PDF Oxu

Siyasət

  • 1 080

Çoxşaxəli xarici siyasətimiz körpülər qurmaqda yardımçı olur

image

Dövlət başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın hər bir sahədə təqdimatı kimi dəyərləndirildi. Belə ki, ölkəmizin dayanıqlı iqtisadi inkişafından geniş bəhs edən cənab İlham Əliyev siyasi mövqeyimizin möhkəmlənməsini, beynəlxalq münasibətlər sistemində artan rolumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması iqtisadi imkanlarının, beynəlxalq nüfuzunun təsdiqi oldu. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın ötən il COP29 iqlim konfransına ev sahibliyindən, eyni zamanda, D-8 təşkilatına üzv qəbul edilməsindən geniş bəhs etdi. “Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi” söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq. Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etdi. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib.

Yekun nəticə COP29-un uğur hekayəsi olduğunu sübut etdi. Çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxt var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik. Bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.
Prezident İlham Əliyev qeyd etdi ki, daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.
Dövlətimizin başçısı İlham Əliyev D-8 təşkilatına üzv qəbul edilməyimizdən bəhs edərək bildirdi ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.
Namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə cənab İlham Əliyev bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdir. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Azərbaycan bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edir və bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, Azərbaycanın öz gündəliyi var. D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Artıq genişlənməyə start verildi. Bu, Azərbaycanla məhdudlaşmayacaq və digər ölkələr dəvət ediləcək.
Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya, bir tərəfimiz Avropaya uzanır. Bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq və biz buna hazır olmalıyıq.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Digər xəbərlər