Edqar Kazaryan: "Bütün keçmiş hərbi və siyasi liderlərimiz Bakıya göndəriləcək"
Qarabağda aparılmış uğurlu lokal antiterror tədbirlərindən sonra ərazidən qaçmağa cəhd edərkən yaxalanmış erməni separatçılarının cinayətkar rəhbərləri, eləcə də əlləri azərbaycanlıların qanına bulaşmış digər daşnak-faşist çete üzvləri artıq Azərbaycan qanunları qarşısında cavab verməkdədirlər.
Etiraflar...
Lakin o da məlumdur ki, bu gün Ermənistanda olan və Azərbaycana qarşı çoxsaylı hərbi-siyasi cinayətlər törədən şəxslər də var ki, onları da yaxın zamanlarda bənzər aqibət gözləyir. Hətta revanşçı hisslərində qalan və Paşinyan rejiminə müxalif olan siyasi fiqurlar da etiraf etmək məcburiyyətində qalıblar ki, belə getsə sabiq prezidentlər - Robert Koçaryan, Serj Sarqsyan, həmçinin digər şəxslər də bir gün gözlərini Azərbaycan həbsxanasında açacaqlar. Misal üçün, hazırda Serj Sarqsyanın yaxın tərəfdarlarından hesab edilən politoloq və ictimai-siyasi fərd - Eduard Kazaryan deyib: "Hazır olun, Ermənistanın bütün keçmiş prezidentləri, müdafiə nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisləri Azərbaycana təhvil veriləcək".
"Levon Ter-Petrosyandan Serj Sarqsyana kimi hamısı məsuliyyət daşıyır"
Maraqlıdır ki, Kazaryan bir müddət əvvəl baş nazir Nikol Paşinyanın Fransa səfərinin bəzi detallarına diqqət çəkib. Erməni mediasına müsahibə verən politoloq "Paşinyanın Parisdə kiminlə görüşdüyünü bilirsiniz", sualını verib və özü də həmin sualına aydınlıq gətirib: "Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə! Mən bilmək istəyirəm ki, baş nazir onunla nəyi müzakirə edib? Düşünürəm ki, Roma statutunu ratifikasiya etməyimiz sadəcə başlanğıcdır. Hazır olun, Ermənistanın bütün keçmiş prezidentləri, müdafiə nazirləri, Silahlı Qüvvələrin baş qərargah rəisləri hərbi cinayətkar kimi Azərbaycana təhvil veriləcəklər. Bütün keçmiş hərbi və siyasi liderlərimiz Bakıya göndəriləcək". Roma statutunda "Ermənistan vətəndaşları tərəfindən törədilən müharibə cinayətləri" bölməsi var. Yəni, Levon Ter-Petrosyandan Serj Sarqsyana kimi hamısı məsuliyyət daşıyır".
Lakin bununla yanaşı, Eduard Kazaryan baş nazir Nikol Paşinyanın 44 günlük müharibədən əvvəl reallaşdırdığı bədnam Şuşa və Xankəndi səfərlərini də xatırladıb, üstəlik iddia edib ki, Paşinyanın özü də nə zamansa mühakimə olunacaq.
"Siyahının sonunda Paşinyan da var..."
"Paşinyan elə bilir ki, bununla məsuliyyətdən qaça biləcək. Lakin bir şeyi gözdən qaçırır, siyahının sonunda o var", - deyən erməni politoloqu daxilindəki revanşçı və qonşu ərazilərinə göz dikmək şakərini də gizlətməyərək, Paşinyanın 1991-ci il Alma-Ata Bəyannaməsinə görə Qarabağın Azərbaycan torpağı olması bəyanatını da xatırladıb: "Bəs o zaman 2018-ci ildə baş nazir seçildikdən sonra mayın 8-də Şuşaya səfər edərkən pasportunda Azərbaycan möhürü vardımı? Gedib "artsax müdafiə ordusu" ilə iclas keçirdi. Azərbaycan bu qüvvələri terrorçu təşkilat kimi qəbul edir. Yəni, hazırda həbsdə olan Levon Mnatsakanyan bu təşkilatın komandanı olub. Paşinyan Mnatsakanyanla görüşüb ordunun düşmənə (Azərbaycanı nəzərdə tutur - A.T.) zərbə endirməyə hazır olduğunu demişdi. Yəni, Roma statutuna, əsasən, o özü də hərbi cinayətkar kimi mühakimə olunacaq".
Beləliklə, onsuz da kəskin deformasiyaya uğramış Ermənistan siyasətində daxili çəkişmələr, iddialar da səngimək bilmir və vəziyyət o həddə qədər inkişaf edib ki, tərəflər bir-birlərinin Azərbaycana təhvil veriləcəklərini də istisna etmirlər. Əslində isə, bu, erməni tərəfinin öz daxili çəkişmələridir, amma danılmaz fakt budur ki, hər necə olursa-olsun, yerdə qalan hərbi və siyasi cinayətkarlar gec-tez Azərbaycan qarşısında mütləq cavab verəcəklər. Necə deyərlər, rəsmi Bakı sözlərini havaya demir, əməli şəkildə icra edir. Hər halda, İrəvanda oturub bir-birlərini ittiham edənlər bu reallığı qulaqlarından sırğa edib-asmalıdırlar...
Afət Tahirqızı