Azərbaycan Respublikasının müasir siyasi tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. Xalqın etimadı ilə prezident seçilən İlham Əliyev müstəqil dövlət quruculuğunun yeni mərhələsini başlatdı. Prezident İlham Əliyevin bu günə qədər olan fəaliyyəti ölkənin siyasi sabitliyinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Prezidentliyinin ilk illərində əsas prioritetlərdən biri siyasi sabitliyin qorunması və dövlət institutlarının gücləndirilməsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyası yeni şəraitdə müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilmişdir. Güclü icra hakimiyyəti modeli, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı etimadın artırılması bu dövrün başlıca xüsusiyyətləri olmuşdur. Siyasi sabitlik ölkənin bütün sahələrdə inkişafının əsas şərti kimi dəyərləndirilmiş, daxili təhlükəsizlik, ictimai asayiş və dövlət suverenliyi prinsipial mövqe ilə qorunmuşdur. Bu sabitlik sonrakı illərdə həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial islahatlar üçün möhkəm zəmin yaratmışdır.
Prezident İlham Əliyevin fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi və enerji resurslarından səmərəli istifadəyə əsaslanan uzunmüddətli strategiya ilə xarakterizə olunur. 2000-ci illərin ortalarından başlayaraq neft gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondunun vəsaitlərinin şəffaf və məqsədyönlü şəkildə istifadəsi ölkənin makroiqtisadi sabitliyini təmin etmişdir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Kənd təsərrüfatı, sənaye parkları, logistika mərkəzləri və nəqliyyat infrastrukturuna qoyulan investisiyalar Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsinə şərait yaratmışdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri ilə başlanan enerji strategiyası Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrlə davam etdirilmişdir. Bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş statusuna yüksəltmişdir.
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Regionların inkişafı üzrə dövlət proqramları nəticəsində ölkənin bütün bölgələrində yollar, elektrik, qaz və su təchizatı sistemləri yenilənmişdir. Bu siyasət regionlararası sosial-iqtisadi fərqlərin azalmasına və daxili miqrasiyanın tənzimlənməsinə mühüm töhfə vermişdir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində strateji mövqeyini gücləndirmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil yolları ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Dövlət başçısının xarici siyasəti milli maraqlara əsaslanan balanslaşdırılmış və çoxşaxəli yanaşma ilə seçilir. Beynəlxalq təşkilatlarda fəal mövqe tutmuş, regional və qlobal təşəbbüslərin iştirakçısı və müəllifinə çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycanın səsi daha aydın və təsirli şəkildə eşidilmişdir. Əsas istiqamətlərdən biri də ölkənin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanıdılması və müdafiəsi olmuşdur. Diplomatik fəaliyyət informasiya müharibəsi və beynəlxalq hüquq müstəvisində ardıcıl şəkildə aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik fəaliyyətində ordu quruculuğu xüsusi strateji əhəmiyyət kəsb edir. Müdafiə qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Bununla da Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Milli təhlükəsizlik konsepsiyası yalnız hərbi güclə deyil, iqtisadi, informasiya və diplomatik vasitələrlə də dəstəklənmişdir. Dövlətin suverenliyi və milli maraqları bütün səviyyələrdə prinsipial şəkildə qorunmuşdur.
Ölkə başçısının fəaliyyəti dövrü ərzində Qarabağ məsələsi mərkəzi və prinsipial yer tutmuşdur. Uzun illər ərzində aparılan ardıcıl diplomatik mübarizə 2020-ci ildə tarixi nəticə ilə yekunlaşmışdır. Vətən müharibəsində əldə olunan Qələbə dövlətimizin siyasi iradəsinin, ordunun peşəkarlığının və xalq-lider birliyinin bariz təzahürü olmuşdur. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, infrastrukturun sıfırdan qurulması və Böyük Qayıdış proqramı dövlət siyasətinin strateji istiqamətlərindən birinə çevrilmişdir. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan edilməsi Azərbaycanın gələcək inkişaf strategiyasının ekoloji məsuliyyət prinsiplərinə əsaslandığını göstərir. Bu yanaşma ölkənin beynəlxalq ekoloji təşəbbüslərdə fəal iştirakına da şərait yaratmışdır.
Dövlət idarəçiliyində aparılan islahatlar hüquqi sistemin təkmilləşdirilməsinə və idarəetmədə çevikliyin artırılmasına yönəlmişdir. Məhkəmə-hüquq islahatları, elektron hökumət mexanizmlərinin genişləndirilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi müasir dövlət idarəçiliyinin əsas göstəricilərindəndir. Gənclərin təhsil, məşğulluq və ictimai həyatda fəallığının artırılması istiqamətində ardıcıl proqramlar həyata keçirilmişdir. Gənc kadrların dövlət idarəçiliyinə cəlb olunması, startap və innovasiya mühitinin təşviqi milli gələcəyin formalaşdırılmasına xidmət edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi Prezident İlham Əliyevin siyasətində mühüm ideoloji xətt kimi qorunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və keyfiyyətcə yeni mərhələyə yüksəlməsi ilə səciyyələnir. Güclü siyasi iradə, strateji baxış və praqmatik idarəetmə nəticəsində Azərbaycan regional gücdən qlobal miqyasda söz sahibi olan dövlətə çevrilmişdir. İlham Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf modeli müasir Azərbaycanın uzunmüddətli dövlətçilik konsepsiyasını müəyyən edən əsas amil kimi tarixə düşmüşdür.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini