PDF Oxu

Siyasət

  • 1 496

Ulu öndərin əbədi və unudulmaz xidməti

image

Azərbaycan xalqının Milli Qurtuluş Günü ölkəmizdə qeyd edilən rəsmi bayramlardan biridir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hər birimiz xoş hisslərlə yaşayırıq. Vətənini, millətini, xalqını sevən insanlar, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan daim xalqına arxalanan Heydər Əliyevdir. 1993-cü ilin iyun ayının əvvəllərində ölkədə fəaliyyət göstərən başıpozuq silahlı dəstələrin hərəkətləri, daxilində qardaş qırğını və vətəndaş müharibəsinə çağıranlar, ayrı-ayrı bölgələrdə separatçılıq, parçalanma meyllərinin baş qaldırması, erməni təcavüzünün güclənməsi, hakimiyyət boşluğunun yaranması Azərbaycanın bir dövlət kimi varlığına böyük təhlükə yaratmışdır. Bu vəziyyətdə olan dövləti, dövlətçiliyi bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi dövlətimizi bəlalardan, faciələrdən xilas etdi. Dövlətini, xalqını, millətini hər şeydən artıq sevən Ulu Öndər Heydər Əliyev sonralar müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Xalqımız artıq beş ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə ilə, qələbə ovqatı ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Müasir Azərbaycan dövlətinin qurucusu, ən böyük azərbaycanlı kimi tanınan və sevilən dahi tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.

Nizami Verdiyev

YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü Minkənd kənd tam orta məktəbin tarix müəllimi

Digər xəbərlər