YAP Masallı rayon təşkilatı 20 may 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik” ili çərçivəsində Masallı Onbirillik Uşaq İncəsəbət məktəbində “Sənə Qələbə yaraşır, Azərbaycan əsgəri!” mövzusunda qazilərin və müharibə veteranlarının da iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Bir yumruq kimi birləşən xalqımız düşmənin layiqli cavabını verdi. Hər günü bir tarix olan Vətən müharibəsi cəmi 44 gün çəkdi. Amma 44 ilə, qərinəyə, əsrə, bəlkə də minilliklərə meydan oxudu. Tarixin dərin qatlarından zəmanəmizə gəlib çatan qəhrəmanlıq dastanlarına yeni Zəfərlər yazıldı. Nə axan qanlar bizi qorxutdu, nə də verdiyimiz şəhidlər.
Seyfəddin Əliyev məğlubedilməz ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı deyərək qeyd etdi ki, dünya hərb tarixinə isə yeni bir səhifə açaraq, gücünü və haqlı tərəf olduğunu sübuta yetirdi. “8 noyabr 2020-ci il Vətən müharibəsindəki Zəfərimiz Qarabağ dərdimizə məlhəm oldu. Bu mənada, Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlətimizin və xalqımızın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. İkinci Qarabağ müharibəsi xalqın uzun illər itirilmiş inam hissini özünə qaytardı. Bu qələbə hər bir vətəndaşın həyatında dönüş nöqtəsinə çevrildi. Artıq məcburi köçkün, qaçqın sözləri leksikonumuzda yoxdu. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!”.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Masallı nümayəndəliyi ərazi partiya təşkilatının sədri Ceyhun Bəşirov çıxış edərək bildirdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi.
Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov, Masallı Heydər Əliyev Mərkəzinin Direktoru Dilbər İbayeva, Vətən müharibəsi iştirakçısı, qazi Talıb Qəzənfərli və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.