PDF Oxu

Siyasət

  • 448

Suqovuşanlılar yurd torpaqlarında

image

Prezident İlham Əliyev: "İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işləri başladı. Dağıdılmış kəndlərin və şəhərlərin yerində qısa müddətdə "ağıllı kənd"lərin təməli qoyuldu. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu. Bu gün artıq işğaldan azad olunan digər ərazilərimiz kimi Suqovuşanda yeni dövrünü - abadlıq-quruculuq dövrünü yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri tarixin yaddaşında zəngin hadisələrlə yadda qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

"YAXŞI, RAHAT YAŞAMAQ, İŞLƏMƏK ÜÇÜN BÜTÜN İMKANLAR"

Vurğulamaq yerinə düşər ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda "istirahət kompleksi layihəsi" icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Xalqın əziz bayramı olan İlaxır çərşənbə günündə Həsənriz kəndində tonqalı alovlandıran, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdı. "O vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar". Bu sözləri fikirləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib: "Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər".

"BÖYÜK YAŞAYIŞ MƏNTƏQƏSİNİN İŞĞALÇILARDAN AZAD EDİLMƏSİ XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİK İDİ"

Suqovuşan Azərbaycan Ordusu üçün çox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə mühüm rol oynadı. "Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi", - deyə Prezident diqqətə çatdırıb: "Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi".

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi və dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışırdı. Ordumuz Şuşanı işğaldan azad etməklə düşmənin döyüş ruhunu məhv etdi. "Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq", - deyən Prezident bildirib ki, bu, uzun bir proses idi: "İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik".

"İLYARIM BUNDAN ƏVVƏL BİRGÜNLÜK ANTİTERROR ƏMƏLİYYATI SEPARATÇILIĞIN KÖKÜNÜ KƏSDİ"

Azərbaycan Ordusu antiterror tədbirlərinin qarşısını alaraq tariximizə uğurlar həəkk etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində keçirilən əməliyyatın əsas məqsədi Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi, onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqliklik vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşdirilmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Tədbir zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır. "İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir", - deyən Prezident bildirib: "Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb". Bizim Qələbəmizin tam olduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir: "İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik".

BU GÜN AZƏRBAYCAN QURUCULUQ MEYDANINDA İMZA ATDIĞI LAYİHƏLƏRİ İLƏ SÖZÜNÜ DEYİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında da iştirak ediblər. Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər. Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Göründüyü kimi, Azərbaycan bu gün quruculuq meydanında imza atdığı layihələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Əlbəttə ki, strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə xidmət edən peşəkar idarəetmə sisteminin mövcudluğu işlərin sürətlə və səmərəli həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Bu sənəd əhalinin doğma torpaqlarına geri qayıdışı məsələlərini, məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, məşğulluq imkanlarını artırmaqla yanaşı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etməklə hədəflənən məqsədlərin sürətli və keyfiyyətli icrasına öz töhfəsini verəcəkdir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər