2025-ci il iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mingəçevirdə yerləşən və ölkənin enerji tarixində xüsusi yerə malik olan “8 Noyabr” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Prezidentin bu mərasimdəki çıxışı Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı, ekoloji məsuliyyəti və milli maraqlarını əhatə edən çoxşaxəli strateji baxışı ortaya qoydu.
Cənabİlham Əliyev çıxışında vurğuladı ki, “8 Noyabr” Elektrik Stansiyası yalnız mühüm texniki göstəricilərlə fərqlənmir, həm də onun adı Azərbaycanın müasir tarixində önəmli yer tutan 8 Noyabr Zəfəri ilə birbaşa bağlıdır. Şuşanın azad edildiyi günə ithaf olunan bu stansiya, rəmzi məna daşımaqla yanaşı, Azərbaycanın müstəqil enerji siyasətinin uğurlu nəticəsi kimi də qiymətləndirilir.
Stansiyanın ümumi gücü 1 280 MVt təşkil edir və bu, Azərbaycan elektroenergetika tarixində rekord göstəricidir. Ölkə prezidenti həmçinin çıxışında qeyd etdi ki, bu stansiyanın istismara verilməsi nəticəsində ildə 800 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bu isə ölkənin enerji resurslarının daha səmərəli istifadəsinə, qazın həm daxili tələbat, həm də ixrac üçün daha optimal bölüşdürülməsinə imkan yaradacaq. Eyni zamanda, bu layihə vasitəsilə illik karbon emissiyası 2 milyon ton azalacaq ki, bu da Azərbaycanın ekoloji siyasətinə və iqlim öhdəliklərinə verdiyi önəmi göstərir. Çıxışda layihənin beynəlxalq tərəfdaşlıqla reallaşdırıldığıda xüsusi vurğulandı. İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang Electric” şirkətləri ilə əməkdaşlıq göstərdi ki, Azərbaycan enerji layihələrini qlobal səviyyədə planlaşdırır və reallaşdırır. Bu, həm də ölkənin xarici investisiyalar üçün etibarlı məkana çevrildiyinin sübutudur.
Prezident çıxışında onu da qeyd etdi ki, Mingəçevir tarixən Azərbaycanın enerji mərkəzi olub və bu status bu gün daha da möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyevin vaxtilə bu şəhərə verdiyi diqqət, enerji infrastrukturunun təməlini qoyması bu gün öz bəhrəsini verir. Yeni stansiya, Heydər Əliyev siyasətinin davamı olaraq, Azərbaycanın iqtisadi və sənaye inkişafının mühüm dayaqlarından biri kimi çıxış edəcək.
Əlavə olaraq, Prezident Azərbaycanın enerji ixrac potensialının genişləndirilməsi məsələsinə də toxundu. Qeyd olundu ki, yeni enerji generasiya mənbələri ilə Azərbaycanın xarici bazarlara daha çox enerji ötürmək imkanı olacaq. Bu da ölkənin valyuta gəlirlərini artırmaqla yanaşı, regionda strateji əhəmiyyətini daha da artıracaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışında etdiyi çıxış, Azərbaycanın yalnız bu gününü deyil, həm də sabahını düşünən bir liderin baxışını ortaya qoydu. Bu layihə, Azərbaycanın enerji müstəqilliyini və iqtisadi dayanıqlığını daha da gücləndirir, ölkəni regional enerji liderinə çevirir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini