PDF Oxu

Siyasət

  • 785

2025-ci ilin tarixi dönüşləri

image

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə 2025-ci ilin siyasi və tarixi hadisələrinə geniş işıq saldı. Hər ilin əvvəlində keçirilən bu görüşlər həm ictimaiyyətə ötən ilin yekunları barədə məlumat vermək, həm də dövlət başçısının düşüncələrini paylaşmaq üçün mühüm platforma rolunu oynayır.

Cənab Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan üçün tarixi il kimi qiymətləndirdi. Çünki məhz həmin il Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Avqust ayında baş verən dönüşlə Azərbaycan döyüş meydanında qazandığı qələbəni siyasi müstəvidə təsdiqlədi. Bu hadisə müstəqillik tariximizin ən yaddaqalan səhifələrindən biri kimi dəyərləndirilir.

Sülh şəraitində yaşamağın yeni mərhələsi artıq cəmiyyətin siyasi və iqtisadi həyatında öz müsbət təsirlərini göstərməkdədir. Sabitlik, təhlükəsizlik və xoş əhvali-ruhiyyə ölkənin inkişafına güclü stimul verir. Beləliklə, müharibədən sülhə keçid yalnız hərbi qələbə ilə deyil, həm də daxili sabitlik və iqtisadi dirçəlişlə möhkəmləndi.

Müsahibədə xüsusi vurğulanan məqamlardan biri Azərbaycan-Amerika əlaqələrinin yeni mərhələyə qədəm qoyması oldu. Uzun illər iki ölkə münasibətlərinə mənfi təsir göstərən 907-ci düzəlişin ləğvi tarixi hadisə kimi qiymətləndirildi. Prezident İlham Əliyev Ağ Evdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Trampın bu düzəlişi aradan qaldırmasını rəmzi məna daşıyan mühüm addım kimi təqdim etdi.

Bu addım təkcə siyasi məhdudiyyətlərin aradan qaldırılması ilə kifayətlənmədi, həm də iki ölkə arasında strateji əməkdaşlığın yeni istiqamətlərini açdı. Azərbaycan və ABŞ arasında strateji işçi qrupunun yaradılması, tərəfdaşlıq xartiyasının hazırlanması və Zəngəzur dəhlizinin açılmasının təsdiqlənməsi münasibətlərdə dönüş nöqtəsi oldu.

2025-ci ilin son aylarından etibarən Azərbaycan tərəfindən ABŞ-a bir neçə rəsmi heyət göndərildi. Bu heyətlər strateji xartiyanın hazırlanması, qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr apardılar. Prezidentin sözlərinə görə, bu proseslər nəticəyə hesablanmış və praktik xarakter daşıyır. Beləliklə, Azərbaycan-Amerika münasibətləri yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində konkret nəticələrə yönəldi.

Müsahibədə 907-ci düzəlişin qəbul olunması ilə bağlı tarixi kontekstə də toxunuldu. 1992-ci ildə qəbul edilən bu düzəliş Azərbaycanın torpaqları işğal altında olduğu, Xocalı soyqırımı baş verdiyi bir dövrdə həyata keçirilmişdi. Prezident İlham Əliyev bunu böyük ədalətsizlik kimi qiymətləndirərək, həmin dövrdəki Azərbaycan hakimiyyətinin səriştəsizliyini xüsusi vurğuladı.

O, həmçinin ovaxtkı ABŞ senatoru, sonradan vitse-prezident və prezident olmuş Co Baydenin bu düzəlişin qəbul edilməsində fəal iştirakını qeyd etdi. Bu faktın Azərbaycan-ABŞ münasibətlərinə uzun illər mənfi təsir göstərdiyi də müsahibədə diqqətə çatdırıldı. Beləliklə, 2025-ci ildə düzəlişin aradan qaldırılması həm tarixi ədalətin bərpası, həm də yeni əməkdaşlıq dövrünün başlanğıcı kimi dəyərləndirildi.

Prezident İlham Əliyevin çıxışlarında torpaq anlayışı sadəcə coğrafi məkan deyil, milli kimliyin, müstəqilliyin və şəhidlərin xatirəsinin simvolu kimi təqdim olunur. Vətən müharibəsi dövründə hər azad edilmiş kənd, hər sancılan bayraq Azərbaycan torpağının bərpası demək idi. Bu yanaşma müharibədən sonrakı dövrdə də öz aktuallığını qoruyur.

Müharibə dövründə torpaq "yaralı" və "zədəli" məna daşıyırdı. Lakin sülh dövründə bu anlayış dəyişdi. Artıq torpaq məhsuldarlığı ilə, əkinçilik imkanları ilə, quruculuq perspektivləri ilə dəyərləndirilir. Qarabağın münbit qara torpaqları ölkənin iqtisadi inkişafı üçün yeni ümidlər yaradır.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh dövrü bizi arxayınlaşdırmamalıdır. "Hər an ayıq olmalıyıq, güclü olmalıyıq" fikri dövlətin müdafiə konsepsiyasının əsasını təşkil edir. Çünki güclü ordu, güclü dövlət və xalqın birliyi Azərbaycanın gələcək təhlükəsizliyinin qarantıdır. Bu yanaşma göstərir ki, sülh dövründə belə ayıqlıq və hazırlıq milli siyasətin ayrılmaz hissəsidir.

Müharibədən sülhə keçid, ABŞ-la münasibətlərdə yeni səhifənin açılması, strateji əməkdaşlıq mexanizmlərinin qurulması və ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması 2025-ci ili Azərbaycan üçün tarixi dönüş ili etdi. Torpaq anlayışının dəyişən məzmunu isə müstəqillik tariximizin yeni mərhələsini simvolizə edir.

Prezidentin sözləri bir daha təsdiqləyir ki, bundan sonra heç vaxt bir qarış torpaq düşmən tapdağı altında qalmayacaq, çünki güclü Azərbaycan dövləti var.

Tutu Kamalqızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Digər xəbərlər