Azərbaycan xalqı 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək rəşadətli ordumuzun gücü ilə Qarabağ zəfərini böyük sevinc hissi və sonsuz qürurla bizlərə yaşatdı.
Bu böyük qələbəyə aparan keşməkeşli yol isə düz 30 il çəkdi. Həmin illər torpaqlarımızın düşmən tapdağı altında qalması Azərbaycan xalqının ürəyində bir yara oldu, Qarabağ həsrətilə alışıb-yanan ürəklərin fəryadı, dogma torpaqlarına qayıdacağı ümidi ilə yaşayan gözü yaşlı insanların duaları, bu qələbənin gerçəkləşməsi uğrunda Ulu öndər və cənab İlham Əliyevin apardıqları ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və güclü ordu quruculuğu, nəhayət ki, bu əvəzsiz Zəfər gününü bizə nəsib etdi!
Ümummilli lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtilə uzaqgörənliklə söylədikləri bu gün artlq Azərbaycanın reallığıdır: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”.
Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev öz müdrik siyasəti ilə Qarabağı düşmən tapdağından qurtardı.Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanı azad etdi. Bu, həqiqətən də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Böyük Zəfərdir!

Bəli, tarix də dəyişdi. Fakt budur ki, 1923-cü ildə Azərbaycanın tərkibində yaranan Dağlıq Qarabağ Muxtar vilayətinin qısa, lakin qanlı-qadalı səhifəsi “xüsusi statusa” malik olmasından ibarət idi. Məhz Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra sistemli və məqsədyönlü tədbirləri nəticəsində vəziyyət dəyişdi. Bu barədə bəzi məqamları da xatırlaya bilərik. Məsələn, Ağdama qədər uzanmış dəmir yolunun Xankəndinə qədər olan 11 km hissəsi həmin dövrə qədər nədənsə çəkilmirdi. 1979-cu ildə “Ağdam-Xankəndi” dəmiryolu çəkildi və istifadəyə verildi. Nəticədə, Qarabağın dağlıq və aran hissələrinin, respublikanın digər rayonları ilə daha sıx təsərrüfat əlaqələri yaradıldı. 1973-cü ildə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı açıldı, burada erməni və rus fakültələri ilə bərabər Azərbaycan fakültəsi də fəaliyyət göstərirdi. Bu tədbirlər, sözsüz ki, Heydər Əliyevin erməni separatçılarını açıq çıxışlardan çəkindirmək siyasəti və Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətləri idi.
Daha bir fakt ondan ibarətdir ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqda Konstitusiya Komissiyası yarandı, onun sədri Sov.İKP Mərkəzi Komitəsinin I katibi Leonid Brejnev, Heydər Əliyev isə üzvü idi. Vaxtaşırı bu komissiyanın keçirdikləri müzakirələri Mərkəzi Komitənin katibi Ponomaryov aparırdı. İclasların birində Heydər Əliyev komissiyaya guya Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi barədə coxsaylı ərizələrin daxil olduğunu bildirərək Ponomaryovun və başqalarının bu ərizələrin müzakirəyə qoyulmasının tərəfdarları olduğunu görür. Dərhal reaksiya verərək Heydər Əliyev L.Brejnevin qəbuluna gedir və öz etirazını bilavasitə ölkənin rəhbərinə bildirdikdən sonra bu məsələ komissiyanın müzakirəsindən çıxarılır. Belə hallar Heydər Əliyevin ilk dəfə Azərbaycanda rəhbər vəzifəyə seçildikdən sonra 14 il ərzində və dövlətçilik fəaliyyətinin Moskva dönəmində saysız-hesabsız dərəcədə təkrar olunmuşdur və qarşısı alınmışdır. Ümummilli lider Heydər Əliyev sonralar bu barədə demişdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Bu olaylar sovet rejiminin dağılması ərəfəsində ermənilərin separatizm meyillərinin geniş vüsət almasının başlanğıcı idi. Onlar Qarabağ məsələsinin yenidən qaldırılmasına əvvəlcədən hazırlaşmış və bu hazırlıq işlərinin hədəfində Heydər Əliyev amili dayanırdı, çünki erməni millətçiləri yaxşı bilirdilər ki, Heydər Əliyevin varlığı, onun sovet rəhbərliyində böyük nüfuza malik olması onların mənfur planlarını, həmişə olduğu kimi, darmadağın edəcək, ona görə də Ermənistandan və hətta Azərbaycanın özündən kütləvi şəkildə anonim məktublar təşkil edilərək Moskvaya göndərilir, qəsdən Heydər Əliyevə qarşı şər-böhtan kampaniyası aparılırdı. Elə bu səbəbdən Heydər Əliyevin 1987-ci ildə istefa verməsindən cəmi 20 gün sonra daşnaksütyunçu A.Aqanbeqyan “Humanite” qəzetinə verdiyi müsahibəsində bildirdi