Siyasət

  • 585

Azadlığın dördüncü ili: Ağdam yeni inkişaf dövrünü yaşayır ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu günlər hər il ölkə ərazisində böyük təntənə ilə qeyd olunur.

İşğaldan sonra ermənilər öz vəhşiliklərini bir daha göstərmiş, şəhəri darmadağın etmiş, yaşayış məntəqələrini, tarixi abidələri, məscidləri dağıtmışdır.

Ağdam, 2020-ci ilin 10 noyabr tarixində, Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətinə keçdi. Bu razılaşma ilə Ağdam, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, bir sıra ərazilər Azərbaycana geri qaytarıldı. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə və işğal altında olan torpaqlarını geri almağa başladığı mühüm bir mərhələ idi.

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa - quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

Bəli, artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Burada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Ölkə başçısının Ağdam rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin, Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, eləcə də inzibati binanın təməlləri qoyulub. Bütün bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə, Ağdamın şöhrətli günləri yenidən qayıdacaq.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər