsas məğlubiyyəti "Milli Şura"nın yaradılması zamanına təsadüf edir. Belə ki, Cəmil Həsənli "Milli Şura"ya sədr seçilərkən həmin quruma daxil olan partiyaların hər biri ciddi korroziyaya uğradı: "...2013-cü ildəki uğursuzluqdan sonra isə insanlar partiyaların ətrafından qaçmağa başladı. Bu da təbiidir. Özüm ömrümün böyük hissəsini partiyaya, siyasətə həsr etdim, ancaq müsbət nəticə görə bilmədim. İçimdə narazılıq oldu, bu qədər çalış, amma 2013-cü ildə keçirilən seçkinin sonu abstrakt bir şey oldu. İnsanlar da nəticəsizlikdən bezir. Bilirdim ki, partiyalarda dağılmalar, parçalanmalar olacaq. Sözsüz ki, gələcəkdə partiyalar arasında birləşmələr alınmasa, insanlar yenə siyasi partiyalardan uzaqlaşacaq. 2013-cü ildə Cəmil Həsənlinin namizədliyi təsdiqlənən iclasda çıxış elədim, bütün partiya sədrləri də iclasda idi, söylədim ki, 20 ildir aparılan səhv siyasi mübarizənin nəticəsində illərdir eyni şeyləri təkrar edirik. Partiya sədrləri müxalifətin bu günədək gəldiyi yolun uğursuz nəticələrinə görə məsuliyyət daşıyırlar. Müxalifətin uğursuz siyasətində birbaşa günahkar partiya sədrləridir. Müxalifətin nə istədiyi aydınlaşmalıdır. İllərdir ki, cəmiyyət bir sözü eşidir, deyirlər "demokratiya istəyirik". Demokratiya amal deyil, vasitədir. İynə pinəçi üçün nədirsə, demokratiya da siyasətçi üçün odur. Konkret məsələ qoyulub onun üzərinə gedilməlidir. Amma ortalıqda heç bir məsələ yoxdur".
Bu baxımdan, nəticə olaraq bu amili hasil etmək olar ki, Asəf Quliyev sözdə bütün müxalifət düşərgəsi barədə fikir bildirdiyini sərgiləsə də, onun əsas hədəfi bilavasitə AXCP sədri Əli Kərimlidir. Daha dəqiq desək, Əli Kərimlinin ətrafında qalan azsaylı elektoratıdır. Həmin elektoratın az müddət sonra Razi Nurullayev-Asəf Quliyev cəbhələrinə transfer olunmaları isə artıq an məsələsinə çevrilib.
Rövşən RƏSULOV