ki, Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir və bu məsələ Mixail Qorbaçovla razılaşdırılmışdı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində cəbhədə hərbi güc balansı artıq Ermənistanın xeyrinə idi, həmçinin, informasiya mübarizəsində ermənilər üstün vəziyyəti ələ keçirmişdilər. Azərbaycanın paytaxtında hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Qarabağ hadisələrinin dalğasında Ayaz Mütəllibov istefa verir, ardınca Şuşa və Laçının təslim olması bahasına cəbhədən geri çağırılan tank və könüllü dəstələrin köməyi ilə Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi hakimiyyətə gəlir. Respublikanın şimalında və cənubunda separatçılar baş qaldıraraq Azərbaycanı parçalayıb “suveren Ləzgistan” və “Talış-Muğan Muxtar Respublikası” yaratmağa çalışırdılar. Ovaxtkı Azərbaycanın rəhbərliyi təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərirdi, çünki ölkəni diletant səviyyəsində idarə edərək MDB-nin əksər respublikaları ilə münasibətləri korlamışdılar. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan dərhal sonra Qarabağ reallığını dünyaya çatdırmaq, dünyanın aparıcı siyasi liderlərini danışıqlar prosesinə cəlb etmək, beynəlxalq ictimai rəydə dönüş yaratmaq və ilk mərhələdə informasiya müharibəsini qazanmaq uğrunda uzun və gərgin siyasi mübarizə yolu başlanır.
Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi lider Heydər Əliyevin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin, dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətiyinə, reallığına dünya birliyinin diqqətini cəlb etməyi bacarmışdı. Heydər Əliyev bütün görüşlərində və çıxışlarında, siyasi fəaliyyətində münaqişənin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət, yerlərindən-yuvalarından qovulan bir milyona yaxın insanların ağır şəraitdə çadırlarda yaşadıqları və öz evlərinə qayıtmaq arzusunda olduqları haqqında Ümummilli liderimiz özünün qətiyyətli və prinsipial mövqeyini hər bir görüşdə, hər bir çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı.
Rusiyanın dəstəyi ilə hərbi əməliyyatlar aparan ermənilərin maksimum məqsədi Qarabağ ətrafında təhlükəsiz bufer zonası yaratmaq idi. Bundan əlavə, ermənilərin daha ciddi niyyətlərindən biri də Yevlaxı ələ keçirmək, Murovdan enərək Gəncəyə girmək və bu hissəni Bakıdan ayırmaq idi. Çox təhlükəli bir vəziyyət yaranmışdı. Belə bir şəraitdə Ulu öndər uzaqgörən siyasəti ilə atəşkəsə nail oldu. Atəşkəs sənədinin Bişkekdə imzalanması təklif edildi. Həmin ərəfədə Rusiyanın Minsk Qrupundakı həmsədri Vladimir Kazimirov Bakıya gəlir, görüş zamanı Heydər Əliyevin təkidli tələbi ilə atəşkəs haqqında sənəddən qondarma “DQR” sözü çıxarılır və sənədə “erməni və azərbaycanlı icmaları” ifadəsi daxil edilir. V.Kazimirov dərhal bu tələblə razılaşır və hətta Azərbaycan tərəfinin düzəliş etdiyi sənədin hüquqi qüvvəsinin olduğuna dair imza da atır. Bundan sonra sənəd 3 nüsxədə - Azərbaycan, rus və erməni dillərində hazırlanır. Beləliklə, Birinci Qarabağ müharibəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayın 12-də imzalanır. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin “beynəlxalq müşahidəçilər missiyası” olması Azərbaycan tərəfinin təklifi ilə qeyd edilmişdi.
Danışıqlar prosesində Heydər Əliyevi ən çox düşündürən məsələ bu olmuşdur ki, Qərb dünyasının aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı təcəvüzkar dövlət saymır. Doğrudur, Azərbaycanla daima həmrəy olan qardaş Türkiyə Respublikası hər bir zaman və hər yerdə Ermənistanın təcəvüzkar siyəsəti haqqında bəyan edirdi. Bundan savayı İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasına siyasi dəstəyini göstərərək Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi haqqında qətnamə qəbul etmişdir. Lakin Qərb dünyası ölkələrində vəziyyət başqa idi. Baxmayaraq ki, Ermənistanın təcavüzünə məruz qalan ölkə Azərbaycandır, Qərbin aparıcı ölkələrinin, ən çox isə Fransanın parlamentində Ermənistana doğma münasibət göstərilir, hətta ermənilərin ortaya atdıqları qondarma “soyqırımı” məsələsinə baxılıb qəbul edilməsinə də səylər göstərilirdi.
