PDF Oxu

Siyasət

  • 679

Azərbaycan-İtaliya əlaqələri daha da möhkəmlənir

image

Qeyd edək ki, Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Belə ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Ölkələrimizin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.

Cari ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti SercioMattarella arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafını bir daha nümayiş etdirir. İtaliya Prezidentinin səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti SercioMattarellanın Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat konfransında çıxış edib. Dövlət başçısı bildirib ki, bu səfər tarixi əhəmiyyət daşıyır, çünki İtaliya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Prezident İlham Əliyev əmin olduğunu qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın inkişafına böyük töhfə verəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İtaliya arasındakı əlaqələr çoxşaxəlidir və bir çox sahələri – siyasi, iqtisadi, regional və təhlükəsizlik məsələlərini əhatə edir, aparılan danışıqlar və görüşlər zamanı Avropa İttifaqı–Azərbaycan əlaqələri, regional inkişaf, iqtisadi əməkdaşlıq, eləcə də bir sıra mühüm beynəlxalq məsələlər müzakirə olunur.

Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 9 milyard ABŞ dolları səviyyəsində olub. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Belə ki, ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir.

İtaliya-Azərbaycan əlaqələri digər Avropa ölkələri üçün də bir nümunə modelidir. Bu münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir. Azərbaycan Qafqazda Avropa İttifaqının, o cümlədən İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin mövcud olmasına vəsilə yaradan səbəblərdən biri də odur ki, Azərbaycan demokratik dəyərlərə malik ölkədir, insanların hüquq və azadlıqları qorunur, söz, mətbuat azadlığı və sərbəstliyi mövcuddur.

Sonda onuda vurğulamaq lazımdır ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılır. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm də həyatda, praktik işlərdə özünü təsdiqləyir.

Ayaz Quliyev

YAP Xızı rayon Təşkilatının sədri

Digər xəbərlər