Rusiyalı politoloq: Azərbaycan güclü mövqedən çıxış edir və danışıqlarda sərt mövqe nümayiş etdirir. Həqiqət, güc və haqq onun tərəfindədir.
Xəbər verdiyimiz kimi, rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən həftə ABŞ-da keçirilən 4 günlük danışıqlara ilk konkret qiymət verib. Belə ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Riqada latviyalı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında ABŞ-da Ermənistanla aparılan danışıqların ümidləri doğrultmadığını bildirib. Bayramov onu da bildirib ki, Bakı Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və bütün istiqamətlərdə münasibətlərin normallaşması üçün müzakirələrə daha çox səy göstərməyə çağırır.
Xatırladaq ki, mayın 1-dən 4-dək Amerikanın Arlinqton şəhərində keçirilən dördgünlük danışıqların yekunlarına əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri eyni bəyanatlarla çıxış etmişdilər və həmin bəyanatlarda tərəflərin sülh sazişinin bəndləri haqda razılaşma əldə etdiyi bildirilmişdi. Lakin razılaşma əldə olunmayan məqamlar var.
Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan mediaya müsahibəsində bildirib ki, Amerika danışıqlarının nəticələrinə görə Qarabağ məsələsi İrəvanla Bakı arasında yeganə fikir ayrılığı deyil, amma əsas məsələ olaraq qalır. O, xüsusilə, bunun Qarabağ ermənilərinin hüquqları ilə bağlı ifadələrə aid olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iki ölkənin xarici işlər nazirləri arasında danışıqların növbəti mərhələsinin Rusiya ərazisində keçirilməli olduğunu bildirmişdi. O, həmçinin Azərbaycan və Ermənistan tərəfləri arasında birbaşa danışıqlar formatını müsbət qiymətləndirib və müsbət nəticələr gözlədiyini qeyd edib. Eyni zamanda, Azərbaycan lideri sülh sazişi ilə bağlı son şərhində Ermənistan tərəfinin yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürdüyünə diqqət çəkib və xəbərdarlıq edib ki, İrəvan Qarabağa iddialarından əl çəkməsə, sülh olmayacaq, kommunikasiya olmayacaq və Ermənistan yenidən təcrid olunacaq.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində baş verən hadisələr fonunda Ermənistan-Azərbaycan nizamlanmasındakı vəziyyəti dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Aleksandroviç, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Amerika danışıqlarının nəticələrini necə qiymətləndirirsiniz?
- Amerika danışıqları nəticəsində heç bir irəliləyiş görmədik. Çünki heç bir irəliləyiş mövcud deyil. ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Amerika danışıqları zamanı çox şey əldə edildiyini, sülh müqaviləsinin uzaqda olmadığını deyəndə, yalan danışır, bu, sadəcə, manipulyasiyadır. Bu, qeyri-müəyyənlikdən başqa bir şey deyil, eyni zamanda, qeyri-müəyyənlik təhlükəlidir.

Amerika danışıqları bir daha göstərdi ki, proses çıxılmaz vəziyyətdədir. Bunun təsdiqi isə Azərbaycan XİN rəhbərinin bəyanatıdır və Nikol Paşinyanın əsas danışıqlar probleminin Qarabağ olduğunu dilə gətirdiyi bəyanatdır. Bu danışıqların çıxılmaz nöqtəsi Qarabağdadır. Azərbaycan Qarabağın qalan hissəsinin ona qaytarılmasını tələb edir. İrəvan, deyəsən, Qarabağı qaytarmağa hazırdır, lakin ona ən yüksək muxtariyyət verilməsini və beynəlxalq təşkilatların Qarabağ erməniləri üçün muxtariyyətin təminatçısı olmasını tələb edir. Təbii ki, Azərbaycan heç bir muxtariyyət verməyəcək, çünki tarixən onun necə başa çatdığını- separatizmi və 30 illik Qarabağ münaqişəsini görüb. Azərbaycan Qarabağ ermənilərini digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlarla təmin etməyə hazırdır.
Bu gün ssenarilər üçün bir neçə variant var. Əsas odur ki, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi ilə bağlı 5 illik mandat başa çatdıqdan sonra Qarabağın qalan bu hissəsini öz nəzarətinə qaytaracaq.
İkinci variant, Qərbi sıxışdırmağa cəhd edilə bilər. Düşünülür ki, amerikalılar və avropalılar Ermənistana Qarabağı “satmağı” təklif edə bilərlər. Yəni, təklif olna bilər ki, Qərb “tərəfdaşları” Ermənistana pul ödəsinlər ki, İrəvan Qarabağa istənilən ərazi iddialarından əl çəksin. Ermənistan bunun müqabilində külli miqdarda pul alır və tamamilə Rusiyadan uzaqlaşıb Qərbə doğru gedir. Ermənistan zəngin ölkə deyil, bu, İrəvan üçün faydalı olardı. Azərbaycan Qarabağı geri alır. Amma bunun müqabilində Bakıdan nə istəniləcəyi sual altındadır.
- Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında gözlənilən mümkün görüşlər ABŞ-ın apardığı eyni xəttin davamıdırmı?
- Şübhəsiz ki. Ermənistan yalnız Qərbin vasitəçiliyini gücləndirməyə çalışır. Və biz bu artımı görürük. Amma yeni görüşü gözləmək- artıq Avropa platformasında (və biz bilirik ki, əslində bunlar eyni şeydir - Amerika və Avropa platformaları) heç nə gözləməyə dəyməz. Bu, sadəcə olaraq, informasiya və siyasi oyundur. Aİ burada Amerikanın peyki kimi çıxış edir.
Qərbin Cənubi Qafqazda artan bütün bu manipulyasiyalarının əsas vəzifəsi Rusiyanı Ermənistan-Azərbaycan nizamlanmasından sıxışdırmaqdır.
- Bununla belə, Qərb tərəflərdən birinin xeyrinə daha çox oynayır, yoxsa orda və burda manipulyasiya etməyə çalışır?
- Ümumiyyətlə, Qərb əksəriyyətlə Ermənistanın tərəfindədir. Fransa müstəsna olaraq ermənipərəst ölkədir. Amma fakt budur ki, Azərbaycan güclü mövqedən çıxış edir və danışıqlarda sərt mövqe nümayiş etdirir. Həqiqət, güc və haqq onun tərəfindədir. Və bütün bunları nəzərə almaq lazımdır...
- Ermənistanın baş naziri Moskvaya Qələbə paradına getdi, aydındır ki, həm Ermənistan-Azərbaycan nizamlanması ətrafındakı vəziyyət, həm də oradakı “Qərb faktoru” Putinlə Paşinyan arasında müzakirə olunub...
- Ermənistanın baş naziri İrəvanı Rusiyanın dostu kimi göstərməyə çalışır. Əslində də, parada buna görə gedir. Amma faktiki olaraq Paşinyan hər vasitə ilə Rusiyanın danışıqlar imkanlarını əngəlləməyə çalışır.
Biz görürük ki, Fransa İrəvandakı səfirliyində hərbi nümayəndəlik açıb. Paris Ermənistanı tamamilə öz tərəfinə çəkməyi gözləyir. Bütün bunlar nə deməkdir? Fransa hərbi missiyası erməni hərbçilərini Azərbaycanla müharibəyə hazırlayacaq.
Rusiya hələ də üçtərəfli bəyanatların bütün bəndlərinin yerinə yetirilməsini vacib hesab edir və bunu əsas götürür. Qərb Ermənistanın köməyi ilə Moskvanı danışıqlar prosesindən çıxarmağa çalışır. Və təbii ki, Moskva, obyektiv olaraq Qərbin Cənubi Qafqaz yolunda necə işləməyə çalışmasından narahatdır.
- Bu o deməkdirmi ki, Qərb missiyası hansısa yolla Rusiya sülhməramlılarını Qarabağdan çıxara bilər?
- Yox, belə deyil, çünki Qərbin belə imkanı yoxdur. Ən əsası isə Azərbaycan buna qəti şəkildə qarşı olacaq. Və bu amil kifayətdir. Türkiyə də reaksiya verəcək. Qərb Qarabağa girməyə şad olardı, amma şansı yoxdur.
Aydındır ki, Azərbaycan Qarabağda Qərb sülhməramlılarına qarşıdır, lakin Qərb onları ora yerləşdirmək istəyir. Ermənistan artıq qərbli tərəfdaşlarını Azərbaycanla sərhəddəki Aİ missiyasını genişləndirməyə çağırır. Bu halda missiya daha təsirli olacaq. Həqiqətən də Azərbaycanın razılığı ilə öz sülhməramlılarını Qarabağda yerləşdirə bilməyən Fransa onları Ermənistan ərazisinə yerləşdirəcək. Mən praktiki olaraq əminəm ki, Qərb artıq Ermənistan hərbçilərini NATO sxemləri üzrə hazırlayır.
Tərcümə- Elçin Bayramlı