“10 noyabr 2020-ci ildə imzalanmış bəyanat Azərbaycan-Ermənistan sərhədində buraxılış keçid məntəqəsinin qurulmasına imkan verdiyindən bu addım xeyli əvvəl də atıla bilərdi. Ancaq Azərbaycan rəhbərliyi son dərəcə səbirli və diqqətli davranaraq dünya ictimai rəyini bu prosesə hazırladı”. Bunu “Səs” qəzetinə açıqlamasında siyasi ekspert Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Almaniyada keçirilən mötəbər təhlükəsizlik konfransında dövlət başçımız həm Zəngəzur, həm də Laçın dəhlizində buraxılış-keçid məntəqələri qurmağı təklif etdi: “Ermənilər bu təklifi qəbul etmədilər və Azərbaycan tərəfi bu istiqamətdə zəruri hazırlıq addımlarını atdı. Artıq məntəqənin qurulması üçün heç bir maniə yoxdur və yaxın günlərdə bu addım atılmalıdır. Azərbaycan-Ermənistan sərhədində buraxılış keçid məntəqəsinin qurulması təbii ki, sülh danışıqlarını nəinki sürətləndirməyəcək, əksinə, bir az ləngidəcəkdir. Ermənilər öz xislətlərini bir daha nümayiş etdirib məqamdan istifadə edəcək, bütün dünyada yeni “haray-həşir kampaniyası” qaldıraraq bizi sülh danışıqlarını pozmaqda günahlandıracaqlar. Ancaq son aylar baş verən hadisələr göstərir ki, dünya dəyişib və artıq ermənilərin bəyanatlarına heç kim əhəmiyyət vermir. Bu səbəbdən qısa fasilədən sonra sülh danışıqları yenidən intensivləşəcək və ilin sonuna qədər “sülh sazişi” çox güman ki, imzalanacaq. Sərhəddə buraxılış-keçid məntəqəsinin qurulması son dərəcə mühüm əhəmiyyətə malik olduğundan sülh danışıqlarının bir qədər ləngiməsi ehtimalını belə nəzərə alıb mütləq bu addımı atmaq lazımdır. Hamımız bu mühüm və məsuliyyətli mərhələdə hakimiyyətin yanında olmalı, ona əlimizdən gələn köməyi göstərməliyik”.
GÜLYANƏ