XX əsrin 90-cı illərində isə reallıq bundan ibarət idi ki, əslində, Ermənistan-Azərbaycan müharibəsi gedirdi və Ermənistan Respublikası suveren Azərbaycan Respublikasının ərazisinə təcavüz etmişdi. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şürasının dörd qətnaməsi qəbul edilmişdir (822, 853, 874 və 884). Hamısı Qarabağda gərgin hərbi əməliyyatların aparıldığı bir dövrdə - 30 aprel-12 noyabr 1993-cü il tarixlərində qəbul edilmişdi. Bu qətnamələrin dördündə də yazılıb ki, işğalçı ordu təcili tam və danışıqsız işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır, lakin heç birində “Ermənistan” və ya “Ermənistan silahlı qüvvələri” sözləri yoxdur. Müdrik və uzaqgörən dövlət başçısı olan Heydər Əliyev münaqişənin başlıq mətninə xüsusi diqqət yetirirdi. Məhz Heydər Əliyev münaqişənin Ermənistanla Azərbaycan arasında baş verdiyini beynəlxalq aləmə çatdırırdı. Münaqişənin həllində vasitəçilik edəcək ATƏT-in Minsk qrupunun 5-6 dekabr 1994-cü ildə keçirilən Budapeşt sammiti Heydər Əliyevin iştirakı ilə baş tutan ilk sammit idi. Bu sammitdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər. Beləliklə, Rusiyanın “fərdi sülhyaratma” istəyinin qarşısı alındı. Budapeşt sammitində “Münaqişə ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edildi. Bu qərarda ATƏT-in sülhməramlı qüvvələrinin yaranması və saziş əldə olunarsa, bölgəyə ATƏT-in sülhməramlı qüvvələrinin daxil olması nəzərdə tutulmuşdur.
Qafqaz regionu, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin, Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu. Münaqişənin həllinin əsas prinsipləri Lissabon sammitində məşhur veto qarşıdurmasında ümummilli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalır. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəkləyir. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş etdirən ulu öndər Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olur.
Ümummilli lider Heydər Əliyev Lissabon görüşünün tarixi əhəmiyyətini dəyərləndirərək demişdir: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il 2 dekabr Lissabon Zirvə görüşündə səsləndirilən nitqində Ermənistan-Azərbaycan münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib. O, çıxışında Ermənistan tərəfinin bu münaqişədə məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib. Lissabon sammitinin materiallarını nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan xalqının lideri Heydər Əliyevin Azərbaycanın gələcəyi uğrunda bütün dünya dövlətləri qarşısında nümayiş etdirdiyi diplomatik istedad, cəsarət və müdriklik, bu parlaq şəxsiyyətə hər bir insanda rəğbət və qürur hissi yaradır.
Biz, azərbaycanlılar xoşbəxt millətik, çünki Uca Tanrı Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etmişdir. Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsindən hələ neçə-neçə yeni nəsillər bəhrələnəcək, yaşayıb-yaradacaq. Heydər Əliyevin irsi – həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir.
ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. Beləliklə, Heydər Əliyev ərazilərində millətlərarası qarşıdurma yaranan heç bir dövlət başçısının bacarmadığını bacardı – danışıqlar prosesinə dünyanın aparıcı siyasi gücə malik olan dövlətlərin liderlərinin cəlb olunmasına nail oldu. Azərbaycan xalqının sədaqətli oğlu Heydər Əliyevin siyasi mübarizəsi nəticəsində Lissabon sammitinin sənədlərində ilk dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın. Bu, öncə Ermənistanla Azərbaycan arasında gedən informasiya müharibəsində kəskin dönüş, daha sonra, Ermənistan-Azərbaycan münaqişəsi reallığının dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməsi kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin həlli istiqamətində Azərbaycanın maraqlarına zidd olan bir neçə təkliflər verilsə də, ulu öndər Heydər Əliyev bunların heç biri ilə razılaşmamışdır.
Bununla da Heydər Əliyev bir daha yüksək siyasi iradəyə malik olan dahi dövlət xadimi olduğunu sübut etmiş və Azərbaycan Respublikasının dövlət mənafeyinə zidd heç bir planın baş tutmayacağını böyük cəsarətlə bütün dünyaya bəyan etmişdir.
Danışıqlar prosesinin uğursuzluğu nəticəsində yaranmış belə bir şəraitdə Heydər Əliyev dünya dövlətləri ilə sıx əməkdaşlıq və inteqrasiya proseslərinə qoşulmaq imkanlarından geniş istifadə edərək bütövlükdə Qafqaz regionun geosiyasi vəziyyətində ciddi dəyişiklik etmək uğrunda mübarizəyə başladı.
Dahi rəhbər Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də o olmuşdur ki, bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlini qoyub uğurla həyata keçirdərək böyük dövlətləri ermənipərəst mövqelərindən uzaqlaşdırıb regionda iqtisadi maraqlar müstəvisinə cəlb etməyi məharətlə bacarmışdır. Bunun bariz sübutu 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyəti nəticəsində bağlanan Əsrin müqaviləsinin 2017-ci ildə daha 50 il müddətinə uzadılması, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında mühüm nəqliyyat dəhlizi olan tarixi Böyük İpək Yolunun bərpası strategiyası, bir-birinin ardınca həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin təməlinin qoyulması ilə yaradılmış iqtisadi amilin Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində getdikcə daha önəmli rol oynamağa başlamasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə sıx əməkdaşlıq yaradılmışdı. Bunun nəticəsində 1995-1998-ci illərdə Avropa-Asiya istiqamətində tranzit yüklərin daşınmasında respublikamızın nəqliyyat kommunikasiyasından istifadə edilmiş və onun yükdaşıma dövriyyəsi 10 dəfə artmışdı.
Qonşu Gürcüstan da bu proseslərə qatıldı. Həyata keçirilən layihə çərçivəsində Gürcüstanla Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü" yenidən qurulmuş, TRASEKA yolu üzərində olan qəzalı körpülər bərpa edilmişdi.1993-cü ildən əsası qoyulan TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayırdığı vəsait hesabına onlarca layihələr reallaşdırıldı.
Lakin Ermənistan bu layihələrdən təcrid olunmuş vəziyyətdə qaldı və bununla da özünün Cənubi Qafqazda siyasi, sosial-iqtisadi inkişafa və ümumiyyətlə, Qafqazda müasir dövrdə yaşayan xalqların mədəniyyətlərarası dialoqunun qurulmasında maneə olan bir dövlət olduğunu sübut etdi.
Beləliklə, Azərbaycan xalqının ümummilli lideri özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək davam edən gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza yaratdı və ən əsası, Azərbaycana əbədi tarixi zəfər qazandıran ordumuzun quruculuğu ilə bağlı islahatlar bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunların qəbul edilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, ordunun maddi-texniki təminatı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi.
Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri ona minnətdar olan xalqın tarixində və hafizəsində əbədi yaşayacaqdır. Artıq danılmaz faktdır ki, parlaq istedada, yüksək keyfiyyətlərə malik böyük siyasi və dövlət xadimi kimi Heydər Əliyevin əziz xatirəsi xalqımızın dilində canlı bir əfsanədir. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin Azərbaycanda 30 ildən çox hakimiyyəti dövründə ölkəmiz və ümumilikdə, Qafqaz xalqlarının xoşbəxt və firavan yaşamaları uğrunda həyata keçirdiyi tarixi xidmətlər əvəzedilməzdir.
2003-cü ildə Ulu Öndərin bütün ömrü boyu fədakarlıqla xidmət etdiyi idarəçilik məktəbinin ideyalarını, yolunu uğurlu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişaf dövrü başlamış və bizim ölkəmiz artıq xalq təsərrüfatının bütün sahələrinin sürətlə inkişaf etdiyi bir Respublikaya çevrilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Azərbaycan tarixində əbədi Lider kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəsiyyətini Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu yerinə yetirdi – 44 günlük Qarabağ müharibəsində düşməni torpaqlarımızdan qovdu və üçrəngli bayrağımız yenə də doğma Qarabağımızda, onun döyünən ürəyi - Şuşada qürurla dalğalandırıldı.
Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi.
Dəmir yumruqla başı əzilən düşmən 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan Bəyanatı ilə - faktiki olaraq düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi və ərazi bütövlüyümüz təmin olundu.
Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ona inanan və güvənən cəsur Azərbaycan əsgərləri canları bahasına 30 illik işğala son qoydu.
44 günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbə münasibətilə Bakıda 10 dekabr 2020-ci il tarixində keçirilən möhtəşəm Zəfər Paradı Ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.
Artıq bir azərbaycanlı olaraq hər birimiz dünyanın istənilən nöqtəsində başı uca, qürurla gəzirik və fəxrlə deyirik ki, biz azərbaycanlıyıq - bu qüruru bizlərə, məhz Ulu Öndər Heydər Əliyev və Onun alternativsiz davamçısı, Prezident İlham Əliyev yaşadıb!
Nazim İsmayılov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü