Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü mühüm çağırışlarla tarixə yazıldı. Zirvə Görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsi oldu. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O vaxt Sazişi dörd ölkə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Prezidentləri imzalamışdılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə Şuraya üzv ölkələr arasında əməkdaşlıq genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir.Qəbələ Zirvə Görüşündə bir daha ölkəmizin türk dünyasının birliyinə töhfələri təqdir edildi. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açıldı, Azərbaycan xalqının Türk dünyasında layiqli yer tutduğu, böyük hörmətə və nüfuza malik olduğu bildirildi. Ümumilikdə Zirvə Görüşündəki çıxışlar türk dövlətlərin mövcud əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsi istəklərinin təqdimatı oldu.Qeyd edək ki, tarixi Zəfərimiz Türk dünyasının birliyi, həmrəyliyi məsələsini daha da aktuallaşdırdı. Dünya istər 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə bu birliyin möhkəm təmələ, tarixi köklərə malik olduğunun şahidinə çevrildi.Dövlət başçısı İlham Əliyev Qəbələ Zirvə Görüşündəki çıxışında bildirdi ki, ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir.Dövlət başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışında onu da qeyd etdi ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.Dünya hazırda Türk dünyasının birliyinin şahididir. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Azərbaycan dövlətinin gördüyü işlərə TDT-yə üzv və müşahidəçi ölkələr də öz töhfələrini verirlər. Belə ki, Türkmənistan tərəfindən Füzulidə məscidin tikintisi ilə yanaşı, bu rayonda Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəbin tikilib istifadəyə verilməsi, Macarıstan tərəfindən Cəbrayılda məktəb binasının tikilməsi, Türkiyə şirkətlərinin bir çox tunel, körpü və yolların inşasında iştirakı bunun əyani göstəricisidir.Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallıqdır. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri