MEHRİBAN ƏLİYEVA: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-sı tarixində baş tutan referendumun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etmişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam».
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti çoxşaxəlidir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir.
Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bu bir tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.
“Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır”. Mehriban xanım Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.Və bu gün Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirmişdir. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin daha yaxşı şəkildə qurulması işinə böyük töhfə vermişdir.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu günə kimi fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib. Belə ki, 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.
Həmçinin, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub.
Həmçinin, Mehriban xanım Əliyevanın ölkə Prezidenti İlham Əliyevlə mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfəri bir daha öz Vətəninə, torpacına bağlılığın təcəssümüdür. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban xanım Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Mehriban Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.
Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir. Bir sözlə, Azərbaycan xalqı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi bundan sonra da bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyir.
BÖYÜK ZƏHMƏTLƏRƏ SÖYKƏNƏN ÖNƏMLİ TƏLTİFLƏR...
Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür.
Bunların sırasında “Heydər Əliyev” ordeni və Heydər Əliyev mükafatı (Azərbaycan Respublikası), “Şərəf legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı Ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni (Macarıstan Respublikası), “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə“ ordeni (Rusiya Federasiyası), UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Dünya Səhiyyə Təşkılatı İcraiyyə Komitəsinin “Ana, uşaq və ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktoru adını, habelə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq “ ordenini göstərmək olar. (7) Misilsiz və fədakar zəhmətə verilən bu mükafatlar nə qədər dəyərli olsa da, hörmətli Mehriban xanım üçün ən qiymətli mükafat ümumxalq sevgisi və məhəbbətidir. Elə məhz bu səbəbdəndir ki, birinci xanım xalqa müraciətlərinin sonunu “Sizin Mehriban” ifadəsi ilə yekunlaşdırır. Bu ifadə Mehriban xanımım adı ilə harmoniyada yaşadığını, xalqı ilə səmimi ünsiyyətdə və ülviyyətdə olduğunu təsdiqləyir.
Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur. Azərbaycanınn birinci xanımı Mehriban Əliyeva demişdir: «İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir».
Prezident İlham Əliyev və onun ən yaxın məsləkdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqa xidmət, millli və ümumbəşəri dəyərlərə hörmət nümunəsi olmaqla humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanır.Bax, belə bir mühitdə dünyagörüşü formalaşan, milli-mədəni düşüncəsi zənginləşən Mehriban xanım Əliyeva öz səmərəli, çoxşaxəli, zəngin fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq, tarixdə yeni bir mərhələnin əsasını yaradıb. Bununla həm də Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası barədə beynəlxalq aləmə dövlətimizin bu sahədəki mövqeyni çatdırıb.Beləliklə, Mehriban xanım Əliyeva müxtəlif dövrlərdə müdrikliyi və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadınlarının şərəfli ənənələrini yaşadaraq, zənginləşdirib, mədəniyyətin, incəsənətin, elmin bir sıra sahələrində ilklərə imza ataraq, sivil işgüzarlığı, intellektual potensialı ilə beynəlxalq ictimaiyyətdə böyük nüfuz qazanıb.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunmas və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə bütün imkanların səfərbər edilməsi, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin sarsılmazlığının təmin edilməsində yüksək təşkilatçılıq və təşəbbüskarlıq bacarıqlarına malikdir. İstər 2016-cı ilin 4 günlük Aprel döyüşləri zamanı, istərsə də Azərbaycanın Zəfər tarixi olan 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevdən yeni qələbə müjdələri, Mehriban Əliyevanın sosial şəbəkələrdəki paylaşımları qəhrəman əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın ruh yüksəkliyini artırmışdır.
Bu gün isə işğaldan azad edilmiş doğma torpaqlarımıza Prezident İlham Əliyevin səfərləri, həmin yerlərin bərpası ilə bağlı görüləcək işlər haqqında xoş xəbərləri də xalqımız Mehriban xanım Əliyevadan gözləyir. Mehriban xanım Əliyeva isə bu məlumatları böyük səmimiyyət və sevinclə xalqımızla bölüşərək dövlətimizin və xalqımızın bütövlüyünü daha da möhkəmləndirir. Bir sözlə, Mehriban Əliyevanın xalqının təhlükəsiz və xoşbəxt gələcəyi üçün həyata keçirdiyi bütün layihələr millətimizin uğur tarixinin bünövrəsini möhkəmləndirir. Bütün Azərbaycan xalqı inanır ki, masir Azərbaycan tarixinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı, xalqımızın sevimlisi Mehriban xanım Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri bundan sonra da davam etdirməyə çalışacaq. Çünki Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri