Böyük Zəfərimizdən ötən 5 il ərzində Naxçıvan məsələsi, yəni muxtar republikanın blokadasının yarılması, dəmiryolunun bərpası, Zəngəzur dəhlizinin açılması ilə blokadası Qarabağın işğalı ilə yaşıd olan bu qədim diyara yeni həyatın gətirilməsi dövlətin reallaşmasını planlaşdırdığı ən mühüm məsələlərdən biri olub. Necə ki, İkinci Vətən müharibəsi, daha sonra antiterror əməliyyatı, Qarabağda həyata keçirilən bərpa işləri, Böyük Qayıdış Proqramı ardıcıl şəkildə həyata keçirildi, bütün bunların fonunda Naxçıvanın blokadasının ləğv edilməsi də dövlət siyasətinin başlıca amili olub və bu sahədə möhtəşəm işlər görülüb. Bu işlərin zirvəsi isə ötən il Amerikada Prezident Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan Bəyannamə oldu. Bu Bəyannamə Zəngəzur dəhlizinin açılmasını sözsüz reallaşdırdı.
Dövlətimizin başçısının yanvarınn 5-də yerli mediaya verdiyi müsahibədə hər birimizin diqqətlə izlədiyi məqam: Biz əslində bu dəhlizi müharibədən - İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq. Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni sözün düzü, məndə şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq. Bəzən belə ritorikaya da ehtiyac var, çünki bu, qarşı tərəfi, necə deyərlər, yumşaq mənada həvəsləndirir. Amma əlbəttə ki, bu məsələnin Amerikada Trampın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll edilmiş məsələ kimi ortaya qoydu.
Avtomobil yolu 95, dəmir yolu 70 faiz hazırdır
Bizim Prezident Qarabağın işğaldan azad edilməsinə fəaliyyətinin düz 17 ilini həsr etdi. Ən birinci ölkənin çökmüş iqtisadiyyatı dirçəldildi, milli ordunun vəziyyəti yaxşılaşdırıldı. Daha sonra dünya dövlətlərinə üz tutub məsələnin sülh yolu ilə həllinə çalışdı. Ən mötəbər kürsülərdən Qarabağla bağlı çağırışlar etdi. Dünyanın həqiqətlərə korluğu və karlığı təsdiq olunandan sonra isə hər dəfə deyilən vəd öz yerini tutdu-hərbi yolla torpaqlarımızın azad edilməsi məsələsi. Və belə də oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi böyük Zəfərlə nəticələndi. İtkilərimizin, qazilərimizin sayı minlərlə olsa da, lakin torpaq itkilərin hesabına Vətənə məxsus ola bilir, bu, hər birimizin əvvəldən də gözə aldığımız məsələ idi.
Prezidentimiz torpaqlar işğaldan azad edildikcə, bərpa-quruculuq işlərinin başlanması tapşırığını da verirdi. Elə buna görədir ki, atrıq minlərlə sakin doğma yurd yerinə qayıdıb, ata-bbaba ocağının işığını yandırıb. Eləcə də Zəngəzur dəhlizi ilə bağlı. Hələ müharibənin son günü Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyannamədən, hansı ki, bu Bəyannamənin 9-cu bəndi Naxçıvana yolların açılması ilə bağlı idi, dərhal sonra Prezident dəmiryolunun bərpası ilə əlaqədar tapşırıqlar verdi və burada işlər başlandı. Nəticə...
Prezident İlham Əliyev: Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq.
Həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu
Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür, bunu hər kəs bilir. Lakin bu dəhlizin sırf Naxçıvanla bağlı olması onun əhəmiyyətini daha da artırır. Çünki Naxçıvan elə bir coğrafiyada yerləşir ki, bu kiçik ərazi dünyanın bir çox ölkələrini bir-biri ilə əlaqələndirir.
Prezident: Beləliklə, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur.
Bildiyiniz kimi, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul etmişdir. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır. Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır. Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik, nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb.
Naxçıvana iki yol gedəcək
Dövlətimizin başçısı Zəngəzur dəhlizi ilə bağlı o qədər müfəssəl məlumat verdi ki, burada bəlkə də hər kəsin bilmədiyi məsələlər hamıya gün kimi aydın oldu. Beləliklə, Naxçıvana gələcəkdə iki yol gedəcək. Bu barədə cənab Prezident: Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.
Naxçıvan hər bir qonşu dövlət üçün faydalıdır
Təbii ki, Naxçıvanın inkişafına çox ehtiyac var. Çünki o, Zəngəzur dəhlizinin mühüm əhəmiyyətidir. Ona görə də bölgənini hərtərəfli inkişafı vacibdir. Yəni, Naxçıvan illərdir ki, dövlətimizin başçısının diqqət mərkəzindədir. Naxçıvanın inkişafl ilə bağlı imzalanan sənədlər, qəbul edilən Dövlət Proqramları bunu deməyə əsas verir. Ümumilikdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin arzularının diyarıdır. Ulu Öndərin Naxçıvanla bağlı görmək istədiyi çox məqamlar var idi ki, bunlar ardıcıl şəkildə həyata keçirilir.
Naxçıvan Zəngəzur dəhlizinin mühüm hissəsi olduğu, gələcəkdə tranzit rolunu oynayacağı üçünsə, hərtərəfli inkişafı daha çox haqq edir. Bu barədə Prezident İlham Əliyevin fikirləri də hər birimiz üçün maraqlı oldu: Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər.
Bəli, Zənzəur dəhlizinin açılması region dövlətlər və bir çox dünya dövlətləri üçün iqtisadi güc, yeni həyat deməkdir. Odur ki, xarici investorlar da bu sahəyə sərmayə qoymağa maraqlı olsunlar. Çünki söhbət dünya əhəmiyyətli bir dəhlizdən gedir. Və düşünəndə ki, Naxçıvan kiçik bir ərazidir, lakin Zəngəzur dəhlizində böyük əhəmiyyətə malikdir, bu dəfə xarici investorlar da, yerli sahibkarlar da iki dəfə fikirləşməlidirlər: bu gün yatırılan, qoyulan sərmayə sabah ikiqat qazanc deməkdir.
Mətanət Məmmədova
P.S. Və Naxçıvanın yaxın gələcəyini düşündükcə, ürəyimə böyük bir qürur hissi dolur. Çünki onun 35 ildən çox olan blokadasının canlı şahidi və araşdırmaçısıyam.