Siyasət

  • 1 040

Şəhid Mehrac Mahmudovun anım mərasimi keçirilib FOTOLAR

image

“Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun şəhidlik zirvəsinə ucalmağının 30-cu ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Anım mərasimində YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin nümayəndələri, Vətən müharibəsi veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, Mehrac Mahmudovun döyüş yoldaşları, ailə üzvləri və yaxınları iştirak ediblər. Öncə tədbir iştirakçıları Mehrac Mahmudovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Məktəblilər şəhidin məzarı önündə Vətənə, şəhidlərə aid şeirlər söyləyiblər. Sonra tədbir YAP Tərtər rayon təşkilatının inzibati binasında davam etdirilib. Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusifov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Regional şöbəsinin sədri Vidadi Məmmədzadə, döyüş yoldaşları, şəhidin oğlu Ziya Mahmudov çıxış edib, Mehrac Mahmudovla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, 23 aprel 1994-cü il tarixdə Mehrac Mahmudov Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Mehracın xatirəsi əbədiləşdirilmiş, 24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər