PDF Oxu

Siyasət

  • 549

Dövlət siyasətinin mühüm istiqaməti - ŞƏRH

image

2025-ci ilin idman yekunları ölkəmizin idman tarixində xüsusilə yadda qalan bir mərhələ oldu. İlin sonu münasibətilə keçirilən ənənəvi tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin çıxışı bir daha göstərdi ki, idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Prezidentin çıxışından göründü ki, 2025-ci il Azərbaycan idmanı üçün həm nəticələr, həm də sistemli inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Dövlət başçısı qeyd etdi ki, ölkə idmançıları il ərzində beynəlxalq arenada yüksək nailiyyətlər əldə edib, yüzlərlə medal qazanaraq Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da möhkəmləndiriblər. Bu, həm peşəkar hazırlığın, həm də ölkədə mövcud olan geniş idman infrastrukturunun real göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi mühüm məqamlardan biri də bu idi: "İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk." Bu fikir həm idmançılarımızın beynəlxalq arenadakı uğurlarının mənəvi dəyərini, həm də idmanın xalqımızın birlik və qürur mənbəyinə çevrilməsini ən dəqiq şəkildə ifadə edir.

Dövlət başçısı çıxışında vurğuladı ki, idmana göstərilən dövlət qayğısı sayəsində bu gün Azərbaycanın bütün bölgələrində müasir standartlara uyğun idman obyektləri fəaliyyət göstərir. Bu, həm professional idmançıların yetişməsi, həm də gənclərin sağlam həyat tərzinə yönləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbirdə səsləndirilən fikirlərdən aydın olur ki, idman təkcə yarışlar və nəticələrdən ibarət deyil, o, həm də milli ruhun, vətənpərvərliyin və sağlam cəmiyyətin formalaşmasında vacib amildir.

Prezidentin çıxışından bir daha aydın görünürdü ki, idman sahəsində əldə olunan uğurlar təsadüfi deyil. Bu, uzun illərdir həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısı qeyd etdi ki, gələcək illərdə də idman sahəsində aparılan işlər davam etdiriləcək, ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da gücləndiriləcək.

Nəticə olaraq, 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir və Prezident İlham Əliyevin çıxışı Azərbaycan idmanının gələcək perspektivlərinin parlaq olduğunu göstərdi. İdman ölkəmizdə dövlət siyasətinin mühüm istiqaməti olaraq formalaşmaqda davam edir və bu siyasətin əsas məqsədi Azərbaycan gənclərinin sağlam, vətənpərvər və güclü yetişməsidir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər