"Gürcüstan cəmiyyəti və siyasi qüvvələr demək olar ki, qəti şəkildə parçalanıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, bu gün meydanlarda üz-üzə dayanan etirazçılar və hakimiyyət qüvvələrinin hər ikisinin seçimləri aydın və qətidir: "Meydandakılar Gürcüstanın Avropa ilə inteqrasiyasını müdafiə etməkdə qərarlıdırlar. Gürcüstan hakimiyyəti isə daha çox fərqli mülahizələrlə hərəkət edir.Meydan hərəkatının arxasında, təbii ki, Gürcüstan cəmiyyətində idarə olunan qüvvələr dayanır. Qərbin, Avropanın çoxdandır ki, bu ölkəyə mühüm təsir çarxları var. Demək olar ki, 1989-cu ildən indiyədək bu ölkədə Qərbin müxtəlif layihələr çərçivəsində idarə etdiyi ictimai-siyasi qüvvələr formalaşıb. Siyasi partiyalar yaranıb. Qeyri-hökumət təşkilatlarının sonsuz sayda böyük şəbəkəsi formalaşıb. Vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri bu şəbəkənin içərisindədirlər. Onlar müxtəlif vasitələrlə Qərb dairələrindən hərtərəfli dəstək alırlar. Məqsədləri də Gürcüstanı Avropa Birliyinə, Avropa strukturlarına inteqrasiya etdirmək, onun Kremlinlə əlaqələrini demək olar ki, kəsməkdən ibarətdir. Gürcüstan cəmiyyətinin aydın prinsiplərindən və qətiyyətli şəkildə parçalanması bu ölkədəki proseslərin gərginliyini təmin edən əsas faktordur. Görünür ki, nə meydandakı qüvvələr, nə də hakimiyyət qüvvələri öz prinsiplərindən çəkinmək niyyətində deyillər. Əslində meydanlardakı qüvvələri idarə edən xarici mərkəzlər də öz niyyətlərindən əl çəkmək fikrində deyillər. Çünki Gürcüstanda bu gün meydanda gedən proseslər Qərbin və Rusiyanın geosiyasi maraqlar uğrunda gedən mübarizəsinin ən kəskin formada təzahürüdür. Belə mübarizələr bir qayda olaraq böyük qarşıdurmalarla müşahidə olunur. Çox böyük ehtimalla Gürcüstanda da hadisələrin hələ bundan da gərgin olacağı gözlənilir"."İstisna etmək olmaz ki, bu, hətta açıq küçə döyüşləri şəklində ola bilər, silahlı döyüşlər də gedə bilər. Əgər Gürcüstan hakimiyyəti daha kəskin addımlar atmasa, fikrimcə, Gürcüstandakı meydan hərəkatının asanlıqla sönəcəyi gözlənilmir. Çünki bunun arxasında Qərbin müəyyən geosiyasi mərkəzləri dayanır. Onlara hər cür iqtisadi, maliyyə dəstəyi verirlər. Hətta yeri gələndə ona hərbi dəstək verərək Gürcüstanın ikinci Ukrayna kimi cəbhə olaraq açılmasını da istisna etmirlər" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə