Siyasət

  • 2 071

Azad torpaqlarımız: Prezident Şuşaya 3 gündə 30 ilin töhfəsini verdi II YAZI TƏHLİL

image

(əvvəli qəzetimizin ötən sayında)

Dövlətimizin başçısının və birinci xanımın may ayının 8-də Şuşaya növbəti səfərləri həmişəki kimi yenə qəlbimizi qürur hissi ilə doldurdu. Budəfəki səfərin 28 il işğal altında qalan Şuşanın ermənilər tərəfindən vəhşicəsinə qəsb olunduğu 8 maya təsadüf etməsi isə ikiqat qürur və sevinc hissi yaşatdı xalqımıza. Çünki o 8 mayı Zəfərli 8 noyabr əvəz edib. O 8 maydan fərqli olaraq bu 8 mayda Şuşada tikilənlər-qurulub yaradılanlar düşmənin ac gözünə dağ çəkir...

Heydər Əliyev Fondu azad torpaqlara tarixi keçmişini qaytarır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.

Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.

Görülən işlərin davamı olaraq Fond tərəfindən XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Şuşa şəhərində Cıdır düzündəki məzarı və qəbirüstü abidəsinin bərpa olunması tarixi keçmişimizin bu torpağa qaytarılması baxımından təqdirəlayiqdir.

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.

Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.

Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondunun Şuşaya töhfəsidir

Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.

Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin “Güldəstə”si restavrasiya olunub.

Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Saatlı məscidi

Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.

Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.

Mayın 10-da məscidin açılışını edən dövlətimizin başçısı və birinci xanım ailə üzvləri ilə birlikdə məscidin həyətində ağac əkiblər.

Fond Milli Xalça Muzeyinin Şuşa filialına yeni həyat verdi

Xalqımızın çoxəsrlik toxuculuq ənənələrini özündə yaşadan Milli Xalça Muzeyi Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.

Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.

Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər.

Yaradıcılıq Mərkəzi də Fondun Şuşaya töhfəsidir

Şuşada Yaradıcılıq Mərkəzinin də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra mayın 10-da açılışı olub.

Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

23 və 17 binadan ibarət yaşayış kompleksləri

Şuşada hazırda iki böyük yaşayış kompleksi salınır. Onlardan biri 23, digəri isə 17 binadan ibarət olacaqdır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub.

Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək 17 binadan ibarət 2-ci yaşayış kompleksində ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Yaşayış komplekslərində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

“Şeytan yuvası”-“parlamentin” yerində beşulduzlu otel

Dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə Şuşada Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib.

Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.

Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdi: “Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”.

Beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.

Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.

Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub.

Turizm üçün bütün cəhətlərdən üstünlük təşkil edən Şuşaya yaxın gələcəkdə gələn qonaqlara kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da nümayiş etdiriləcək.

Bir mərkəzdən idarə sistemi Şuşada

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə ölkəmizdə həyata keçirilən quruculuq siyasəti müasirlik və yeniliklərin tətbiqi ilə ilə diqqət çəkirdi. Rayon, şəhər və kəndlərdə xidmət mkərkəzlərinin yaradılması, bir mərkəzdən idarə sistemi də həmin siyasətin tərkib hissəsi idi. Bu gün işğaldan azad edilmiş rayonlarımızda da belə xidmət mərkəzləri yaradılmaqdadır.

Şuşada Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən başlanılıb. Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə əsaslı təmir işləri aparılacaq. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərməsi nəzərdə tutulur.

Dövlətimizin başçısı və birinci xanım mayın 10-da Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

Bir mərkəzdən idarəetmə sakinlər üçün rahatlığın, əlçatanlığın təminatıdır. Eyni zamanda vaxt itkisinin və əlavə xərclərin da qarşısının alınması nöqteyi-nəzərindən təqdirəlayiqdir.

Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır

Erməni işğalı yüzlərlə tarixi-mədəniyyət abidələrimiz kimi, məscidlərimizin də sıradan çıxması ilə nəticələnmişdi. Düşmən 30 il bu abidələrə dəyişikliklər etməklə özününküləşdirmək məqsədi ilə fəaliyyət göstərmişdir. Lakin bu əməllərini sona çatdıra bilmədilər. Çünki torpaqların sahibi gəldi və onları ərazilərimizdən birdəfəlik qovdu.

Dağıdılan, dəyişikliklərə məruz qalan məscidlərimizdən biri də Şuşada Yuxarı Gövhər Ağa məscididir ki, mayın 10-da dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.

Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.

Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.

Bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb.

Mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Sərgidə astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.

Beləliklə, Şuşaya 3 gündə 30 ilin töhfəsi

Şuşada may ayının 8-dən 10-dək keçirilən tədbirlər-açılışlar, təməlqoyma və baxışlar fonunda dövlətimizin başçısının Qarabağın baş tacı olan bu regiona 3 gündə 30 illik töhfə bəxş etdiyini gördük.

Necə ki, işğal altında olan torpaqlarımızın azad olunması Prezidentin 2020-ci ilə qədərki 17 illik fəaliyyətinin əsasını təşkil etdi, bunun üçün dünyasəviyyəli tədbirlər həyata keçirdi, nəticədə 30 il sonra Zəfəri Azərbaycana bəxş etdi, müharibədən dərhal sonra Qarabağda başlanan quruculuq, bərpa işləri də miqyasına görə 30 ilə bərabərdir. Bütün bunlar isə bu torpaqların sahiblərinin doğma ocaqlarına qayıdacağı günü yaxınlaşdırır.

Qürur duyuruq! Qürur duyuruq ki, şərəf və namus məsələmizi həll etdik, torpaqlarımızı yağı düşməndən təmizlədik. Dövlətimizin başçısının tarixi yurd yerlərimizin azad olunmasında və onların bərpasında qətiyyəti ilə qürur duyuruq. Bu iradə, bu qətiyyət doğma torpaqlarmızı anası Azərbaycana qovuşdurdu.

Axı biz o torpaqları satan rəhbərləri də görmüşdük. Satqınlığın qurbanı olan minlərlə şəhidi, qazini, məcburi köçkünü görmüşdük. Biz Birinci Vətən müharibəsi ilə İkinci Vətən müharibəsinin fərqini yaxşı ayırd edirik. Otuz ilin o başı və bu başı... Mənzərələrin fərqliliyi kimi, onların analizi də fərqlidir...

Mətanət Məmmədova

Digər xəbərlər