TƏRS BAXIŞ
Suallar tükənmir, cavablar isə bəllidir!
Bir müddətlik sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat partiyası arasındakı ənənəvi intriqaçılıq qığılcımı yenidən alovlanmağa başlayıb. Lakin daha öncəkilərdən fərqli olaraq, bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı məkrli hücum taktikası seçərək, cəbhəçiləri ikitirəlik salmaqda və düşərgəyə xəyanətdə ittiham edib. Əslində isə, heç də yeni mövzu olmayan və davamlı olaraq, baş qaldıran hər iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də, ümumilikdə, belə vəziyyətdə ictimai rəyə, xüsusilə, siyasətlə maraqlanan kəsimə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolunma faktorunun təməli, məhz bu kimi qarşıdurmalardan qaynaqlanır.
Müsavat başqanının cəbhəçilərə qarşı total hücumlara başlaması arxasında hansı amillər dayanır?
Xatırlatmaq yerinə düşərdi ki, Müsavat başqanı Arif Hacılı hələ bu posta saxtakarlıq əməlləri vasitəsilə yiyələnər-yiyələnməz keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, onun AXCP ilə hər hansı bir problemi yoxdur və Müsavat rəhbərliyi cəbhəçilərlə yeni açılan səhifədən əməkdaşlığa gedə bilər. Hətta o, öz təklifləri ilə Əli Kərimlinin ayağına gedərək, xələfi İsa Qəmbərin AXCP-yə münasibətdə səhv olduğunu dolayısı ilə isbatlayaraq, "xoşməramlı" sələf olduğunu sərgiləməyə cəhdlər etdi. Çünki sirr deyil ki, Müsavatın AXCP ilə münasibətləri sonuncu dəfə birincinin "Milli Şura"nın sıralarını tərk etməsindən sonra pozulmuşdu. Həmin vaxt sabiq başqan İ.Qəmbər bəyan etmişdi ki, "Milli Şura" rusiyapərəst mövqedən çıxış edir və bu faktor Müsavatın qərbyönlü siyasəti ilə üst-üstə düşmür.
Ancaq Müsavatda başqan dəyişikliyi baş verəndən sonra A.Hacılı yenidən AXCP-yə əməkdaşlıq təklifini irəli sürdü. Lakin bu dəfə AXCP sədri Ə.Kərimli onun bu təklifinə, birmənalı olaraq, rədd cavabı verdi. Beləliklə, bəlli olduğu kimi, Hacılının sonrakı təşəbbüsləri də boşa çıxdı və beləlkilə, onun öz yerini möhkəmləndirməkdən ötrü AXCP-yə olan umacağı baş tutmamış qaldı.
Görünür, bu səbəbdən, Müsavat başqanı indi də "b" planını işə salaraq, cəbhəçilərə qarşı total hücumlara start verməyə hazırlıq görür. Artıq bunu sosial şəbəkələrdəki müsavatçıların statuslarında və müsavatyölü mətbuatda da görmək mümkündür. Düzdür, hələlik, müsavatçıların rəhbəri, bilavasitə ittiham fikirlərini irəli sürməsə də, onun müavinləri Ə.Kərimlini, AXCP-ni və "Milli Şura"nı çox kəskin şəkildə asıb-kəsirlər. Bu xüsusda, Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli, partiyanın mərkəzi icra aparatının sədri Gülağa Aslanlı, başqan müavini Səxavət Soltanlı, eləcə də, "Əhrar" partiyasının sədri, başqan A.Hacılının qardaşı Vaqif Hacıbəyli xüsusi canfəşanlıq göstərirlər.
Cəbhəçilər nəyə görə Əli Kərimlinin adının ikinci sırada yazılmasından hiddətləniblər?
Digər maraqdoğurucu məqamlardan biri isə A.Hacılının daha bir müavini - Osman Kazımlının Ə.Kərimliyə qarşı başladılan total hücumlara qoşulmasıdır və o öz partiyadaşlarından daha sərt tonda danışaraq deyib ki, Ə.Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür. Ümumiyyətlə, O.Kazımov sosial şəbəkələrdə az görünməyə çalışır, ancaq görünmədiyi vaxtlarda, əsas hədəf kimi, AXCP və "Milli Şura"nı, xüsusilə, Ə.Kərimlini özünəməxsus incə üsullarla "vurur".
Məsələn, O.Kazımlı "facebook" səhifəsində "Milli-Strateji Düşüncə Mərkəzi"nin rəhbəri İsa Qəmbərə, Müsavat partiyasının başqanı Arif Hacılıya, AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğluna birlik çağırışı etmişdi və belə bir məqamda, ilk baxışdan, təəccüblü nə isə görünmür. Yəni kənardan baxan belə düşünə bilər ki, O.Kazımov müxalifətə birlik çağırışı edib. Ancaq...
Ancaq sən demə Ə.Kərimlinin gözüaçıq sosial şəbəkə qrupları və saxta profillərlə onun reklamını aparanlar, bu məqamı tutublar, sonra da müsavatçıya qarşı həmləyə keçiblər. Baxın, cəbhəçilər müsavatçı Kazımlıya qarşı hücuma keçərək, nəyə görə sözügedən müraciətində AXCP sədrinin adının ikinci sırada (?!-R.R.) yer almasını ittiham, söyüş və təhqir ab-havası ilə soruşublar.
Bunun ardınca isə, AXCP sədri Ə.Kərimli "Azadlıq Radiosu"na açıqlamasında təklifə ciddi yanaşmadığını sərgiləmişdi. Həmim sitatı bir daha xatırladaq: "Biz bir yerdəydik, "Milli Şura"daydıq. Davam etmək istəsəydilər, bizimlə davam edərdilər. Çox təəssüf ki, "Milli Şura"nı tərk ediblər".
Nəticədə, qarşıdurma qızışıb və A.Hacılının göstərişinə əsasən, O.Kazımov dərhal Kərimlini hədəfə alıb. O öz növbəsində, bildirib ki, müxalifət liderlərinin yaranmış vəziyyəti birgə müzakirə etmələri təklifini xoş məramla, demokratik qüvvələrin, cəmiyyətin maraqları naminə vermişdi. Sitat: "Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür".
Beləlkilə, bir müddətlik sakitlikdən sonra "ana müxalifət" adı uğrunda barışmaz savaç aparan hər iki partiya - həm AXCP, həm də Müsavat yeni kontekstdə savaşa qalxmaq üzrədirlər. Bu dəfə A.Hacılı siyasi müxalifətdəki rıçaqları əlində saxlamaq üçün başqa yol tapa bilmədiyini açıq şəkildə nümayiş etdirir. Amma burada belə bir sual da yaranır - görəsən, Hacılı-Kərimli savaşından bu dəfə kim qalib ayrılacaq? Hər halda, onların arasında qalib müəyyənləşə bilər, lakin, bürövlükdə, onların hər ikisi məğluedilmişlər sıralamasında qalmaqda davam edəcəklər.
Rövşən RƏSULOV