Prezident İlham Əliyev: "Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır"
Son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Reallaşan kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Azərbaycanın dinamik inkişafının göstəriciləri sırasında ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə heç bir ölkədə müşahidə olunmur. Uğurlu inkişaf dövrünü yaşayan və tarixi qələbələrə imza atan Azərbaycanda 2025–ci il Prezident İlham Əliyevin Sərəncamı ilə "Konstitusiya və Suverenlik İli"dir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edildi. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
QANUNVERİCİLİK VƏ İNSTİTUSİONAL İSLAHATLARIN ƏSASI
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Konstitusiyanın qəbulu müstəqil dövlətimizin Ana Qanunu olaraq vətəndaşların azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə deyirdi: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".
5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. Tarixi ardıcıllığa nəzər salsaq görərik ki, bir-birinin ardınca qəbul olunan sənədlər demokratik dəyərlərə əsaslanırdı.
YENİ DÖVR, YENİ ÇAĞIRIŞLAR
Yeni dövrün tələblərinin yaratdığı zərurət Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilməsi ilə nəticələnib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən, 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı. Ali Baş Komandan statusu yalnız ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Prezidentlik müddəti 5 ildən 7 ilə artırıldı. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradır. Konstitusiyada təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb.
SUVEREN HÜQUQLARIN TƏMİNİ
Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Yeni dövrün tələblərinin yaratdığı zərurət Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilməsi ilə nəticələnib. Ana Qanunumuz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar".
QARABAĞDAKI XUNTA REJİMİ DARMADAĞIN EDİLDİ
Vurğulayaq ki, Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün hərbi qüdrət səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin mükəmməl şəkildə davam etdirildiyini və xalqımızın qələbə əzminin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi darmadağın edildi.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qəhrəmanlıq tariximizdə əbədi qalacaq. Həmişə qürur duyulası səhifə kimi xatırlanacaq. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sənəddə qeyd olunduğu kimi, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir,
Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir.Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.
Nəzakət ƏLƏDDİNQIZI