Mütəllim Rəhimli: "AXCP ilə Müsavatı bir qazana qoyub qaynatsan belə onları birləşdirmək mümkün olmayacaq"
Müxalifətdaxili qarşıdurmalar yeni formatda, yeni mərhələdə davam etməkdədir. Diqqətçəkən məqm isə ondan ibarətdir ki, artıq qarşıduran tərəflər bir-birini radikal dini quruplaşmalara, pozucu qüvvələrə işləməkdə ittiham edirlər. Satirik yazar Mirzə Sakit konkret faktlara istinad etməklə qeyd edib ki, "Milli Şura"da təmsil olunanlar, xüsusilə də Əli Kərimli və Cəmil Həsənlini radikal dindarlarla iş birliyindədir. Müxalifətdaxili qarşıdurmalara münasibət bildirərkən "Ədalət" partiyasının aparat rəhbəri Mütəllim Rəhimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, siyasi təcrübədə həmişə eyni ideoloji-siyasi məqsədləri daşıyan qüvvələrin əməkdaşlığına rast gəlinib. Bu, özünü həm nəzəri baxımdan, həm də praktik olaraq doğruldur: "Düşünürəm ki, "Milli Şura" ilə dindarların məqsədləri arasında çox ciddi fərqliliklər mövcuddur. Ona görə də, bunlar arasında əməkdaşlıq anlaşılan deyil. Daimi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, "Milli Şura" dindarlardan həmişə öz məqsədləri üçün istifadə edib, sonra isə bu insanları köməksiz qoyaraq səhnədən çəkilib. Məhz buna görə indi də bir çox dindarlar həbsxanada əziyyət çəkirlər. Çünki dindarlar saf əqidəli, inanclı insanlardır, onlar digərlərinə də səmimi münasibət bəsləyirlər və etibar edirlər. Bu etibardan isə sui-istifadə edilməsi mənəvi baxımdan düzgün deyil. Ona görə də, dindarlar bu əməkdaşlıq məsələlərində olduqca diqqətli olmalıdırlar".
"Müxalifətin dağıdıcı qanadı daha çox radikal quruplaşmalarla, terrora meyilli dəstələrlə əməkdaşlıq edirlər. Sizcə, bunun səbəbi nədir" sualını cavablandıran M.Rəhimli bildirdi ki, radikallıq anlayışı indiki dövrdə yalnız fəlakət, dağıdıcılıq, vətəndaş müharibəsi, aclıq, səfalət kimi arzuolunmaz situasiyaların sinonimi kimi çıxış edir: "Əksər hallarda radikallar xarici güclərin əlində alətə çevrilir və mövcud olduğu ölkəyə qarşı təzyiq aləti kimi istifadə olunur. Ona görə də regionda baş verən mürəkkəb vəziyyəti nəzərə alaraq milli maraqlar naminə hər hansı radikallığın yolverilməz olduğu düşüncəsindəyəm. Bunu həyata keçirən qüvvələrə isə münasibətim mənfidir və düşünürəm ki, onlar reallıq hisslərindən kənardadırlar".
"Əli Kərimlinin keçirdiyi qurultayın nəticələri Ədliyyə Nazirliyi tərəfindən tanınmaması və rədd edilməsindən sonra demək olarmı ki, Əli Kərimli və onun dəstəsi daha çox radikallığa meyillilik nümayiş etdirəcəklər" sualını cavablandıran M.Rəhimli bildirdi ki, bizim ölkədə xalq radikallığa dəstək vermir: "Artıq insanlar problemlərin məhkəmələr vasitəsilə həllini daha üstün tuturlar. AXCP-nin qurultayı ilə bağlı problem hüquqi məsələdir. Zənnimcə, bu məsələ elə hüquqi müstəvidə də həll olunmalıdır. Amma düşünmürəm ki, yaranmış situasiya hansısa qüvvənin radikallaşmasına rəvac versin. Çünki artıq burada qanunların pozulması halları yarana bilər ki, bu da həmin hərəkəti törədənlərin məsuliyyətə cəlb olunması ilə nəticələnər".
"Zaman-zaman Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Müsavat və AXCP-nin birləşməsi ideyası ilə çıxış ediblər. Amma bu reallığa çevrilməyib. İndi parçalanmış vəziyyətdə olan hər iki partiyanın birləşməsi üçün tarixi fürsət yarandığını demək olarmı" sualını cavablandıran M.Rəhimli qeyd etdi ki, AXCP ilə Müsavatı bir qazana qoyub qaynatsan belə onları birləşdirmək mümkün olmayacaq: "Çünki onların siyasi liderləri reallığa uyğun ambisiya nümayiş etdirmirlər. Ona görə də hər biri özünü alternativsiz, əvəzolunmaz lider hesab edir. AXCP ilə Müsavat arasında getdikcə dərinləşən ziddiyyətlər də məhz bu partiya rəhbərlərinin iddiasından qaynaqlanır. Neçə ki, hər iki partiyanın rəhbər strukturları tamamilə dəyişilməyib heç bir tarixi fürsət partiya liderlərinin şəxsi maraqlarına üstün gələ bilməyəcək. Deməli, bu iki partiyanın yaxın gələcəkdə birləşməsi, hətta səmimi əməkdaşlıq qurması gözlənilən deyil".
GÜLYANƏ