Cənub Qaz Dəhlizi təşəbbüsü artıq 12 ildən çoxdur ki, fəaliyyət göstərir və bu müddətdə ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Bu təşəbbüs çərçivəsində bir sıra çətinliklərə baxmayaraq regional enerji təhlükəsizliyinə təminat verən real nəticələr əldə olunmuşdur.
03 mart tarixində keçirilən Məşvərət şurasında Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Belə ki, artıq Almaniya və Avstriya kimi inkişaf etmiş ölkələrə dövlətimiz tərəfindən qaz tədarükünə başlanılıb və hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Bundan başqa gələcək illərdə də Azərbaycanın yeni qaz hasilatı ilə bağlı nəticələrə əsasən qaz həcmlərini artırmaq imkanları mövcuddur.
Ölkəmiz üçün daha bir mühüm hadisə ondan ibarətdir ki, Azərbaycanın qaz təchizatının artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması mümkün olmuşdur. Dövlətimiz ilk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışdır ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Belə ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə həmin ölkənin əhalisinin və müəssisələrinin daha yaxşı təminatına geniş imkanlar yaradılmışdır.
Bu gün Azərbaycan bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq və ixracı maksimum səviyyəyə çatdırmaq məqsədilə əlavə genişləndirmə imkanlarını axtarır. Belə ki, 2026-cı ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması və yaxın bir neçə il ərzində isə “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması planlaşdırılır. Həmçinin “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Azərbaycanın əsas təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının isə 2028-ci ildə yeni mərhələsi üzrə hasilatın başlanması nəzərdə tutulmuşdur. Göstərilən bütün bu hasilat profilləri maksimum istehsal səviyyəsində milyardlarla kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcəkdir.
Azərbaycan yalnız qaz istehsal edən ölkə deyil, həm də enerji ehtiyatlarının etibarlı tranzit ölkəsidir. Qeyd etmək zəruridir ki, regionda cari ildə ACWA Power tərəfindən 240 meqavat gücündə külək elektrik stansiyası fəaliyyətə başlayıb. 2023-cü ildə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası da fəaliyyətə daxil edilib, digər layihələr isə icra mərhələsindədir. Ölkəmiz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir.
Həmçinin, dövlətimiz Azərbaycanla Avropa arasında Qara dəniz üzərindən keçəcək enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana uzanan kabellərin üzərində mühüm işlər həyata keçirməyi planlaşdırır. Qarşıdakı illərdə bu layihələr həm yerli, həm də regional enerji təhlükəsizliyi üçün əhəmiyyətli olacaqdır.
Bundan başqa, Azərbaycan Qazaxıstan və Türkmənistan üçün mühüm neft tranzitini təmin edir və neftin daşınma həcmləri ildən-ilə artır. Ölkəmizin infrastrukturu Xəzər dənizinin şərq sahillərindən daha çox neft qəbul etməyə imkan verir. Dövlətimiz bu yaxınlarda Türkiyədə ən böyük - 870 meqavat gücündə elektrik stansiyalarından birini əldə etmişdir. Həmçinin cari ildə Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanmışdır. Eləcə də, İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması ölkənin əsas planlarından biridir.
Beləliklə, Azərbaycan enerji təhlükəsizliyinə dair yalnız ölkə daxilində deyil, həmçinin, Avropa ölkələri miqyasında da mühüm töhfələr verir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı