TƏRS BAXIŞ
2018-ci ilə "hazırlıq" partiyalararası gərgin münasibətləri daha da qızışdırdı
Ənənəvi müxalifət düşərgəsində iki "ana müxalifət" iddiası ilə çıxış edən partiyalar - Müsavat və AXCP arasındakı gərginliklər başa çatmamış, qarşıdurmalara səbəb olacaq növbəti faktor bu amili yeni mərhələyə daşıyıb. Belə ki, artıq 2018-ci ildə keçiriləcək prezident seçkilərinə "hazırlıqla" bağlı ortaya qoyulan iddialar partiyalararası gərginliyin bundan sonra, ümumiyyətlə, normallaşmayacağına verilən ən bariz nümunədir.
Artıq həm Müsavat, həm də AXCP yenidən öz mövqelərini tutaraq, dididşmələrə hazırlıq görürlər
Yeri gəlmişkən, bu günlərdə AXCP daxilində "Azadlıq" qəzetinə ayrılmış məbləğlə bağlı Qənimət Zahidlə yaşanan məlum gərginlikdən sonra sədr Əli Kərimlinin ehtiyat planını işə salması və sosial şəbəkədə "2018-ci ilə hazırlıq"la bağlı işlərə başlaması elanını verməsi, əlbəttə ki, əbəs deyil. Çünki son günlər sosial şəbəkədə Müsavat tərəfdarları da fəallaşmağa başlayaraq, 2017-ci ilin Müsavatın ili olduğunu iddia edirlər. Düzdür, bu iddialara inananlar olmasa da, söhbət ondan gedir ki, artıq həm Müsavat, həm də AXCP yenidən əski səngərlərinə qayıdaraq, didişmələrə hazırlıq görürlər. Əbəs yerə deyil ki, müsavatçı funksioner Razim Əmiraslanlı yuxarıda qeyd edilən şüarı feysbuk sosial şəbəkəsində yerləşdirdikdən sonra, müsavatçılarla yanaşı, cəbhəçilər də öz statuslarını yazmağa başladılar.
Müsavatçı Razim Əmiraslanlının başlatdığı kampaniyanın ağır nəticələri...
Xüsusilə, Ə.Kərimlinin adamları R.Əmiraslanlının iddialı şüarını məsxərəyə qoyur, müsavatçıların utopiyaya qapıldıqlarını bildirirlər. Söz savaşları isə kifayət qədərdir və artıq tərəflər arasındakı məsələ təhqir etmək müstəvisinə qədər inkişaf edib və beləliklə, bir daha aydın olur ki, AXCP və Müsavat partiyaları arasında qarşıdurmalar əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında, gözə görünməsə də, bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur. Bu mövcudluq hazırkı dövrə qədər gəlib-çatıb. Bunu inkar etməyə isə, ümumiyyətlə, heç bir sübut yoxdur.
Bu gün AXCP-nin əbədi və əzəli "mehriban düşməni" olan Müsavat partiyası ilə də münasibətlərinin son həddədək pisləşməsi, yəni seçkilər ərəfəsində köhnə məsələlərin qabardılması, bir daha bütün kartları açıq edir. Onu da qeyd edək ki, "Milli Şura"dakı "müttəfiqlikdən" öncə, onlarla birliklərdə təmsil olunan hər iki partiya lideri son anda azğın düşmənlərə çevrilərək, bir-birlərinin siyasətlərini həzm etməyiblər. Məsələn, hələ 2000-ci il parlament seçkilərində Müsavat partiyasının başqanı İsa Qəmbər mərhum Elçibəyin xeyrinə geri çəkilməyərək, öz namizədliyini irəli sürmüşdü. O, həmin vaxtlar mətbuata müsahibəsində qeyd etmişdi ki, əgər Ə.Kərimli öz partiya liderinə "bitmiş siyasətçi" damğasını vurursa, nəyə görə də Müsavat partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir.
Arif Hacılı Əli Kərimlidən Əbülfəz Elçibəyin qisasını almağa hazırlaşır?
Bu gün eyni məsələ təkrar olunur. Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanı Arif Hacılı eyni ifadələrlə Ə.Kərimlini "vurmağa" səy göstərir. Məsələn, o öz çevrəsinə deyib ki, Ə.Kərimli vaxtilə lideri Əbülfəz Elçibəyə xəyanət etdi, onu devirərək, AXCP-ni ələ aldı. Müsavatda isə pis-yaxşı başqan dəyişikliyi oldu və bu seçkilər yolu ilə reallaşdırıldı. Yəni A.Hacılı demək istəyir ki, İ.Qəmbərin başqanlıqdan getməsi Elçibəyin AXCP sədrliyindən qeyri-formal şəkildə uzaqlaşdırılması ilə bənzər deyil. Ona görə də, o, həm də keçmiş elçibəyçi kimi mərhum liderinin qisasını Kərimlidən almaq niyyətindədir. Yəni Hacılı sabiq başqan İ.Qəmbərin namizədliyinə dəstək qazandırmaqdan ötrü bir çox faktları açacağını deyir. Necə deyərlər, məsələ bu qədər bəsitdir...
Kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib
2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər isə gəlin AXCP və Müsavat qarşıdurmalarının son qarşıdurma illərinə nəzər salaq: 2003-cü ilin prezident seçkilərində qısa müttəfiqlik edən hər iki siyasi təşkilat arasında növbəti qalmaqal yaşandı. Belə ki, Müxalifətin Koordinasiya Mərkəzi adlı qurumda İ.Qəmbəri müdafiə edəcəyini bəyan edən Ə.Kərimli son anda AMİP rəhbəri Etibar Məmmədovu dəstəkləmişdi.
2005-ci ilin parlament seçkilərində boykot taktikasını tutan Ə.Kərimli bununla Müsavata qarşı "öldürücü" zərbə vurmuş oldu. Nəticədə, bir daha sübut olundu ki, ümumiyyətlə, nə AXCP, nə də ki, Müsavat partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda bir araya, yekdil fikrə gələ bilməyəcək.
Beləcə, 2013-cü ilin "Milli Şura" olaylarına qədər hadisələr davam etdi. İndi isə növbəti və daha kəskin savaşın baş qaldırması an məsələsinə çevrilib.
Lakin onu da xatırladaq ki, "Milli Şura"dan öncə, artıq fəaliyyətinə xitam verilmiş "İctimai Palata"da da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu.
Fiasko tendensiyasının reallaşması
Göründüyü kimi, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam çılpaqlığı ilə sərgiləməkdədir.
Beləliklə, yenidən başladılan əks-təbliğat kampaniyası isə növbəti mərhələyə keçid alıb. Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verəcək.
Rövşən NURƏDDİNOĞLU