PDF Oxu

Siyasət

  • 1 136

Şuşa Bəyannaməsi - tarixə yazılmış çağdaş müttəfiqliyin simvoludur

image

Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq və dostluq prinsipləri üzərində qurulub. Lakin 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi bu əlaqələri rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qarabağın incisi olan Şuşa şəhərində imzalanaraq yalnız iki ölkənin deyil, bütün türk dünyasının siyasi tarixində mühüm yer tutdu. Bəyannamə həm də 44 günlük Vətən müharibəsindən sonra yaranan geosiyasi reallıqların hüquqi və siyasi ifadəsidir.

Şuşa Bəyannaməsinin imzalanması, 2020-ci ildə Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra baş verdi. 30 ilə yaxın işğal altında qalan ərazilərin azad edilməsi yalnız Azərbaycanın deyil, həm də regionun tarixində dönüş nöqtəsi oldu. Bu prosesdə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu dəstəyin təməli olaraq, Şuşada imzalanmış bəyannamə iki ölkənin bundan sonrakı münasibətlərini sistemli və çoxşaxəli şəkildə tənzimləməyə yönəlib.

Bəyannamənin ən mühüm hissələrindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqdır. Tərəflər, hər iki ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidə qarşı birlikdə tədbir görmək öhdəliyi götürürlər. Bu, faktiki olaraq hərbi ittifaq xarakteri daşıyan müddəadır. Bəyannamədə ortaq hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və birgə layihələrin inkişafı kimi məsələlər də öz əksini tapır.

Şuşa Bəyannaməsində iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin inkişafı xüsusi yer tutur. Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa, həm Azərbaycan, həm Türkiyə, həm də ümumilikdə region üçün strateji əhəmiyyətə malikdir. Bu dəhliz vasitəsilə Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək, eyni zamanda Türkiyədən Orta Asiyaya uzanan yeni bir nəqliyyat xətti formalaşacaq.

Bəyannamənin Şuşada imzalanması təsadüfi deyildi. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin beşiyi olmaqla yanaşı, Qarabağ zəfərinin ən önəmli simvoludur. Bu şəhərdə bəyannamənin imzalanması, həmçinin, Azərbaycanın bu torpaqlarda suverenliyinin təsdiqi və Türkiyənin buna tam dəstəyinin təcəssümüdür. Bu addım həm də dünyaya verilmiş siyasi mesaj idi – bölgədə yeni reallıqlar var və bu reallıqlar türk dövlətlərinin birliyi və əməkdaşlığına söykənir.

Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış sənəd deyil. Bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatı və ümumiyyətlə türk dünyası üçün strateji çərçivə rolunu oynayır. O, digər türk dövlətlərinə də ortaq müdafiə, iqtisadi əməkdaşlıq və mədəni inteqrasiya yollarının açıq olduğunu göstərir. Türk dövlətlərinin daha sıx əməkdaşlıq etməsi üçün nümunəvi model təqdim edir.

44 günlük Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq, dostluq əlaqalərinin ən yüksək səviyyədə olduğunu dünyaya sübut edir. Şuşa Bəyannaməsi ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqlarımızın təhlükəsiz yaşamasının təminatıdır. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq. Beləliklə Şuşa bəyannaməsinin imzalanması Şanlı Zəfər qələbəmizin təntənəsi olaraq bir daha bütün dünyaya bildirdi ki, Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər