Müasir Dövlət İnkişafı İnstitutunun (Rusiya) direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində 2026-cı ilin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün nələr gətirəcəyi haqda proqnozlarını açıqlayıb. Müsahibəni kiçik ixtisarla oxucularmıza təqdim edirik.
-Dmitri Vladimiroviç, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı 2026-cı ildə nə gözləmək olar?
-2026-cı il çox mühüm ildir, Azərbaycanın və Ermənistanın gələcəyi, münasibətlərin nizamlanmasının gələcəyi üçün əsas ildir. Ermənistanda keçiriləcək parlament seçkiləri vacib hadisə olacaq. Bakı və İrəvanın nəhayət, tarixi sülh sazişi imzalaya biləcəyi və dövlətlərarası münasibətlər qura biləcəyi bundan da asılı olacaq.
Hazırkı baş nazir Nikol Paşinyanın “Vətəndaş Sazişi” partiyası seçkilərdə qalib gəlsə, bu, sülh prosesi üçün müsbət nəticə olacaq. Qələbədən sonra Paşinyan böyük ehtimalla konstitusiyaya dəyişiklik etmək üçün referendum keçirərək Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ölkənin əsas qanunundan çıxaracaq. Əgər referendum uğurlu olarsa, iki ölkənin sülh sazişi imzalamaması üçün mahiyyətcə heç bir səbəb qalmayacaq. Bu o deməkdir ki, 2026-cı ildə Ermənistan və Azərbaycan üçün ən azı 3 vacib hadisə gözlənilir ki, bu da müəyyən mənada onların və bütün regionun gələcəyini müəyyən edəcək.
Təbii ki, sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə, xüsusən də ticarət sahəsində əməkdaşlığı ideal şəkildə stimullaşdıracaq, bunu biz artıq 2025-ci ilin sonunda Azərbaycan Respublikasının Ermənistana benzin satdığı zaman gördük. Müvafiq olaraq, sülh sazişinin imzalanmasından sonra mühüm vəzifə iki ölkə ictimaiyyəti arasında münasibətlərin yaxşılaşdırılması planının hazırlanması olacaq. Bu da ilk növbədə iqtisadiyyat hesabına əldə olunacaq.
Təbii ki, revanşist müxalifət Paşinyanın qalib gəlməsinin qarşısını almaq üçün əlindən gələni edəcək. Nikol Paşinyan seçkidə qalib gəlmək üçün ciddi iş görməli olacaq. Və burada Ermənistan-Aİ məsələsi ön plana çıxır. İndiki baş nazirin Ermənistanda hakimiyyətə Qərbin himayədarlığı ilə gəldiyini xatırlayırıq. Avropa İttifaqı onun seçkilərdə qələbəsini təmin etmək üçün əlindən gələni etməyə davam edəcək; buna artıq pul yatırılır. Ancaq başa düşmək vacibdir ki, Aİ sizə sponsorluq etsə, siz onun girovuna çevriləcəksiniz və qaçmaq üçün heç bir yolunuz olmayacaq. Paşinyan isə Aİ ona nə desə, edəcək. Nəticə odur ki, Ermənistan öz suverenliyini itirəcək və mahiyyətcə Aİ-nin nəzarətinə keçəcək.
Düşünürəm ki, Ermənistanın yeni Konstitusiyasının müddəalarından biri strateji məqsəd kimi respublikanın Avropa istəklərinə dair bənd olacaq. Yəni Ermənistan hər cəhətdən Qərbə tam qucaq açacaq. Və inanıram ki, seçkilərdən və konstitusiyaya düzəlişlərdən sonra Paşinyan hazırda cəhd etdiyi kimi, artıq Rusiya ilə Aİ arasında balansı saxlaya bilməyəcək. Aİ ondan Rusiya ilə əlaqəni kəsməyi tələb edəcək. Paşinyan artıq Ermənistanı Avropa İttifaqına doğru aparır; onun məqsədi ölkənin Avrasiya İqtisadi İttifaqı daxilində verdiyi üstünlükləri qoruyaraq yavaş-yavaş irəliləməkdir.
Aİ-nin Azərbaycana təzyiq göstərməyə çalışacağı şübhəsizdir. Aİ-nin Bakıya qarşı təxribatlarının davam etdiyini görürük. Bunlara ilin sonunda İrəvan və Brüssel arasında imzalanmış Aİ və Ermənistan arasında Tərəfdaşlıq üzrə Strateji Gündəlikdə irəli sürülən Azərbaycan üçün qəbuledilməz məqamlar, eləcə də ötən ilin sonunda Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsi daxildir. Yəni Aİ öz oyununu oynayaraq, Azərbaycana təzyiq göstərməyə davam edəcək. Bu isə region üçün risklər yaratmaqda davam edir.
- 2026-cı ildə Azərbaycan və Ermənistan üçün aktual olacaq başqa bir mövzu var– nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması– Zəngəzur dəhlizi. Bu baxımdan gözləntiləriniz nədir?
- Məlumdur ki, Azərbaycan Zəngəzur dəhlizinin 1-ci mərhələsini başa vurur, 2-ci mərhələsini isə Naxçıvanda həyata keçirməyə başlayıb. Bu arada İrəvan amerikalılarla “Tramp marşrutu” ilə məşğuldur. Maraqlıdır ki, bu fonda İrəvan kifayət qədər özünəməxsus bəyanatlar verir. Bir tərəfdən Rusiyanın heç bir şəkildə bu marşrutda iştirak etməyəcəyini deyir, digər tərəfdən isə Paşinyan praktiki olaraq Rusiyadan Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədə və Türkiyə ilə sərhədə qədər dəmir yolunu bərpa etməyi tələb edir. Bütün bunların praktikada necə nəticələnəcəyini görmək qalır.
-2026-cı ildə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri ilə bağlı proqnozlarınız necədir?
-Rusiya ilə Azərbaycan arasında münasibətlərin getdikcə yaxşılaşacağını gözləyirik. İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyib, bu isə o deməkdir ki, Moskva və Bakı hələ də bütün həssas məsələləri həll edə bilməyib. “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın yekun nəticəsi münasibətləri daha çox müəyyən edəcək. Bu, son dərəcə vacib və həssas məsələdir. Moskva və Bakı buna necə reaksiya verəcək? Münasibətlərdə digər məsələlər qalır. Amma bütün bunlar həll edilərsə və aradan qaldırılarsa, mən geniş spektrdə təmasların artacağını proqnozlaşdırıram. Münasibətlərdə sabitlik həm Rusiya, həm Azərbaycan, həm də obyektiv olaraq MDB və Avrasiya regionu üçün vacibdir.
2026-cı ildə Rusiya ilə Ermənistan arasında münasibətlərə gəlincə, hər şey respublikada keçirilən seçkilərin nəticələrindən və İrəvanın Brüsselin tətbiq edəcəyi anti-Rusiya oyununu nə dərəcədə oynayacağından asılıdır. Əgər Brüssel İrəvana sərt anti-Rusiya ssenarisi oynamağı desə, o zaman Rusiya-Ermənistan münasibətlərində müsbət irəliləyişlərin baş verməsi ehtimalı azdır. Hər şey İrəvanın bu oyunlarda nə qədər irəli getməsindən asılı olacaq.
Tərcümə - Elçin Bayramlı