AXCP-Müsavat savaşı: hər iki partiya yolun sonunda
Seçkilər ərəfəsində AXCP və Müsavat partiyaları arasındakı qarşıdurmalara müəyyən pauza verilsə də, seçkidən sonra həmin vəziyyət yenidən alovlanmağa başlayıb. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki radikal müxalifət partiyalarının bir-birlərini qəbul etmələri arxasında dayanan köklü səbəblər yenə də, ilk növbədə "ana müxalifət"çilik iddiasıdır. Halbuki ictimai rəy nə Müsavatı, nə də AXCP-ni nəinki "ana müxalifət", heç normal müxalifət partiyaları kimi də qəbul etmir.
Qabil Hüseynli: "Onlar uzun illər kiçilə-kiçilə bu günümüzə gəlib çatıblar"
Müxalifət düşərgəsindəki son proseslər, partiyalararası münasibət, liderlərin qarşılıqlı ittihamları və sair məsələlərlə bağlı politoloq Qabil Hüseynli Müsavat və AXC partiyaları arasında yaşanan gərginliyin səbəbini müxalifət funksionerlərinin qarşılıqlı ittihamlarında gördüyünü bildirib: "Bu, çox ciddi surətdə müxalifətin indiyə qədər uğur qazanmamasının səbəblərini göstərən amillərdən biridir. Hər dəfə də siyasi liderlərin barışmaz münasibətləri, ölçüsüz ambisiyaları, güzəştə getmək mədəniyyətlərinin olmaması nəticə etibarilə təşkilatların bir-biri ilə çətinliklə əldə edilmiş siyasi inteqrasiyasını dağıdıb. Arada itirən isə müxalifət partiyalarının sıravi üzvləri olur. Demokratik proseslərin inkişafı ilə bağlı problemlər meydana gəlir. Mən sıravi üzvləri qınayıram ki, onlar dəfələrlə bu cür hərəkət edən liderləri haqqında ölçü götürmürlər. Partiya üzvlərinin səlahiyyətləri var ki, baş verən hadisələr haqqında öz liderlərindən ətraflı izahat alsınlar. Bu izahatlar üzvləri təmin etmədikdə, fövqəladə qurultay çağırıb onları idarə edənləri təşkilati formada cəzalandıra bilərlər. Lakin təəssüf ki, bütün bunlar baş vermir. Aşağı partiya təşkilatlarına daxil olan sıravilər liderlərin ağzından çıxanları az qala müqəddəs kəlam kimi qəbul edir, onların arxasınca gedirlər. İndiyə qədər 20 ildən artıq müddətdə baş verən məğlubiyyətə görə də heç kim cavabdehlik daşımaq istəmir. Ümumiyyətlə, ötən müddətdə müxalifət çox şey itirib. Ən əsası, müxalifət xalqdan uzaq düşüb və xalq onlara inanmır. Müxalifətin elektoral bazası çox ciddi surətdə daralıb. Bütün bunların səbəbi siyasi liderlərin bu cür ambisioz hərəkətlərində, xalqa vəd verib onu yerinə yetirməməkdə, xalq qarşısında məsuliyyət daşıyıb-daşımamalarını dərk edə bilməmələrindədir". Q.Hüseynli bu hadisələr fonunda "Milli Şura" ilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, ölü qurumun yenidən dirçəlməsi çox gülüncdür: "Çünki "Milli Şura"nı dirçəltmək üçün oraya yeni-yeni siyasi partiyaları qəbul etmək, xalqın inamını bərpa eləmək lazımdır. Bunların heç biri mümkün deyil. Misal üçün, ALP ilə yenidən danışıqlara başlasalar da, ortada heç bir nəticə yoxdur. Lap elə ALP ora gəlsə, nə dəyişəcək ki? Zəif və eloktoral bazası olmayan bu cür kiçik partiya ilə ciddi irəliləyiş əldə etmək mümkün deyil. Hazırda "Milli Şura"nın ayaq üstə durması üçün ən mühüm məsələ xalq ilə körpülərin qurulması, vətəndaşların etimadının qazanılmasıdır ki, bu da çox ciddi şəkildə sarsılıb. Bu mənada "Milli Şura" ideyası artıq iflasa uğrayıb.
Müxalifətə başqa düşmən lazım deyil...
Q.Hüseynli partiyalararası qarşıdurmaya münasibət bildirərkən vurğulayıb ki, əslində, müxalifətə başqa bir düşmən lazım deyil: "Çünki düşərgə təmsilçiləri özləri özlərinə ən ağır zərbəni endirirlər. Müxalifətin içində elələri var ki, onlar öz əməllərilə düşərgəyə daha çox zərbə vururlar. Dağıdıcı müxalifət partiyaları daxilində ciddi siyasi fikir ayrılıqlarından yaranan parçalanmalar, kütləvi istefalar baş verir. Partiyalar yeniləşmədən, partiya liderləri öz postlarına yeni baxışlı, siyasi dünyagörüşlü şəxslər yetişdirmədən prosesləri irəliyə doğru aparmaqda ciddi çətinliklərlə üzləşəcəklər".
Nüşabə Sadıxlı: "Satqınlar Əli Kərimlinin yanında yer aldı"
Müsavat partiyası məclisinin sədri Nüşabə Sadıxlı da AXCP-Müsavat arasında baş verənlərdə əsas günahkar Əli Kərimli olduğunu deyib. Müsavatçı funksioner bununla belə, hər zaman Müsavatın barışıq üçün ilk addım atdığını iddia edib və qarşıdurmaların da məhz barışıq nəticəsində sona çatacağını deyib. Buna rəğmən, hazırda düşmənçiliyin əsas səbəbkarı kimi yenə də AXCP rəhbərliyində olduğunu vurğulayıb: "Günahkar Əli Kərimlidir. Problem bir ideologiya ətrafında birləşməməkdir. Əbülfəz Elçibəy üçün Müsavat və AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi. Mən onun iştirakı ilə AXCP rəhbərliyinin son yığıncağını xatırlayıram. Sonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığıb tövsiyələr verdi. Onun müşaviri kimi mən də orada iştirak edirdim. Birinci müavini Əli Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Ancaq bəyin dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu. Müsavat o zaman Mirmahmud Mirəlioğlunun sonradan KXCP-yə dönüşən qanadını müdafiə etdi. AXCP-yə və Elçibəyə xəyanət edənlər Əli Kərimlinin yanında yer aldı. Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız, xırda hisslərdən xilas ola bilmirlər".
Beləliklə, məsələ tamamilə aydındır. Guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiyada təmsil olunanlar nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilirlər. Bu isə sonu olmayan bir yola bənzəyir. Daha dəqiq desək, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib.
Ü.ƏSGƏROV