"Siyasi mühacirlər" kimin və nəyin quludurlar?
Məlum olduğu kimi, "Milli Şura"nın, Müsavatın mini-aksiyalarından sonra bir neçə cəbhəçi, müsavatçı özlərindən təqib və təzyiqlərə məruz qalan "müxalifətçi" obrazı yaradıb "siyasi mühacir" kimi xarici ölkələrə üz tuturlar. Ali təhsil almadan vəzifə tutmaq istəyən, fəhlə işləməyi özünə ar bilən, doğma ölkəsində zəhmətlə pul qazanıb ailəsini saxlamağı bacarmayan bu şəxslərin istəkləri tamamilə başqadır. Necə olursa-olsun, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq, iqtidarın həyata keçirdiyi uğurlu layihələrə kölgə salmaq və yenidən vətənimizi döyüş meydanına çevirmək bu şəxlsərin əsas məqsədləridir. Heç şübhəsiz ki, "siyasi mühacir" oyunları da beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa hesablanmış addımlardır. Təbii ki, ilk olaraq, bu addımlar "cəzbedici" görünsə də, bu məsələdə də uduzan tərəf yenə də həmin anti-milli qruplar, şəxslərdir. Maraqlıdır, sülhün, əmin-amanlığın hökm sürdüyü, insanların dinc şəraitdə yaşadığı, Avropanın özünün belə müxtəlif istiqamətlər üzrə örnək götürdüyü Azərbaycanda-doğma vətənində yaşamaq istəməyən bu adamlar Almaniyaya "siyasi mühacir" adı altında gedərək, Suriya qaçqınları üçün nəzərdə tutulmuş düşərgələrdə yaşayırlar. Hər gün 6-da "padyom" verilir, insanlar növbəyə dayanıb, bir tikə çörək alır. Günorta və axşam da belə olur. Bu gün Azərbaycanda nə çörək növbəsinə durmağa ehtiyac var, nə də dövlət səni məcburən səhər saat 6-da yuxudan oyatmır. İstədiyin vaxt yuxudan durub, istədiyin vaxt da yatırsan, mağazalarımız da ərzaqla doludur. Bircə işləmək qalır ki, bu da özündən asılıdır. Yox, əgər ali təhsil almadan, heç bir təcrübə toplamadan, özünü təsdiq etmədən vəzifə sahibi olmaq istəyirsənsə, o zaman elə qaçqın düşərgəsində yaşasan daha yaxşı olar. Aylıq 4000-5000 min funt-sterlinq havayı pul alacağını düşünüb, Avropaya qaçan cəbhəçilərin, müsavatçıların "əqidələri" harda qaldı bəs!? axı bu adamların davası vəzifə, pul üstündə deyilsə, o zaman öz əqidəsinə niyə xilaf çıxırlar? Və ya öz "əqidəsindən" havayı pul qazanmaq üçün istifadə etməyin adı nədir bəs!? Əgər buna əqidə demək mümkündürsə...
Zaman-zaman müxtəlif fotolarla, qəbzlərlə, rəylərlə, səs yazıları və videogörüntülərlə sübut etmişik ki, AXCP sədri Ə.Kərimli və Müsavat başqanı A.Hacılı "siyasi mühacir" biznesi ilə məşğuldur. Adının çəkilməsini istəməsə də, (ancaq mən çəkəcəm), İsmayıl adlı müsavatçı etiraf edir ki, həqiqətən də, A.Hacılı ilə razılığıa gəlib, Avropaya getmək mümükündür: "Hətta qarşına ölkələr də qoyulur ki, seçim edəsən. A.Hacılı əvvəllər bu işi baha qiymətə yoluna qoyurdu. İndi isə bu iş üçün 5 min manat da kifayət edər. Lakin bunun üçün onların da şərtləri var. Əvvəla, Müsavatın mitinqinə özünlə bərabər bir neçə nəfər adam gətirməlisən. Bundan başqa, mitinqlərdə kiminləsə yalandan da olsa, dalaşmalısan, özünü döydürməlisən və şəkil çəkib hazırlamalısan ki, guya iqtidar səni döyür. Həmçinin, Avropada əldə edəcəyin pulun 5%-ni hər ay Müsavata göndərməyə məcbursan. Yox, əgər bunu etməsən, səni Azərbyacan deport da etdirə bilirlər". Yəni bu qədər bəsit.
Politoloq Ülvi Məmmədov son vaxtlar dağıdıcı müxalifətin, xüsusilə, "siyasi mühacir" oyunları ilə məşğul olması ilə bağlı "SƏS" qəzetinə maraqlı açıqlamalar verib. O, qeyd edib ki, bu plan dağıdıcı müxalifətin planı deyil: "Dağıdıcı müxalifətin əsas işi buradan yaxşı pul və gəlir əldə etməkdir. Düzdür, ölkəmizin imicinə zərbə vurmaq kimi heç bir məntiqə sığmayan məqsədləri də vardır. Amma bu adamları yönəldənlər xaricdə oturublar. O kəslər ki, Azərbaycana qarşı daim kəskin, düşmən mövqedə durublar. O kəslər ki, onların Azərbaycanda maraqları təmin olunmayıb. Xüsusilə də, erməni milyarderlərinin quluna çevrilən xarici "donor" təşkilatların əsas məqsədi Azərbaycanda narazı kütlə formalaşdırmaq idi. Ancaq buna nail ola bilmədilər. Çünki ölkəmizdə oturuşmuş, daim inkişaf edən sistem var. Bu baş tutmayandan sonra qərar verdilər ki, müxalifətçiləri Avropaya "daşımaqla" guya Azərbyacana zərbə vurmuş olacaqlar. Ancaq bu da keçərli, uzunmüddətli və effektli plan deyil. Yaxşı olardı ki, Ə.Kərimli, A.Hacılı, M.Mirəlioğlu, S.Əkbər, S.Cəlaloğlu yerlərini normal insanlara təhvil versinlər ki, ölkəmzidə normal müxalifətçilik mühiti formalaşsın. Bu adını çəkdiyim adamlar müxalifətçiliyi dövlətlə "döyüşməkdə", anti-milli addımlar atmaqda, öz çıxarları üçün ermənilərlə də işbirliyində görürlər. Elə başa düşürlər ki, müxalifətçilərin yaxşısı da pis deməkdir. Ancaq əsl müxalifətçilik həqiqəti söyləməkdir. Təəssüf ki, bizdə belə bir əziyyət yoxdur".
Samir