23 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 32 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Ağstafa rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biri olmuşdur. Hazırda sıralarında 7 mindən artıq üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 24 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.
Çıxış edən natiqlər – Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə İsgəndərli, veteran partiyaçılar Cümşüd Musayev, Sahib Salıfov və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirməsindən danışıblar.
Veteran partiyaçı Məmməd Məmmədov Ulu Öndərə həsr elədiyi şeirini səsləndirib.
Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri Fərmanlar və YAP sıralarına yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda partiyamızın 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.