Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü
il tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd
olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən
4 il ötür.
Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə
vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın
sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-
yeksan etmişlər. Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq
tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, Qafqazda yeganə Şərq musiqi
alətləri fabrikini, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidini dağıtmış,
buradakı nadir sənət incilərini talamış və məhv etmiş, Azərbaycan musiqisinin
banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir
Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri
dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə
olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox
dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər,
türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları
(donuz) saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal
olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik
unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid
kimi dəyərləndirilməlidir.
2012-ci ildə Şuşanın işğalının 20-ci ildönümündə cənab Prezident çıxışında:
“Şuşasız ötən illərə mütləq son qoyulacaq. Şuşa haqqında keçmiş zamanda
danışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır” – sözlərini
demişdir.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra, 15 iyun 2021-ci il tarixində
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşa
Bəyənnaməsi imzalanmışdır. İki ölkə arasında imzalanan Bəyannamədə qeyd
olunur: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya
təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz
edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya
təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və
prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə
uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə
salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər
görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı
Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil
olunacaqdır”.
Azərbaycan və Türkiyə bölgənin geosiyasi mənzərəsini dəyişəcək
Bəyannaməyə imza atdı. Həmin Bəyannamə hər iki müttəfiq dövlətin arasında
bütün sahələrdə inteqrasiyanın nümunəsi, o cümlədən region üçün yeni tarixi
gerçəklik deməkdir. 44 günlük müharibənin bizim qalibiyyətimizlə nəticələnməsi
və Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan
Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbədir.
Şuşa şəhəri işğaldan sonra Cənab Prezident İlham Əliyev tərəfindən
Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bunu əminliklə deyə bilərəm ki,
Şuşanı və digər rayonları işğaldan azad etməklə biz təkcə torpağı işğalçılardan
təmizləmədik, biz həm mədəniyyətimizi, incəsənətimizi, tariximizi,
etnoqrafiyamızı, folklorumuzu da xilas etdik. Onlara yeni nəfəs verdik. Əminəm
ki, hər bir azərbaycanlının artıq başı dikdir. İllər sonra Ali Baş Komandanımızla
birlikdə işğaldan azad olunmuş rayonlarımıza qayıtdıq! Biz qalib xalqıq!
Nigar Abdullayeva
AMEA Folklor İnstitutu YAP Yasamal rayonu üzrə ərazi partiya təşkilatının sədr müavini