KÖŞƏ YAZISI
Əli hər şeydən üzülən Müsavatın eks-başqanı indi də günahkar axtarışındadır. Bu yerdə deyiblər ki, qara məni basınca, mən qaranı basım. Əslində, Müsavatın eks-başqanı İsa Qəmbərin nəinki bu xalq, bu millət qarşısında, o cümlədən vaxtilə rəhbərlik etdiyi partiya qarşısında da günahları böyükdür. Hətta o qədər böyükdür ki, indi orada baş verən proseslərə nəzər saldıqca, həmin günahlar daha çox görünməyə başlayıb. Ancaq di gəl ki, İsa Qəmbər o günahları boynuna almır? Yaxud İsa Qəmbər ömründə bircə dəfə də olsa törətdiyi günahını boynuna alaraq, həm müsavatçılar, həm də xalq qarşısında etiraflarını edibmi? Haqlı olaraq, oxucular mənim bu suallarıma etiraz edə bilərlər. Hətta deyə bilərlər ki, axı İsa Qəmbər nə vaxt reallıqdan, gerçəklildən çıxış edib ki, indi də günahlarını boynuna alsın. Haqlı iraddır. Düz sözə nə deyə bilərsən axı?
Qərəz, keçək əsas məsələyə. Müsavat partiyasının hazırkı vəziyyəti, baş verən istefalar, o cümlədən parlament seçkilərindən sonra ziddiyyətli ittihamlara nəzər salarkən, bu günlərdə İsa Qəmbərin fikirlərinə diqqət yetirdikdə, onun nə qədər siyasi həyasız insan olduğu aydın görünür. Bu, heç də təəccüb doğurmur. Çünki bu, onun üzüdür.
Müsavatın parçalanmasında əsas səbəbkar məhz onun özüdür
İsa Qəmbər dəfələrlə yazdığı fikri yenə də təkrar yazaraq bildirir ki, Müsavat daxilində gedən proseslərə rəğmən bu mübarizə iqtidarla Müsavat arasında olan məsələdir (?!). İsa Qəmbər Müsavat partiyasının dağılmasının, parçalanmasının günahlarını atır iqtidarın üzərinə ki, sən demə oradakı narazılar hakimiyyətə işləyirmiş... Ancaq İsa Qəmbər gedənləri ittiham etməkdənsə, etdiyi əməlllərini götür-qoy etsin. O zaman görər ki, əslində, Müsavatın parçalanmasında əsas baiskar və ən yekəsi elə onun özüdür. Bu gün İsa Qəmbər formal olaraq Müsavatın rəhbəri olmasa da, Arif Hacılını və onun tayfa komandasını qeyri-formal olaraq idarə edir. Üstəlik, Arif Hacılı ona ünvanlanan istefa ərizələrini qəbul etməkdə tərəddüd edərkən, İsa Qəmbər onu həmin istefa ərizələrinə qol qoymağa təhrik edir və narazılara İsa Qəmbərin təkilfi ilə "hakimiyyətə işləyənlər" damğası yapışdırır.
Yaxşı, əgər bu, belədirsə, yəni İsa Qəmbər özünü, həqiqətən də haqlı hesab edirsə, nəyə görə illər öncə başlarını polis "dubinkası" altına soxan narazıları - Səxavət Əlisoyu, Vurğun Əyyubu, Əlövsət Talışxanlını və digərlərini hakimiyyətə işləməkdə ittiham etmirdi və onların etirazlarını real etiraz kimi qəbul etmirdi İsa Qəmbər?! Bax, məsələ də bundadır! Məsələ bundadır ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ona görə də İsa Qəmbər özünün günahkar olmasını etiraf etməyə cürəti çatmırsa, anlamsız ifadələri ilə bulandırmış könülləri daha da bulandırmasın və üzüsulu şəkildə siyasətdən ayrılsın. Çünki bu dəfə də sübut olundu ki, siyasət, həqiqətən də İsa Qəmbərin girə bildiyi kol deyilmiş!
RƏFİQƏ