PDF Oxu

Siyasət

  • 730

Tarixi Zəfərimizin başlanğıcı - Aprel döyüşləri

image

Prezident İlham Əliyev: "2016-cı ildə aprel döyüşlərində düşmənə dərs verdik"

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə. Həmin zamandan 9 il ötür. Bu, aprel döyüşləri kimi tarixiləşdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

DÜŞMƏNƏ GÖSTƏRİLƏN SİYASİ İRADƏ VƏ GÜC

Azərbaycan ordusu hələ Aprel döyüşlərində öz gücünü düşmənə göstərə bilmişdir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.

Hadisələrin gedişinə nəzər salsaq görərik ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirib. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub. Talış kəndində olmuş "Kommersant" qəzetinin müxbirinin sözlərinə görə, Azərbaycan hərbçilərinin qrupu Talışa girsə də, orada möhkəmlənə bilmədilər. Azərbaycan Ordusunun şanlı tarixində mühüm yerlərdən birini tutan 2016-cı ilin Aprel döyüşləri artıq düşmənə Azərbaycanın gücünü göstərmişdir.

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.

Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

"2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir.

26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

ZAMAN YETİŞDİ…

ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. 30 ilə yaxın işğal dövründə Azərbaycan hər zaman bu qisası almağa, ucadan-uca üçrəngli Azərbaycan bayrağını vətən torpağı üzərində məğrur-məğrur dalğalanacağı günün lap yaxında olduğunu yaxşı bilirdi. Vətən torpağına axıdılan şəhid qanının, qoca, qadın və uşaqların qışın sərt sızağında, yayın istisində el-obasından didərgin düşməsinin qisasının alınacağı günü səbirsizliklə gözləyirdi igid oğullarımız. Müstəqilliyimizin rəmzi, bütövlüyümüzün, varlığımızın simvolu olan Bayrağımızı o yerlərdə dalğalandırmağa hər kəs tələsirdi. Zaman yetişdi. Siyasi gücə, iradəyə malik Böyük Lider, Azərbaycan Prezidenti İlham Əliyevin Sərkərdəlik məharəti Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu" mifini darmadağın etdi.

"QİSAS" CAVAB ƏMƏLİYYATI

Yaxın keçmişimizdə aldığı zərbələri yaddan çıxarmışdılar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq 2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı.

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur. Azərbaycanın apardığı antiterror tədbirləri lokal xarakterli idi və Ordumuzun qarşısına mülki obyektlərə, insanlara zərər yetirilməməsi vəzifəsi qoyulmuşdu. Qarabağın relyefi dağlıq olduğundan və qeyri-qanuni erməni silahlıları uzun müddət yüksəkliklərdə möhkəmləndiyindən antiterror tədbirlərinin aparılması heç də asan məsələ deyildi. Ordumuz verilən tapşırığa əsasən ancaq legitim hərbi hədəfləri zərərsizləşdirdi və bu, humanistliyə görə dünyada aparılan ən nümunəvi antiterror tədbiri olaraq tarixə düşdü. 2023-cü ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. "Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz". – deyə Prezident bildirib.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib.

İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. Bu gün vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayanır. Gənclərin Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılması, vətən torpaqlarının müdafiəsinə qalxması vahid niyyət ətrafında birləşən gənclərimizin əzmkarlığını, vətənə sevgsini bir daha göstərmiş oldu. Öz iradəsi, gücü ilə. Bu gün də vətən oğulları Ali baş Komandanın əmrinə, vətənin müdafiəsinə hər an hazırdırlar. Bu gün Azərbaycan qalib dövlətdir. Torpaqlarını işğaldan azad edilən qalib xalqdır.

Bu gün hər bir azərbaycanlı Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından qürur duyurlar. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusudur.

Nəzakət ƏLƏDDINQIZI

Digər xəbərlər