“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və “R.Behbudov küçəsi 134” ünvanı üzrə (Azərbaycan Dillər Universiteti) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Azərbaycan Respublikasının uğurları: Müstəqillikdən tam suverenliyə doğru” mövzusunda tədbir keçirilib.Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx izlənilib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən bəhs edib. O deyib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi Azərbaycanı güclü dövlətə çevirib, gələcək inkişafını sürətləndirib.
Bildirilib ki, Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq, bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib: “Müstəqillik əldə olunandan bu günə qədər suverenliyimizin bərpası istiqamətində görülən işlər asan başa gəlməyib. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin keşiyində duran və onun inkişafının təməlini qoyan dahi şəxsiyyətdir”.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib”. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafının təmin edilməsində qarant rolunu oynayıb. Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa edilib, suverenliyimiz tam təmin olunub.
Daha sonra professor İbrahim Kazımbəyli “Azərbaycan Respublikasında müstəqilliyin bərpası və tam suverenlik istiqamətində atılan uğurlu addımlar”, ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Zərifə Əliyeva “Azərbaycan Respublikasında siyasi sistemin formalaşdırılması və dövlət quruculuğu”, ADU-nun tələbəsi, “Yeni Klub”un sədri Mədinə Əhmədova isə “Azərbaycan gəncliyi tam suverenliyin bərpası dövründə” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra ADU tələbələrinin təqdimatında bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.