Siyasət

  • 1 489

Zəfərin bir addımlığında – Tovuz döyüşləri - TƏHLİL

image

Azərbaycanın çoxəsrlik tarixinə yeni açılmış səhifə olan Zəfərimiz dünyaya dövlətimizin, xalqımızın gücünü, vüqarını göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında böyük rol oynamış oldu.

Azərbaycanın güclü və müasir ordusu düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığın sonunun olmadığını bir daha göstərmiş oldu. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll edərək düşmənə məğlubiyyəti yaşatdı. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa məğlub olmaları qaçılmaz idi. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun qarşısında duruş gətirmələri ağılasığmaz idi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! - deyən Prezident İlham Əliyev onu da bildirib ki, "Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!".

Bəli, bu gün Azərbaycanın güclü ordusu, yenilməz ordusu var. O ordu ki, döyüş meydanınıda öz gücünü göstərə bildi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.

Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun göstəricisidir. Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi.

ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATI

2020-ci ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmasından artıq dörd il ötür. Bu gün biz həmin tarixdən qalib xalq olaraq danışırıq. Bu, Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribatı idi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasını bir daha göstərmiş oldu. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirmişdi. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu. Həmin günlərdə Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində olmuşdur. Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşmüşdür. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb.

"BİZİM ERMƏNİSTAN ƏRAZİSİNDƏ HƏRBİ HƏDƏFLƏRİMİZ YOXDUR"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır".

Dünya bu döyüşlərə biganə qala bilmədi. Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yaydı və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pislənilib. Rusiya Xarici İşlər Nazirliyi dərhal atəşi dayandırmağa çağırdı. Gürcüstan prezidenti 12-13 iyul tarixlərində Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı qarşıdurmaya görə narahatlığını ifadə etmiş oldu. Pakistan, Qazaxıstan, Moldova, Yaponiya, Böyük Britaniya kimi dövlətlər öz münasibətlərini ifadə etdilər və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdılar. Türk Şurası, GUAM, ATƏT və digər təşkilatlar Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləmiş oldular.

Bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. Azərbaycanın döyüşən əsgəri, hər birimiz sənin yanındıyıq, - dedilər. Ali Baş Komandanın əmrini gözləyirik. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağımıza inam sonsuz idi. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyirdi. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. 44 günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin - mübarizlərin, əliflərin, poladların, ilqarların və neçə-neçə vətən övladlarının qisası qiyamətə qalmadı.

SEPARATÇI REJİMİN MÖVCUDLUĞUNA SON QOYULDU

2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra Ordumuz, xalqımız üçün həlledici olan haqq savaşı başladı. "İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır", - deyən Cənab Prezident bildirib ki, əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Otuz illik əsarət dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi əməliyyatlarla sona yetdi.

44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini görmüş oldu. Müharibə dövründə ermənilərin mülki, dinc insanları hədəfə alınmasının bir daha şahidi olduq. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidentinin bildirdiyi kimi, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar.

Ötən ilin sentyabrın keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. "2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur". Keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.

Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. İnfrastruktur yenidən qurulur, yeni yollar çəkilir, abadlıq və bərpa işlərinə start verilib. Əzəli sakinlərin səsi eşidilir bu yurd yerlərindən. Bütün bunları görən şəhidlərimizin ruhu şaddır və azad nəfəs alırlar. Azərbaycan bayrağı şəhid qanı ilə suvarılmış torpaqlarımızda dalğalanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər