PDF Oxu

Müxalifət

  • 1 998

Ermənistan: siyasi-iqtisadi böhranın real nəticəsi-hərbi fiasko

image

Aclıq və səfalət içində çabalayan işğalçı ölkənin ordusu mənəvi-psixoloji, maddi-texniki və sosial-iqtisadi problemlər içində məhvə sürüklənir

Son vaxtlar dünyada və regionda baş verən hadisələr Ermənistanın siyasi-iqtisadi və sosial durumunu ağırlaşdırıb. Böhran işğalçı ölkənin ən çox önəm verdiyi sahədə - hərbi sahədə öz dağıdıcı təsirini daha çox göstərib. Ölkənin sosial-iqtisadi və maliyyə sektorunda yaranmış dərin çatlar, eləcə də siyasi müstəvidə hakimiyyətdəki oliqarxların bütün opponentlərinə qarşı qəddarcasına münasibətləri bu problemlərin daha da dərinləşməsinə səbəb olub.

Yaranan durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Bu yerdə Ermənistan ordusunun durumunu analiz etməyə dəyər.

Erməni ordusunun acı statistik rəqəmləri

Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlarda sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2014-cü ilə nisbətən 2015-ci il ərzində təxminən 33 faiz artıb.

Ermənistanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata görə, 2014-cü il ərzində 41 hadisə nəticəsində 45 əsgər ölümü halı qeydə alınıb. 2015-ci ildə isə orduda 76 ölüm hadisəsinin 41-i Azərbaycan Ordusu ilə döyüş toqquşması zamanı baş verib. 3 hərbçi qətl, 6-sı intihar, 21-i bədbəxt hadisə, 19-u yol-nəqliyyat hadisəsi, 1-i qumbara partlayışı, 4 nəfər isə sağlamlıq problemləri səbəbindən ölüb. Verilən məlumata görə, 2015 -ci il Ermənistan ordusunda 31 nəfər hərbçinin 24-ü Dağlıq Qarabağda təmas xəttində, 7 nəfəri isə Ermənistan ərazisində həlak olub. Ötən ildə isə 20 hərbi qulluqçunun 17 nəfəri Dağlıq Qarabağ ərazisində, 3 nəfər isə Ermənistan ərazisində həlak olub. Rəqəmlərdən də göründüyü kimi, hərbçilər arasında ölüm sayının artımı nəzərəçarpacaq qədərdir.

Əgər faizlə desək, son iki il ərzində Ermənistan ordusunun cəbhə bölgəsində ölənlərin sayı 2013-cü ildə 10 %, 2014-cü ildə 44,4 %, 2015-ci ildə isə 59,9 % artıb.

Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və "dedovşina" hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda orduda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalmaları heç kəsi təəccübləndirmir. Erməni ordusunun şəxsi heyəti arasında az qala gündəlik normaya çevrilməkdə olan homoseksualizm faktları ötən illərə nisbətən cari ildə daha da çoxalıb. Durum o qədər acınacaqlı hal alıb ki, ordu rəhbərliyinin göstərişi ilə xüsusi hərbi həkim komissiyası yaradılıb. Hərbi təhsil sahəsində də durum pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin surətdə azalıb.

Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. Məhz bu səbədən də Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı ötən illərə nisbətən 2 dəfə artıb. Bütün bunlar Ermənistan və Qarabağda yerləşən hərbi hissələrdə baş verən bu və ya digər hadisələrin yalnız bir qismidir.

Vazgen Sarkisyan və Armenak Xanferyants adına hərbi məktəblərin müdavimləri ilə görüşündə müdafiə naziri Seyran Ohanyan ordudakı problemlərin yetərincə olduğunu etiraf etməklə yanaşı bildirib: "Dövlətin mövcudluğu indiki iqtisadi və maliyyə böhranlarına görə təhlükə altındadır. Bu problemləri dəf etməyin bircə yolu qalıb ki, bizlər erməni milliyyətçiliyini gənclər arasında üstün səviyyədə inkişaf etdirək. Hazırda orduda artilleriya, tank, aviasiya, hava hücumundan müdafiə, tibbi xidmət və digər sahələr üzrə 4 min nəfər zabit heyəti çalışır. Onların hamısı olduqca ağır maddi və sosial həyat tərzi şəraitində yaşamağa məcburdur. Bizlər bütün bunlara dözməliyik. Çünki 1918-ci il tarixdə ilk dəfə olaraq, Ermənistan adlı dövlətin yaranmasına nail olmuşuq. Bunu diqqətə alıb, hər cür çətinliklərə və ağırlıqlara dözməliyik".

MSX-nin əhalinin məskunlaşma və demoqrafik vəziyyəti üzrə idarə rəisi Karina Kumcyan mətbuat konfransında: "Son 11 ildə ölkədə demoqrafik durum fəlakətli həddə çatıb. Əsgəri yaş həddinə çatanların sayı hərbi səfəbərliklə bağlı tələb olunan normativlərə görə mənfi dərəcəyə enib. Prosesin belə davam edəcəyi təqdirdə, yaxın 10-15 ildə hərbi səfərbərliklə bağlı orduya çağırılanların sayı orta hesabla 60-70 faiz azalacaq. Baxmayaraq ki, silahlı qüvvələrlə bağlı bütün məlumatlar hərbi sirr olaraq saxlanılmalıdır, bu yöndə həyəcan təbilini çalmaq mənim vətəndaşlıq borcumdur".

İstefada olan general-mayor Arkadi Ter-Tadevosyan ordudakı problemləri diqqətlə təhlil edərkən, gəldiyi qənaət belədir: "İndiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər dərinləşməkdədir. On minlərlə müxalifət tərəfdarı mitinqlərdə məhz ordu tərəfindən təhdid olunmalarına görə, "orduya xidmət Serj Sarqsyan hərbi xuntasına xidmət deməkdir" fikrilə övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır. Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda müharibədə bizlər 6 min nəfər əsgərimizi itirmişik və bir o qədər də döyüşçümüz ömürlük əlil qalıb".

Beləliklə, göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Göründüyü kimi, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu ən qısa zamanda dağılacaq. Çünki artıq erməni xalqı aydın şəkildə bir daha görür ki, xalqın düşməni elə Ermənistan iqtidarıdır və bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa, özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ona görə də nə qədər gec deyil, Ermənistan cəmiyyəti Sarkisyandan xilas yolunu özü tapmalıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər