Siyasət

  • 3 787

Dünyada analoqu olmayan layihə – BAM TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər"

"Azərbaycanın Rusiya ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni reallıqlara əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxarır. Əlbəttə ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.
Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Bu və ya digər amillər deməyə əsas verir ki, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır. İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bəyannamə Azərbaycan Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çıxarıb.

"HEYDƏR ƏLİYEV AMİLİ RUSİYA VƏ AZƏRBAYCANIN DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİNDƏ HƏMİŞƏ MÜHÜM ROL OYNAYIB VƏ OYNAYACAQ"

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü bu əlaqələrin davamlığına söykənir. Bildiyimiz kimi, Baykal-Amur Magistralının 50 illiyidir. Sovet İttifaqı üçün mühüm layihənin təşkilatçılarından olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin magistralın tikintisindəki xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o vaxt hələ Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollandı. "Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq." Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndər Heydər Əliyevin adının verilməsini xatırladıb. İlham Əliyevin dediyi kimi, BAM üzərində iki gözəl qəsəbə tikdilər. Amma əsas odur ki, onların memarlığı Azərbaycan milli üslubunda hazırlanıb. Bu qəsəbələr Ulkan və Anqoyadır.
"BAM inşaatçıları yaxşı bilirlər ki, O, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb", - deyə Prezident İlham Əliyev əlavə edib.

ŞƏRQƏ DÖNÜŞ BAYKAL-AMUR MAGİSTRALI SAYƏSİNDƏ MÜMKÜN OLDU

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkan qəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. "Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik" – deyə Prezident diqqətə çatdırıb.
Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. BAM, Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarətinin təcəssümüdür. BAM əsasən XXI əsr üçün qlobal logistikanı müəyyən edir. İndiki mərhələdə Şərqə dönüş məhz Baykal-Amur Magistralı sayəsində mümkün olmuşdur.

"HEYDƏR ƏLİRZA OĞLU BAM-IN TARİXİNDƏ MÜSTƏSNA, BÖYÜK ROL OYNAYIB"

Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verildi.
"BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin" – deyə Rusiya Prezidenti bildirib.
"BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib", - deyən Azərbaycan Prezidenti bildirib ki, bu, həqiqətən də belədir. Onu təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər".
Azərbaycan və Rusiya aasında əlaqələr birgə əməkdaşlığa əsaslanır. Hər iki dövlətin liderlərinin imzaladığı son bəyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. "Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik", - bildirən dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir: "Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək".

"KREMLDƏ İŞLƏDİYİ İLLƏRDƏ SOVET DÖVLƏTİNİN VƏ ONA TAPŞIRILAN SAHƏNİN İNKİŞAFINA RƏVAC VERMƏK ÜÇÜN BÖYÜK SƏYLƏR GÖSTƏRİB"

Cənab Prezident onu da diqqətə çatdırıb ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub: "Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi".
Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirən Azərbaycan Prezidenti ötən il Azərbaycanda və Rusiyada Onun yubileyinin xüsusi ehtiramla qeyd edildiyini bildirib: "Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.
Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq".
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.
Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.


Zümrüd BAYRAMOVA

Digər xəbərlər