Bu gün müxalifət düşərgəsi birmənalı şəkildə, demək olar ki, qaynar qazana bənzəyir. Biri-birini söyən, təhqir edən partiya funksionerlərinin ittihamları mətbuat səhifələrini bəzəməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifət düşərgəsindən yeni qopmaların və parçalanmaların olması qaçılmazdır. Daha doğrusu, Müsavatın uğursuzluqla nəticələnən 10 sentyabr qurultayından sonra əksər rayon təşkilatları buraxıldıqlarını elan edərək, Qubad İbadoğlunun yaratdığı ADR-ə keçdiklərini bəyan ediblər. Eyni proses Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də də baş verməkdədir. Partiyanın keçmiş sədr müavini Razi Nurullayev AXCP etimad qurultayı yaradaraq, əsl AXCP-yə iddialı olduğunu bəyan edib. Bir neçə həftə öncə qurultay keçirən R.Nurullayev hüquqi cəhətdən AXCP-yə sahib olmaq üçün müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Ə.Kərimli də keçirdiyi qurultayın nəticələrinin reysterə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmişdir. Bəlli olan fakt ondan ibarətdir ki, Ədliyyə Nazirliyi qanuna müvafiq addım atmaqla, tərəflərin sənədlərini geri qaytarıb. Nazirliyin tövsiyəsində məsələnin məhkəmə müstəvisində həll olunması qeyd edilib.
Müxalifət dərslərdən niyə nəticə çıxarmır?
Müxalifətdaxili qarşıdurmalar yalnız AXCP-Müsavat daxilində baş vermir. Eyni proses digər partiyalarda da, eləcə də ADP, KXCP, "Ümid" və digər partiyalarda böhranlı vəziyyətin son dərəcədə kritik olduğu müşahidə edilir. Daha dəqiq desək, KXCP sədrinin müavini Oqtay Güləliyevin "Milli Şura"da təmsil olunduğu halda Mirmahmud Mirəlioğluna meydan oxuması partiyada müəyyən problemlər yaratmışdır. Vəziyyətdən çıxmaq üçün M.Mirəlioğlu O.Güləliyevin müavinlikdən və partiya sıralarından çıxarılması haqqında qərar verdi. Məhz bu da partiyadaxili çəkişmələrin yeni müstəviyə keçməsinə əsas olub. Demək olar ki, yaxın vaxtlarda O.Güləliyev də R.Nurullayev kimi alternativ KXCP yaradacağı ehtimal olunur.
Ümumilikdə sual yaranır. Müxalifət partiyalarının dağılmasının səbəbi nədir və ya niyə təşkilatlar formalaşa, güc mərkəzinə çevrilə bilmirlər? Suala aydınlıq gətirmək üçün bir məsələni qeyd etmək lazımdır ki, müxalifət liderləri həddindən artıq iddialı və təkəbbürlüdürlər. Heç zaman biri digərinin təkliflərini və ya ideyalarını qəbul etmirlər. Yəni hər kəs özünü müxalifətin aparıcı lideri kimi görmək və bunun uyğunda mübarizə aparmağa can atır. Hətta bunu açıq şəkildə büruzə verənlər olur. Misal kimi bu günlər AXP-nin sədri Pənah Hüseyn seçki məğlubiyyətinin günahkarlarının İsa Qəmbər, Ə.Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu və digərlərinin olduğu bildirərək müxalifətin formalaşmasına ehtiyac olduğunu qeyd edib. P.Hüseyn müxalifətin yenidən təşkilatlanacağı təqdirdə, onun lider olmağa hazır olduğunu bəyan edib. Təbii ki, yuxarıda qeyd etdiyimiz birinin digərinin dediyi təklifləri qəbul etməmək prinsipi P.Hüseynin səsləndirdiyi fikirlərdə də özünü göstərir. Mətbuata açıqlama verən partiya sədrləri P.Hüseynovi tənqid atəşinə tutublar. Bu baxımdan, demək olar ki, digər iddialı partiya sədrləri kimi P.Hüseynin da arzu etdikləri yalnız kağız üzərində qalacaq. Məhz qeyd etdiyimiz bu misaldan çıxış edərək, vurğulamaq da olar ki, müxalifət partiyalarının dağılmasının başlıca səbəbi biri-birini qəbul etməməsidir. Birmənalı şəkildə onu da vurğulamaq olar ki, hazırkı müxalifətdaxili qarşıdurmaların davamı olaraq partiyalardan növbəti qopmalar baş verəcək.
İ.ƏLİYEV