Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan yaşayır
"Dəmir yumruğ"un gücü, Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşməsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verir, açılışlar edir, yeni təməllər qoyur. Artıq davamlı olaraq işğaldan azad olunan ərazilərimizə əzəli sakinlər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan əzazilərə qayıdırlar. Növbəti köç Cəbrayıl şəhərinə yol alıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Azərbaycan bu gün quruculuq meydanında imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. proritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir. İnkişaf strategiyası nəticəsində dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə 16.11.2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi.
İşğaldan azad olunan ərazilərimizin təmir və bərpasına 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır.
MÜASİR CƏBRAYIL VƏ RAHAT-FİRAVAN HƏYAT
Cəbrayıl rayonunun işğalı zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2016-cı ilin aprel döyüşlərində ordumuz düşmən qüvvələrini Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur etdilər. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. 2020-ci ilin oktyabrın 18-i də tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu.
Bu gün Azərbaycan xalqı rahat nəfəs alır. İşğal altında olan torpaqlarımız azad olunub. Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.
2040-CI İLİN SONUNA QƏDƏR CƏBRAYIL ŞƏHƏRİNDƏ 15 000 SAKİN YAŞAYACAQ
Cəbrayıl şəhərinin Baş planına əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan "yaşıl zolaq" şəhərin əsas onurğası kimi verilib. Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək ozünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.
Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3 800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.
Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək. Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhərdaxili yol profillərində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.
MÜASİR STANDARTLARA UYĞUN 3 TAM VƏ ORTA TƏHSİL MÜƏSSİSƏSİ
Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.
Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18%-i yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən "yaşıl zolaq" mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.
Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və bu ərazilərdə reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, əəzəəli torpaqlarımız yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib.
ZÜMRÜD BAYRAMOVA