Siyasət

  • 1 157

Azərbaycanın inkişaf və yüksəliş tarixi

image

Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin və müasir dövlətçiliyinin bünövrəsinin qoyulduğu gün kimi çağdaş tariximizə qızıl hərflərlə yazılıb. Bu tarix Azərbaycanın inkişaf və yüksəliş tarixidir. Bu tarixi yaradan isə müstəqilliyimizin memarı, Ulu Öndər Heydər Əliyevdir.1993-cü ilin 15 iyun tarixindən 31 il keçir. Bu illər yalnız qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı. Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gələcək inkişafının möhkəm təməlini qoydu. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanın ən çətin günlərində Ümummilli Lider xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı, canından artıq sevdiyi Azərbaycanın indiki sürətli inkişafının strategiyasını müəyyənləşdirdi. Bütün sahələrdə həyata keçirilən köklü islahatlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürdü. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Qurtuluşun Azərbaycana nə verdiyini ümumiləşdirmək istəsək böyük əminliklə və qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur ünvanına çevrilən Azərbaycanın bütün uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun dövləti, xalqı üçün gördüyü işlərin fonunda bir daha təsdiqləndi ki, hər bir ölkənin tərəqqisi, inkişafı Lider amili ilə sıx bağlıdır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəli aparmaq üçün fədakarlıq göstərən Liderə xalqın sevgisi sonsuz olur.Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən, sözlə əməl birliyi, monolitliyi sayəsində milyonların sevgisini qazanan, hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, Ümummilli Liderin bu müraciətə “Yeni Azərbaycan uğrunda” cavabı bugünkü reallıqlarımız üçün mühüm addımlardan oldu. Partiyanın yaradılmasından çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, YAP iqtidar partiyasına çevrildi. Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Yeni Azərbaycan Partiyasına dünənin, bu günün və gələcəyin partiyası kimi göstərilən böyük etimad bugünkü reallıqlarımıza yol açdı. Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Ümummilli Liderin ətrafında yaradıldı, siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.YAP dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesindən kənarda qalmır, daim qəbul etdiyi yeni qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır. Partiyanın sıraları günbəgün genişlənir. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricidir. Bu inam özünü bir daha yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində təsdiqlədi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi yeni hədəflərin müəyyənləşdirilməsini və onlara doğru mühüm addımların atılmasını şərtləndirdi. Bu qələbə, eyni zamanda, xalqımızın son 20 ildə Azərbaycanın qazandığı uğurların əsasında dayanan siyasətə dəstəyin, görülən işlərə verilən yüksək dəyərin təsdiqi oldu.Son 20 ildən artıq dövrdə Azərbaycanın qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Onların zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi dayanır. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla ifadə etdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” arzu, istək artıq reallıqdır. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Tarixi sahibinə qovuşan bu torpaqlarımız dirçəlişin Azərbaycan modelini dünyaya təqdim edir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı artır.Bu mühüm hadisəni də qeyd etməliyik ki, 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanmasının üç ili tamam olur. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi iki ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Şuşadan birliyimiz, həmrəyliyimiz dünyaya çatdırıldı. İki ölkə arasında tarixin sınaqlarından keçmiş ortaq strateji maraqlara söykənən hərbi-siyasi və təhlükəsizlik məsələsi Şuşa Bəyannaməsində əksini tapdı. Türkiyə-Azərbaycan dostluğu, birliyi türk dünyasının mənəvi bütövlüyü üçün də mühümdür. Azərbaycanın və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin bugünkü səviyyəyə çatdırılması digər qardaş xalqların da türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmasına zəmin yaradır. Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Böyük inamla qeyd edirik ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur.

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri

Digər xəbərlər